Qulaqlarımda hələ də Hökümə xanımın səsi var, “Hər şey yaxşı olacaq” Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

2024-ün bitməsinə saylı günlər qalıb, hər kəsin yeni ildən hər il arzuladığı ortaq bir diləyi var, əmin-amanlıq. Gəl gör ki, yer kürəsində fəlakətlərin hələ də ardı-arxası kəsilmir. 

 

Artıq 3 gündür ölkəmiz dərin yasa bürünüb. Biz yenə vətənimizin övladlarını, körpələrin ata-analarını torpağa verdik. Biz yenə gözümüzü qorxaraq, hüzünlə, üzünü belə heç görmədiyimiz insanlara ağlayaraq başımızı yastığa qoyduq. 

Deyəsən, dünyanın qanunu məhz budur. İnsan olmağın təməlidir fəlakətə məruz qalmaq və fəlakətə məruz qalanlara 3gün ağlayıb sonra unutmaq...

Düşünün ki, öz canınızı düşünməyi buraxmalısınız, çünki heç tanımadığınız onlarla insan sizə əmanətdir. Baxın pilotlarımız tam olaraq bunu etdi. Özlərini unutdu. Bütün yükü çiyinlərinizə alırsınız, həlak olursunuz, hətta mən deyərdim ki, o qəhrəman pilotlara da, digər ekipaj üzvlərinə də şəhid adı verilməlidir. Adam dəhşətə gəlir. Videonu izləyəndə elə bil oradaymış kimi o qorxunu özüm də yaşadım. Biraz daha o hissə qapılaraq özümü pilotların yerinə qoydum. Baş pilotumuz İqor təyyarənin sərnişinlər olan qismi daha az zərər görsün deyə ağırlığı ön tərəfə verir. Hətta iddialara görə onun havada dövrələr vurma səbəbi də məhz benzini boşaldıb daha az zərərə məruz qalmaq idi. Mən o qədər cəsur, belə bir vəziyyətdə bu qədər ağıllı ola bilərdim? Bəlkə də yox. 

Qulaqlarımda hələ də o məğrur qadının, Hökümə xanımın səsi var. "Hər şey yaxşı olacaq."

Onlar üçün hər şey yaxşı olmadı. Vətənimizin evladları yenə başqalarının torpaq davasına qurban getdi. Bizim üçün isə hələ gələcək, sabah, bir neçə saat sonrası belə müəmmadır. Həyatımız bu qədər bir ip üstündə kimi irəliləyərkən insanlıq olaraq, cəmiyyət olaraq, məncə, ciddi mənada özümüzü, qəlbimizi, fikirlərimizi belə sükana salmalıyıq. İşimizi, peşəmizi, insanlıq vəzifəmizi layiqincə yerinə yetirməliyik.  Yetirməliyik ki, arxamızca bizi bu qədər hörmətlə, minnətlə ansınlar.

Vaxt var idi nənələrimiz, babalarımız bizə deyərdi ki, siz nə görmüsünüz ki? Bizim vaxtımızda filan çətinliklər var idi, müharibələr, fəlakətlər. Onlar bizi çox bəxtəvər sandılar. Artıq biz də onlara deyə bilərik ki, biz bu yaşımızda hər cür ağrını, itkini daddıq, hər fəlakətlə üzləşdik.

Biz nə qədər danışsaq da, acımızı nə qədər ifadə etmək istəsək də mənası yoxdur. Olan o canlara və geridə qoyduqları can dediklərinə oldu. Allahdan rəhmət, şifa və səbr diləyirəm. Həm bu travmanı yaşayanlara, həm də yaxınlarına!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.