Ən çox ağrıdan məhz budur: QƏDDARLIQ!!! Featured

 

Varis, “Ədəbiyyat və incəsənət”

 

“Həqiqətdə gözəllik çoxdur. Hətta o, dəhşətli gözəllik olsa belə!”

                                                                                       Con Steynbek

 

Əvvəl gümanlar, şübhələr gələr, baş verən hadisənin mahiyyəti sənə aydın olmadıqca bu gümanlar, şübhələr səni elədən-elə, belədən-belə sürükləyər, dumana düşmüş, yolunu-rizini görməsi məhdudlaşmış yolçunun gününə düşərsən, “bəlkələr”, “görəsənlər”, “yəqinlər”dən qopa bilməzsən.

Ömürlük bu dumanda da qalmaq olar. Amma bu dumanın dağılması, səni həqiqətlə baş-başa qoyması da mümkün ola bilər...

 

Rusiya müharibə edən bir ölkədir, onun səması təhlükəlidir, bir səmada ki, Ukrayna dronları ilə Rusiya hava hücumundan müdafiə qurğuları amansız mübarizə aparır, bizim sərnişin təyyarəmiz orada olmamalıdır. Olursa, demək, bu bizim qərarsızlığımızdır.

Hətta bu boyda olaydan sonra bu səhər AZAL-ın yenidən Şimali Qafqaza – bu dəfə Minvoda təyyarə uçurması və təyyarənin səma müharibəsi səbəbindən uçuşu dayandırıb geri dönməsi xəbərini almışıq.

Bu qədər məsuliyyətsizliyə bizə sadəcə təəccüblənmək qalır.

Bunu qoyaq bir kənara.

Təyyarəmizin rus raketi ilə səhvən vurulmasını müharibənin və öz yanlışlığımızın  ayağına yazıb anlayışla qarşılayırıq. Həqiqətən də burada alternativ fikir yaymağa əsas yoxdur. Qəsdən niyə vursunlar ki?

 Bunu da qoyduq bir kənara.

Amma bu dünyada bir insanlıq, bir təəssübkeşlik, humanizm deyilən nəsnə var. Sən içində uşaqlar, qadınlar, qocalar da olan, dinc sakinlərdən ibarət təyyarəni səhvən vurduqdan sonra səhvini düzəltməyə cəhd etmək əvəzinə, yaxın ətrafda sənin ölkənin 12 aeroportu olduğu halda ölüm təhlükəsinə uğratdığın ekipajı və sərnişinləri bu aeroportların heç birinə enməyə qoymursan, törətdiyin cinayətin izlərini itirmək, məsuliyyətdən qaçmaq üçün onları Xəzərin üzərindən qonşu dövlətin aeroportuna yönləndirirsən. Əminsən ki, sıradan çıxmaqda olan təyyarə gedib ora çıxmayacaq, dənizdə qərq olaraq öz sirrini – qara qutusunu da əbədi olaraq suların qoynunda gizlədəcək. Və sənin cinayətinin izi itəcək.

Ən ağrılısı bax budur.

Və nəticənin onların düşündükləri kimi olmaq ehtimalı bəlkə də yüzdə doxsan doqquz idi.

Və nə yaxşı ki, o doxsan doqquz işləmədi, o bir işlədi, hamı məhv olmadı, ilkin məlumata görə 32 xilas edilən də oldu. Və bizlər də “duman səbəbindən idarəetməni itirərək”, yaxud “quş hücumuna məruz qalaraq” məhv olduğuna inandırılacağımız, AZAL-a məxsus, göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olan, dekabr ayının 25-də səhər saatlarında J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embrarer 190” təyyarəsi barədə əsl həqiqəti bilmiş olduq.

Bu şəklini paylaşdığım ay üzlü, yaraşıqlı oğlan uşağı da həlak olanların sırasındadır. 13 yaşlı Məhəmməd Fərid oğlu Eqanov. Bakının Xətai rayonunda yaşayırdı, 27 nömrəli tam orta məktəbin 8-ci sinfində təhsil alırdı. Gülərüz, şən, həyat eşqi ilə dopdolu bir yeniyetmə idi. Ölüm anında simasına qonmuş qorxunun, dəhşətin cizgilərini təsəvvür edə bildinizmi? Daim şən olan adamlar, heç bilirsinizmi, ölümü daha həssas, daha ağrılı qarşılayırlar?

Yenə onlara səslənirəm: Nə qədər ki sağsınız, bu uşağın ahı sizi tutacaq, lənətlənmiş halda yaşayacaqsınız.

Zira, bu dünyada heç bir güclər haqsızlara və ədalətsizlərə üstün gələ bilməyəndə, bu dünyada ən böyük cinayətlər belə cəzasız qalanda sonda ən ali bir güc – Allah öz qisasını mütləq almış olur.

Necə ki, Qurani – Kərimin “Nisa” surəsinin 92-ci ayəsində bəyan edilir: “Heç kimə kimsəni öldürmək yaraşmaz. Öldürdüsə, bağışlanmadığı təqdirdə qanbahası verməlidir”.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.