Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Qonaqlı-qaralı bu ünvana yenə də insanlar axışırdı, burada keçiriləcək növbəti tədbirdə
İştiraka tələsirdilər.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında bu gün Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimat mərasimi idi.
Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edirdi.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan etdi. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışdı, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdikləri qəhrəmanlıqlara diqqət çəkdi.
Cəlil Xəlilov qeyd etdi ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək.
Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundan əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirən polkovnik buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü izhar etdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışdı, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirdi.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirdilər.
Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olundu, xatirə şəkli çəkildi.
Beləcə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daha bir tədbiri uğurla başa çatdı.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)