Müstəqilliyin sütunu Featured

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

    1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən gündən öz azad fikirləri ilə seçilən Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyi dövründə (1969-1982) ölkəmizin gələcək müstəqilliyi naminə misilsiz xidmətlər göstərib. O, reallığa dayanan faktlardan, “rüşvətxorluq kimi son dərəcə qorxulu vəzifə cinayətindən” açıq danışırdı. “Kölgə iqtisadiyyatı” dövlətin daxilində özünə elə yer etmişdi ki, sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələri xüsusi mülkiyyət kimi istismar olunurdu, inzibati orqanların bəzi rəhbərləri isə bu cür faktlara liberal münasibət göstərir, çox zaman bu və ya digər pozuntunu partiya prinsipiallığı ilə pisləmək əvəzinə “vəzifənin şərəfini qorumaq”, günahkar işçini təmizə çıxarmaq barədə düşünürdülər. Ayrı-ayrı partiya komitələri kadrların seçilməsi və yerləşdirilməsi prinsiplərinin kobudcasına pozulması hallarına göz yumur, bəzi rəhbər işçilərin şəxsi sədaqət, yerliçilik, qohumluq əlamətlərinə və ya dostluq münasibətlərinə görə adamları məsul vəzifələrə təyin etmək cəhdlərinin qarşısını almır, öz vəzifələrinin öhdəsindən gələ bilməyən işçilərin bir nomenklatura vəzifəsindən digərinə təyin edilməsi hallarına qarşı mübarizə aparmırdılar. Vəzifəli şəxslər tərəfindən elmi dərəcə almaqla öz vəzifə kürsülərində daha da möhkəmlənmək və irəli çəkilmək naminə dissertasiyaların yazılmasına nəzər yetirən dahi lider vurğulayırdı ki, bu işlərin çoxu nə elmi, nə də ki praktiki əhəmiyyət kəsb edir. Dissertasiyaların çoxu şəxsi maraq müqabilində yazılır və bütün bunlar elmin inkişafına, savadlı və layiqli kadr potensialının formalaşmasına mənfi təsir göstərir.    

    Sovet İKP MK-nın Baş Katibi L.İ. Brejnevdən fərqli olaraq dahi şəxsiyyət Heydər Əliyev 70-ci illərdə kadrları, ilk növbədə, iş keyfiyyətlərinə, istedad və qabiliyyətlərinə görə seçirdi. Onun üçün irəli çəkdiyi adamın hansı regiondan olmasının qətiyyən əhəmiyyəti yox idi. Əksinə, müasirlərinin dediyinə görə, Ulu Öndər onları müxtəlif partiya-təsərrüfat sahələrinə, respublikanın müxtəlif regionlarına “atmağa” üstünlük verirdi. Bu, 1970-ci il martın 20-də Sovet İKP MK-nın plenumunda zəhmətkeşlərin qayğılarına diqqətsizlik göstərildiyinə, partiya kadrlarının düzgün seçilib yerləşdirilmədiyinə, vəzifə mövqelərindən sui-istifadə edən, qeyri-qanuni varlanan, dövlət mülkiyyətini talan edən kommunistlərə liberal münasibətinə görə Bakı Sovet İcraiyyə Komitəsinin rəhbərlərini, rayon komitələrinin birinci katiblərini tənqidə məruz qoydu.

    1971-ci il fevralın 5-də 40-cı Bakı şəhər partiya konfransında çıxış edən dahi lider sənaye və nəqliyyat, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində dirçəlişdən söz açaraq bildirirdi ki, 1970-ci ildə sənayedə bütün müharibədən əvvəlki beşilliklərdən iki dəfə artıq məhsul istehsal edilib. Həmçinin SSRİ tarixində ən yüksək taxıl və pambıq məhsulu yetişdirilib. Mütəxəssislərin hazırlanmasında respublikanın nailiyyətləri xaricdə qiymətləndirilir, 36 ölkənin nümayəndəsi olan 840-dan artıq oğlan və qız Azərbaycanın ali məktəblərində təhsil almağa başlayırdı.    

