QARA KABUS - Cavidi, Moneni, Dümanı, Motsartı aparan gün Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri  diqqətinizə çatdırırıq.

 

Ümumdünya yerin təki günü

6 qatdan ibarət olan, sualtı sular üçün filtr rolunu oynayan yerin təki özündə 45 faiz mineral hissəcik, 25 faiz su, 25 faiz hava və 5 fazi üzvü maddələr daşıyır. Ekosistemin qorunmasında əhəmiyyətli rol oynayan bu qat bitkilər aləminin həyat mənbəyi hesab edilir. Yerin təkinin qorunması vacibdir, bu gün insanlara xilaskarlıq missiyası tapşırılacaq.

 

Şəhid daxili işlər naziri Məhəmməd Əsədovun doğum günü

1991-ci il noyabr ayının 20-də Azərbaycanın dövlət xadimləri öz vəzifə və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçarkən Qarakənd səmasında dəhşətli, yaddaşlardan silin­məyən qanlı vertolyot faciəsi baş verdi. Sanki hansısa xəyanətkarlıqla vertolyota doldurulub erməni terrorçularına yem olaraq göndərilən şəxslərin hamısı müstəqilliyimizin qatı tərəfdarları, vətənpətrvərlər idi. Xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə şəhid olan bu şəxslərin arasında daxili işlər naziri Məhəmməd Nəbi oğlu Əsədov da var idi.

Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Uzun illər partiya-sovet işlərində çalışıb, 1982-ci ildə Moskva Təhlükəsizlik Akademiyasını qırmızı diplomla başa vurub, Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifələr daşıyıb. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib, nazir işlədiyi müddətdə vaxtının çoxunu Qarabağ bölgəsində keçirib, əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyib. 1990-cı il noyabr ayının 5-də general-mayor rütbəsini alıb. Allah ona rəhmət eləsin!

 

Beynəlxalq Könüllülər Günü

BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu, öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır. Bu təqvim günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.

Ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb, bu faktdır. Hətta Prezident İlham Əliyev 2020-ci ili respublikamızda “Könüllülər ili” elan etmişdi. Avropa oyunları, Formula 1 kimi idman yarışlarında, COP29-da, beynəlxalq forumlarda böyük vüsət almış mövsümi könüllülük hərəkatı “Asan könüllüləri” qismində daimi status da qazanıb. Azərbaycan könüllülərini – fədakar gənclərimizi təbrik edirik.

 

Mandelanı, Cavidi, Moneni, Dümanı, Motsartı aparan gün

Vanna günü. Duş sevənlər ən azı bu gün vərdişlərini dəyişməlidirlər. Nindzya günü. Bu Şərq sənətini bir gün mənimsəmək pis olmazdı. Fransada əfvetmə, Niderlandda Klozum (keşiş), Avstriyada Krampus (cadugər) və Amerikada komfortla yemək günü.

2017-ci ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi dopinq istifadəsinə görə Rusiya qış olimpiya yığmasını 2018-ci il oyunlarından kənarlaşdırıb. 2013-də Nobel mükafatçısı, CAR-ın prezidenti olmuş Nelson Mandela vəfat edib. 1966-cı ildə məşhur fransız müğənnisi Patrisiya Kaas doğulub. 1949-cu ildə Qüds İsrailin ilk paytaxtı elan olunub. 1946-cl ildə məşhur ispaniyalı tenor Xose Karreras doğulub. 1941-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri – Stalin repressiyasının qurbanı Hüseyn Cavid İrkutsk həbsxanasında işıqlı dünyaya əlvida deyib. 1940-cı ildə Azərbaycan teatr və kinosunun unudulmaz aktyoru Ağasadıq Gəraybəyli vəfat edib. 1936-cı ildə Qazaxıstan və Qırğızıstan SSRİ tərkibində müxtar respublikadan ittifaq respublikasına keçiblər. Həmin gün SSRİ-də Stalin Konstitusiyası da qəbul edilib.

Rəssamlığın ən cazibədar cərəyanı impressionism hesab edilir. 1926-cı ildə məşhur fransız rəssamı, impressionizmin banisi Klod Mone dünyadan köçüb. 1925-ci ildə SSRİ-nin ilk kult filmi olan “Potyomkin zirehli gəmisi” ekranlaşdırılıb. 1924-cü ildə Azərbaycan kinosunun incisi sayılan “Şərikli çörək” filminin rejissoru Şamil Mahmudbəyov dünyaya gəlib. 1901-ci ildə adı uşaqların dillərində əzbər olan Amerika rəssamı Uolt Disney doğulub. 1879-cu ildə ABŞ-da ilk ATS yaradılıb. 1870-ci ildə Aleksandr Düma – dünyaşöhrətli fransız, Quba hamamında çimib çimmək günah sayılan avropalıları bədbəxt adlandıran dahi yazıçı dünyadan köçüb. 1803-cü ildə rus şairi Fyodor Tütçev doğulub. 1791-ci ildə başqa bir dünyaşöhrətli şəxs – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart dünyadan köçüb. 1766-cı ildə dənizçi Ceyms Kristi Londonda ilk auksion keçirib, yeri gəlmişkən, indi Kristis dünyanın ən məşhur auksionudur. 1496-cı ildə Portuqaliya kralı Manuel yəhudilərin ölkədən qovulması barədə fərman imzalayıb.

 

İnkvizisiya tonqalları

Ən nəhayət, 1484-cü ilin 5 dekabrında Roma Papası əcinnə ovuna çıxanlara inkvizisiya tonqallarını daha gur yandırmağı əmr edib. Hardasa bizlərin 37-ci il repressiyasına bənzər bir azadfikirliliyin təqibi və cəzalandırılması ən işıqlı insanların məhvi ilə sonuclanıb. Bəlkə də tale işidir ki, repressiya qurbanı Hüseyn Cavid də məhz 5 dekabrda dünyadan köçüb.

Çox təəssüf ki, əsrlər ötsə belə cəmiyyətlər yenə də azad ola bilməyiblər. İnkvizisiya tonqallarına insanlar cismən atılırdısa indi mənən atılır, repressiya edamlarına insanların cisimləri tuş gəlirdisə, indi mənəviyyatları tuş gəlir. Hər şeyin düzələcəyi ümidi ilə!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.