Gənclər Kitabxanasında “Ağdam Şəhəri Günü” ilə əlaqədar məlumat bülleteni hazırlanıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr - “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən məlumat bülleteni hazırlanıb. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib. 

 Hazırlanan materialda bir sıra rəsmi sənədlər yer alır, “Ağdam: düşmən gözünə daman ağ” başlığı altında Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, mənfur düşmən tərəfindən Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi haqqında məlumat verilir. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Məlumat bülletenində bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda https://ryl.az/funds/melumat-b%C3%BClleteni “Xilaskarlar”, “Zəfər salnaməsi” “Qarabağın tarixindən səhifələr”, “Ağdam kəndi - Qəhrəmanlar diyarı”, “Vətən kitabı”, “Vətən bizə oğul dedi”, “Xıdırlıda qalan günlər”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın biblioqrafik təsviri ilə yanaşı qısa annotasiyası və 2020-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələri yer alır.

 

 “Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.