1972-ci il kənd təsərrüfatı sahəsində məhsuldarlıq ilə yadda qalmışdır. Əvvəlki ilin planına nəzərən 322 min tona qarşı 380 min tondan çox pambıq, 130 min tona qarşı 168 min ton buğda təhvil verilmiş, tütün məhsuldarlığına görə respublika ölkədə birinci yerə çıxmışdır. Dahi rəhbər Bakını yaşıl şəhərə çevirməyə çalışmış və həmin il təməli qoyulan Xalqlar dostluğu parkının terraslarında 40 minə yaxın yaşılyarpaqlı və meyvə ağaclarının əkilməsinin təşəbbüskarı olmuşdur.

1973-cü ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı və ideoloji tərbiyə işinə həsr olunmuş bütün plenum və partiya aktivlərində görkəmli dövlət xadimi Heydər Əliyev rus dilinin tədrisinin yaxşılaşdırılmasının vacibliyindən danışırdı. Dahi rəhbərin qarşısında duran ən böyük çətinlik həm də onda idi ki, partiya fəalları və bir çox üzvü liderin ideyalarının aktuallığını və gərəkliliyini dərk edib dəstəkləsələr də, onları mütəşəkkilliklə həll etmək iqtidarında deyildilər. Ona görə də yeni təfəkkürlü, yüksək məsuliyyətli, qətiyyətlə qayda-qanun yarada bilən kadrlara böyük ehtiyac var idi. 

1974-cü il iyul ayının 12-də Sovet İKP MK-nın Qurultayındakı çıxışı zamanı Ulu Öndər Heydər Əliyev deyirdi ki, problemi təkcə güc və repressiya tədbirləri ilə həll etmək mümkün deyil. Ona görə də O, Ticarət Nazirliyindən, Azərittifaqdan, Məişət Xidməti Nazirliyindən köhnə qaydada işləməyə son qoymağı, bazarın dəyişən konyukturası strukturunu günün tələblərinə uyğun qurmaq, paralellik və təkrarlamalara son qoymağı tələb edirdi. “Respublikada mütərəqqi ticarət forma və metodlarının tətbiq olunmasına dair” Qanun qəbul edildikdən sonra görkəmli dövlət xadimi Heydər Əliyev, özünəxidmət mağazalarının sayının artırılmasına, çəkilib qablaşdırılan məhsulların çoxaldılmasına, yarımfabrikat satışın kifayət qədər genişləndirilməsinə və qabaqcadan edilmiş sifarişlə məhsulun evə çatdırılması xidmətinin təmin olunması tələblərini daha da ciddiləşdirdi.

1975-ci ildə respublikada milli gəlir 5,34 milyard manat olmuş və 1970-ci ildəkinə nisbətən 1,32 milyard manat, yaxud 39 faiz artmış, ortaaylıq əməkhaqqı 109,6 manatdan 125 manata qalxmışdır. Bu il ərzində 130 milyon manatdan çox kapital qoyuluşu mənimsənilmiş, istehsalat və digər obyektlər 155 min kvadratmetr sahəni əhatə etmişdir. 4 min vahid mürəkkəb texnoloji və mühəndis avadanlıqları quraşdırılmış, avtomatlaşdırılmış konveyer xətlərinin ümumi uzunluğu 9 kilometr təşkil etmiş, min kilometrə qədər boru və kabel xətti çəkilmişdir.

    Ulu Öndərimiz hələ o zaman Azərbaycan qadınının ictimai istehsala cəlb olunmasına xüsusi diqqət ayırırdı. O, partiya təşkilatlarını qadınları az irəli çəkdiklərinə görə tənqid edirdi. Həmin dövrdə qadınlar 18 kolxoza və 8 sovxoza rəhbərlik edirdilər, ümumilikdə isə onlar rəhbər kadrların 16,6 faizini təşkil edirdilər. Ancaq dahi şəxsiyyət Heydər Əliyev bu vəziyyətdən narazı idi.

