Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Öz şöhrəti heykəlinə dəmir əridən, Vətən üçün can əridən, ömür əridən, bir daşa da minnət qoyub, pay ummayan, Araz boyda meh olan, ölə-ölə yazmayıb, yaza-yaza ölən Məmməd Arazdan yazıram!
Öz daşlaşmış obrazının baş qəhrəmanı, düşündüklərini, yaşadıqlarını saralmış səhifələrə köçürən, bir Məmməd Araz keçsə də, o, qəlbimizin eşq adasında daim yaşayır. Hər fəsil dəyişdikcə, Günəş batdıqca, Ay çıxdıqca ədəbiyyatımızdan boylanır, anır, yenidən anılır. Ömrü boyu nə şöhrət, nə də şan axtardı. Dünyanın mənliyini, sənliyini və heç kimliyini öz misraları ilə əbədi susdurdu. Bu həqiqət gecə susdurulsa, gündüz, gündüz susdurulsa, gecə oldu.
Özü kimi oxucularıda kasıb olan şair, təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında oxucu ürəyinin ən dərin qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət var. O, nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvədir. Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi, həlimliyi və qəlb oxşarlığı daha aydın görünür. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi, üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı.
Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. Yaşadığı hər gün üçün can əritdi, ömür əritdi.
İstəyirəm yatım qalım yazılarımın arasında deyən şair onu sevən, onu hiss edən oxucularınademək istəyirdi ki, bu yol Məmməd Araz yoludur. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq var. O, şeirin, şeir onun özüdür.
Məmməd Araz poeziyası da öz şairlik təbini sözdən alır. Sözün qiymətini dərindən dərk edərək az sözlə zəngin poetik düşüncə yaradır. O, sözü ram edən şairdir. “Söz yamaq götürmür, söz yamaq olmur”, – deyən şair sözə yeni don biçərək Məmməd Araz qayasına geyindirdi. Onun qələmində şeir həmişə canlı oldu.
Təxəllüsündən bəllidir ki, Məmməd bir gün yox ola bilər, ancaq onun Arazı hər zaman yaddaşlara axar, axdıqca xatirələşər, durular. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu.
Sahilin dodağıma,
Ləpən dilimə bənzər.
Sahilboyu çinarlar,
Yazan əlimə bənzər.
Qayaların həssasdır,
Mənim qulağım kimi.
Tutqundur qaşqabağın
Bu qaşqabağım kimi.
Mən sənə bir şair
Sən mənə Araz de.
Şeirlərin Rəşid Behbudov zirvəsindən eşidilib, Fikrət Əmirov simfoniyasında bəstələnəndə, sən Nizamini fikir dağına bənzədib, Dante, Puşkin, Çexov zirvəsinə can atanda cəfakeş ailənin çəkdiyi iztirablı günləri daş yaddaşının şeir qayalarına yazdın. Su ilə söhbət edib torpaqla danışdın, od ilə alışıb küləklə sovruldun, xatirələr yaza-yaza xatirələşib Məmməd Araz oldun. Mən duyuram sən olmağın ağırlığın. Ey sən qaya, sən olmaq da asan deyil. Qaya obrazı Məmməd Araz üçün əbədi həyatın simvoludur. Ona görə də Vətənin özünü də qayalaşdıran şair “Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklərin içində qaya”, –deyərkən Vətəni bir daha möhkəm, qırılmaz, sınmazedir.
Ömrünün son çağlarında Murov dağın zirvəsinə qalxmaq xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acağına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə vurub Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan Vətən əsgərlərinin görüşünə yubanmadı. O, Vətəndən yazmadı Vətən oldu.
Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, Vətən!
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən!
Məmməd Araz indi ana torpağı Naxçıvanda yazdığı misralar ilə heykəlləşib, dillərdə sözə çevrilib. Naxçıvanın ilhamlı təbiəti sakit ruhlu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı, ona görə indi məhz onu sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. Gur çayları səsinə qataraq dərəni keçdi, düzdə dayandı təbiəti, beləcə, şeirə gətirdi. Sevdiyi elindən-obasından ilham alıb, məhəbbəti şeirə gətirdi, qəlbindəki çırpıntını, hərarəti şeirə gətirdi:
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Qoyma bir anlıq da küsüm dünyadan,
Sevgi ümidimi üzüm dünyadan,
Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Şair qovuşsa da, ayrılsa da, hisslərin xatirəyə çevrilib beyinə hopmasına daha çox inanır. Eyni zamanda şeirlərindəki obrazını yoran, onu incidən, bu həyatdan qoparıb başqa aləmdə yaşadan da xatirələrdir, buna görə də o, bəzən xatirələrdən də yorulur. Və sevgini “qiymətli bir itik” hesab edir. Buna baxmayaraq, Arazın sevgisi daim dalğalanır, qərq edir, qərq olur, ancaq dayanmadan üzür. Məmməd Araz hər şeirində bir dünya yaradır ki, özü də dünya kimi əbədi olaraq yaşarlaşsın. “Bəlkə, bu dünyaya bir də gəlmədim”, – deyib dəvə yolunun belindən düşən, ovsar cığırın əlindən çıxıb çiçəklərin telindən öpərək əbədiyyətə uğurlanan şair… Salamat qal, Salamat!!!
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)