Sumqayıt şəhərində mədəniyyət forumu keçiriləcək

 

Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin mədəniyyət mərkəzlərinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng olmağında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm regionlarda müxtəlif tədbirlər həyata keçirməkdədir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, növbəti belə tədbir gənclik şəhəri Sumqayıtda baş tutacaq. 

Son dövrlərdə Sumqayıt şəhərinin mədəni həyatında bir canlanma hiss olunur, bu sahədə kreativlik, yeni yanaşma tərzi öz sözünü deməkdədir. Pandemiyanın məhdudiyyətləri şəraitində yaranmış çətinliklərə baxmayaraq mədəniyyət sahəsi inkişafdan qalmır, teatr premyeraları, kitab yarmarkaları, rəsm sərgiləri, müxtəlif prezentasiyalar, müsabiqələr, virtual platformalarda forum və müzakirələr keçirilir, sosial mediada tanınmış sumqayıtlılar barədə tanıtım çarxları çəkilib nümayiş etdirilir. Hətta bu arada şəhərdə yeni kukla teatrı da yaranıb. 

Daha nələr etmək olar ki, sumqayıtlıların, xüsusən şəhər gənclərinin asudə vaxtları dəyərli keçsin, onların mədəni səviyyəsi yüksək qalsın? 

Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli” mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin  iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək. 

Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olacaq. 

Sabah bugünkündən bir addım öndə olmaq - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəaliyyət prinsipini qısaca olaraq bu postulatla ifadə etmək olar. Sumqayıt mədəniyyət forumu da bu prinsipin daha bir təzahürüdür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.