1976-cı ildə ölkə tarixində ən yüksək taxıl məhsulu (1 milyon 184 min ton) əldə edilmişdir ki, bu da IX beşilliyin ortaillik səviyyəsindən 43 faiz çox idi. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq Azərbaycanda xalq təsərrüfatının inkişafına dair beşillik plan bütün əsas göstəricilər üzrə həm də vaxtından əvvəl yerinə yetirilmişdir. Respublikada maşınqayırmanın yeni, mütərəqqi sahələri – elektron, radio sənayesi sahələri, yüngül sənaye və yeyinti məhsulları sənayesi üçün maşınqayırma sahəsi və sair sahələr meydana gəlmişdir. Əmək məsrəfi və məhsulun maya dəyəri nəzərəçarpacaq dərəcədə azalmışdır ki, bu da təsərrüfatların rentabelliyini yüksəltməyə imkan vermişdir. Kolxozların xalis gəliri 81 faiz, sovxozların mənfəəti 82,7 faiz artmışdır. Zərərlə işləyən kolxoz və sovxozların sayı xeyli azalmışdır. Neft hesabı ilə üst-üstə neft və qaz çıxarılması 1975-ci ildə 27,1 milyon ton olmuşdur ki, bu da respublikada 1941-ci ildəki ən yüksək hasilatdan bir milyon ton çox idi.    1977-ci ildə ölkənin milli gəliri 380 milyard manat təşkil edirdi. Sənaye məhsulu satışının həcmi üzrə illik plan artıqlaması ilə yerinə yetirilirdi. Plandan əlavə 6 milyard manatdan çox məhsul satılmış, ölkə tarixində ən yüksək taxıl məhsulu əldə edilmiş (224 milyon), 250-yə yaxın yeni iri dövlət müəssisəsi işə düşmüş, 2 milyon 200 min mənzil və şəxsi ev tikilmiş, nəticədə, 11 milyon nəfərin yaşayış şəraiti yaxşılaşdırılmışdır.

Həmin illərdə ali təhsilin də inkişafı diqqətdə saxlanılmış, beş yeni ali məktəb yaradılmışdır. Pedaqoji institutun filialları bazası əsasında Naxçıvan və Xankəndi müstəqil pedaqoji institutları, Çingiz İldırım adına Politexnik İnstitutunun İnşaat və Memarlıq fakültələrinin bazasında İnşaat Mühəndisləri İnstitutu, Mirzə Fətəli Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu fəaliyyət göstərir, yeni orta ixtisas məktəbləri açılırdı. Respublika sənayesinin strukturunda baş vermiş dəyişikliklərlə əlaqədar ali məktəblərdə 29 yeni fakültə, 76 kafedra, çoxlu müasir problem laboratoriyaları yaradılmışdır. 1977-ci ildə respublikada 526 kafedrası və 134 fakültəsi olan 16 ali məktəbdə 100 mindən çox oğlan və qız təhsil alırdı.

 Dahi rəhbər Heydər Əliyev azərbaycanlı gənclər sırasından zabit kadrların hazırlanmasına xüsusi diqqət yetirir, məhz ona görə də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış internat məktəbinə xüsusi önəm verirdi. 1972-1977-ci illərdə ali hərbi təhsil müəssisələrinə daxil olan azərbaycanlıların sayı bütün əvvəlki illərdən üç dəfə çox olmuş və yalnız 1977-ci ildə bu ali hərbi məktəblərə 150 azərbaycanlı qəbul olunmuşdur. Görkəmli dövlət xadimi 1978-ci ildə ümumxalq müzakirəsində verilmiş təklifləri nəzərə alaraq “Azərbaycan SSR-in milli dövlət və inzibati-ərazi quruluşu” bölməsinə dil haqqında xüsusi maddə əlavə edərək, yəni 73-cü maddəni aşağıdakı şəkildə redaktə etməyi təklif edirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi, təxminən, 2 milyard manat təşkil edirdi ki, bu da 1980-ci il üçün planlaşdırılmış səviyyə idi. 1 milyon 169 min ton buğda, 598 min ton çiyidli pambıq, 932 min ton üzüm, 872 min ton tərəvəz, 234 min ton meyvə yığıldı.   

