Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb Featured

 
 
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.
 
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli belə bir mötəbər tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin də iştirakından məmnunluğunu söyləyib.
Azərbaycan ilə Türkiyə arasında mədəniyyətin bütün sahələrində uğurlu əməkdaşlığın qurulduğunu deyən nazir bu sahədə əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu deyib.
Qeyd olunub ki, noyabrın 2-dən 10-dək İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycanın ilk dəfə “fəxri qonaq” qismində iştirakı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin göstəricidir. Nazir sərgi müddətində Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə türkiyəli nazirə təşəkkür edib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəmizin COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, əgər Türkiyə COP31-i qəbul edərsə, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrəniləcəyini deyib. O, COP29 çərçivəsində ətraf mühit və mədəniyyət məsələlərinin də diqqətdə saxlanmasının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında bir sıra istiqamətlərdə, xüsusilə də arxeoloji irsin öyrənilməsi və kino sahəsində əməkdaşlığın perspektivləri qeyd edilib. Xüsusilə TÜRKSOY-un himayəsi ilə çəkilməsi planlaşdırılan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filmi haqqında da söhbət açılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda türkiyəli nazirə xatirə hədiyyələri təqdim olunub.
Daha sonra nazirlər tədbir məkanındakı Azərbaycan, Türkiyə və Özbəkistanın pavilyonları ilə tanış olublar. Türkiyə və Özbəkistan pavilyonları ilə tanışlıqda Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edib.
 
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.