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatda uzun sürən geriliyin qarşısı alınır, artım tempi sürətləndirilir, ictimai əməyin səmərəliliyi yüksəldilir, adambaşına düşən milli gəlirə görə respublikada ittifaq səviyyəsində gerilik azaldılırdı. 1979-cu ildə respublikanın milli gəliri tapşırıq üzrə olan 22 faizə qarşı artaraq 32,5 faiz – 1,7 milyard manat təşkil edirdi.

    Təcrübə göstərir ki, aşkarlıq idarəetmə orqanlarının işinin məhsuldar olması, tərbiyənin səmərəliliyinin, demokratiyanın təkmilləşdirilməsinin, köhnəliyin qalıqları ilə mübarizənin ən təsirli vasitələrindən biridir. Kütlələr partiya təşkilatının prinsipial xətti ilə tanış olduqda, onun xalqdan heç nəyi gizlətmədiyini görəndə bu onların sosial fəallığının artmasına kömək edir. Dahi şəxsiyyət Heydər Əliyevin də “parlaq və miqyaslı”, “təsirli”, “yaxşı düşünülmüş və əsaslandırılmış”, “fikir etibarilə və problemi işıqlandırmaq baxımından yeni” çıxışları bütün xalq arasında sevilir və rəğbətlə qarşılanırdı.

1980-ci ildə kənd əməkçiləri məhsul istehsalı və tədarükündə Azərbaycan tarixində ən yüksək göstəricilərə nail oldular. Respublikanın dərc olunmuş raportunda öz əksini tapmış rəqəmlər fantastik görünsə də, real gerçəklik idi. 1961-1971-ci illər ərzində respublikada adambaşına düşən milli gəlir 130 manat – ölkə üzrə ümumi göstəricidən üç dəfə az idi. 1971-1978-ci illərdə hər il bu göstərici 7,1 faiz, orta ölkə göstəricisindən 1,6 vahid çox olurdu. Onuncu beşilliyin 4 ili ərzində bu göstərici planda nəzərdə tutulan 22 faiz əvəzinə 32,5 faiz artdı. 1980-ci il planının yerinə yetirilməsi nəzərə alınmaqla adambaşına düşən milli gəlir 1200 manat təşkil edirdi. Bu da 1960-1970-ci illərdə olduğundan 3,5 dəfə çox idi.

    Ümummilli Liderimizin dahiliyi ölkəmizin gələcək müstəqil dövlət kimi iqtisadi bazasını hələ ötən əsrin 70-80-ci illərində formalaşdırmaqla tamamlanmır. Bu böyük şəxsiyyətin dahiliyi həm də gələcək müstəqilliyimizin siyasi-ideoloji əsaslarını yaratmaq, müstəqil milli siyasət formalaşdırmaq olub. Görkəmli siyasi xadim Heydər Əliyev 1981-ci ildə Azərbaycan yazıçılarının VII Qurultayında çıxış edərək bildirirdi ki, Nizami və Füzulinin, Xaqani və Nəsiminin, Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyov və Məmməd Səid Ordubadinin, Mirzə Şəfi Vazehin Vətəni öz müasir yazıçı və şairlərindən parlaq tarixi əsərlər, Azərbaycan tarixi, mədəniyyəti və elminin böyük xadimlərinin qalereyasının yaradılmasını gözləyir. Yazıçı sənəti salnaməçi missiyasına yaxındır. Dahi şəxsiyyət şair və yazıçılarımıza müraciətdə onları ilhamlandıraraq deyirdi ki, qoy bu yolda hər bir qələm sahibimizi özünün ölməz “Vaqif” dramında böyük Azərbaycan şairinin tarixi obrazını yaratmış, o dövrün sosial-siyasi həyatının mənzərəsini heyrətamiz dəqiqliklə göstərmiş Səməd Vurğunun yaradıcılıq nümunəsi ilhamlandırsın.

    Ümummilli Lider Heydər Əliyevin həmin qurultaydakı nitqində Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu. O bildirirdi: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyir. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.

 1981-ci ildə Ulu Öndər Heydər Əliyev dünyaşöhrətli Norveç alimi və səyyahı Tur Heyerdalı qəbul edərkən o demişdi ki, müxtəlif ölkələrdə olub, lakin heç də hər yerdə Azərbaycandakı kimi dövlətin elmin inkişafında bu qədər maraqlı olmasını görməyib. O, yüksək inkişaf etmiş qədim sivilizasiyanın izləri saxlanılmış Qobustan qayaüstü yazılarının qorunması, dərin, yüksəkixtisaslı tədqiqat obyektinə çevrilməsi üçün necə böyük işlər görüldüyünü müşahidə etdiyini məmnunluqla vurğulayıb. 1982-ci il yanvarın 15-də dahi şəxsiyyət Heydər Əliyevin ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir heyətlə Şuşada, böyük Azərbaycan şairi Vaqifin abidəsinin açılışında iştirak etməsi faktı da dünyaca məşhur alim və səyyahın da qeyd etdiyi kimi, hələ sovetlər dövründə ölkəmizdə Ümummilli Liderin böyük siyasi uzaqgörənliklə milli mədəni irsimizə dövlət səviyyəsində yüksək qayğı göstərilməsinin daha bir təsdiqidir. 

    Ulu Öndər Heydər Əliyev gələcəkdə müstəqil Azərbaycanın yerli kadr potensialına, hərtərəfli, peşəkar mütəxəssislərə yaranacaq tələbatı da əvvəlcədən görür, buna görə də hələ ötən əsrin 70-80-ci illərində təhsillə ciddi maraqlanır, ali təhsil ocaqlarının rektor və prorektorlarını vəzifələrindən sui-istifadə etdikləri, proteksionizmə və rüşvətxorluğa yol verdikləri üçün ciddi tənqid edirdi. Dahi rəhbər işçinin mühüm mənəvi keyfiyyətlərini sadalayaraq deyirdi: “Təkcə başqalarını düzgün və obyektiv tənqid etmək yox, eyni zamanda qüvvə və cəsarət tapıb öz işini və hərəkətlərini də tənqidi təhlil edib qiymətləndirmək, ümumiyyətlə, öz işinə tənqidi yanaşmaq vacibdir. Tutduğu vəzifə nə qədər yüksəkdirsə, vəzifəli şəxs öz fəaliyyətinə, iş yerində məişətdə davranışına bir o qədər məsuliyyətlə yanaşmalı, qazandığı nailiyyətlərdən arxayınlaşmamalıdır. Vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına qarşı amansız mübarizə də işin mühüm amilidir. Yalnız bu yolla insanlara rəhbərlik etmək, onları tərbiyə etmək, bu və ya digər sahəyə başçılıq etmək üçün mənəvi ixtiyar qazanılır”.

    Ümumiyyətlə, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-1982-ci illərdə KP MK-nın birinci katibi olduğu dövrdə Azərbaycan iqtisadiyyatının, elm və mədəniyyətinin sürətli inkişafı, ölkəmizin nüfuz və şöhrətinin yüksəlişi ilə səciyyələnən tarixi mərhələdir. Dahi şəxsiyyət Sovet İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də siyasi fəaliyyətini ölkəmizin gələcək tərəqqi və rifahına, müstəqilliyə hazırlanma prosesinə həsr edib. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilərkən və sonrakı mərhələdə – bu müstəqilliyin bünövrəsi əbədi olaraq möhkəmləndirilərkən Ulu Öndərimizin bu misilsiz xidmətlərinin bəhrəsini görmüş və bu gün də görməkdədir. Azərbaycan Heydər Əliyev siyasi ideyalarını rəhbər tutaraq inamla gələcəyə doğru inkişaf yolu ilə irəliləyərkən müstəqilliyin sütununun əziz xatirəsini hər zaman böyük ehtiram və minnətdarlıqla anacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.