Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələr hansılardır?
15 noyabr. Buddanın enmə günü
Hesab olunur ki, Budda təqvimi ilə 9-cu ayın 22-ci günündə Budda üç pilləli daş-qaşlı qızıl pilləkənlə taxtdan yerə enir. Buddanın taxta qalxmasını bütpərəstlər bir ayrı, taxtdan enməsini bir ayrı qeyd edirlər. Mənə isə Buddayla bağlı lap yeniyetməliyimdə eşitdiyim bir rəvayət o qədər xoş gəlib ki, hər dəfə Budda kəlməsini eşidəndə həmin rəvayət yadıma düşür. Demək, mərhəmətli Budda iş üçün müraciət edən bir kəndlini işə götürür, deyir, sənə qalmağa yer, gündə üç dəfə isti qida veriləcək, ilin 365 gününü yeyib-yatıb istirahət edəcəksən, yalnız bir gün – Ay tam tutulan günü yetmiş yeddi pilləkənlə qalxıb məbədin qübbəsində şam yandıracaqsan. Kəndli həvəslə bu işi qəbul edir. Təqribən 250 gün keçəndən sonra ilk Ay tutulması baş verir, Budda görür ki, qübbədə şam yandırılmayıb. Əsəbiləşən Budda cəld kəndlinin hüzuruna gətirilməsini tələb edir. Kəndli gətiriləndə ondan qəzəblə hansı səbəbə şam yandırmamasını soruşur, kəndli deyir ki, sən öz canın, bağışla, yatıb qalmışam.
Şərh vermirəm.
15 noyabr. Beynəlxalq pendir və çörək günü
İlk dəfə bu günü İngiltərədə, məşhur Straffordşir qraflığında qeyd ediblər, sonra bütün qərb dünyası bu bayramı qəbul edib. Xüsusən pendirin vətəni sayılan İcveçrədə bu bayram aktualdır. Pendir-çörək bizdə də trenddədir, baxmayaraq ki, biz bu bayramı qeyd etmirik, amma pendir - ən çox işlənən çörək yavanlığı hesab olunur. Ziyan etməz, naharda-filanda ənənəvi ət yeməyini kənara qoyub pendir-çörək yesək, qərblilərdən geri qalmasaq xəncərimizin qaşı düşməz ki? Yeri gəlmişkən, son vaxtlar qiymətlər ceyran belinə qalxmaqdadır, holland pendirinin kilosunun qiyməti şokedici 20 manat, ağ pendirinki isə şokedici 10 manat həddinə çatıbdır.
15 noyabr. Krallığı, imperatorluğu, şahlığı qorumaq ənənəsi
Belçika gözəl ölkədir, çox firavan və xoşbəxt əhalisi var. Bu gün onlar Kral sülaləsi gününü qeyd edirlər. Bu təcrübə bir çox ölkələrdə var. Britaniyada xüsusən kraliça böyük hörmət və nüfuza malikdir. Rusiyada da hələ də imperatorluq qorunub saxlanılır, bu qurumların de fakto və de yure hakimiyyətləri olmasa belə, rəmzi hakimiyyətləri var. Yeri gəlmişkən, ruslar Azərbaycanı işğal edəndə ayrı-ayrı xanlıqlarımızın süqutunu şərtləndiriblər. Bəlkə biz də əksər dünya ölkələri kimi xanlıqları tariximizin ululuğuna sübut kimi rəmzi mənada bərpa edək?
Avstriyada isə Müqəddəs Leopold günü qeyd edilir. Avstriya da gözəl ölkədir, oranın əhalisi də firavan və bəxtəvərdir. Babenberqlər sülaləsindən olan 3-cü Leopold (12-ci əsr) Avstriyanın və Vyananın himayəçisi hesab edilir.
Amerikada milli ədvalı peçenye günüdür, yeri gəlmişkən.
O ki qaldı bu gün baş verən tarixi hadisələrə, 1940-cı ilin bu günündə tarixdə ilk dəfə aviasiya bombardmanı baş tutmuşdur, 500 alman təyyarəsi İngiltərənin Koventri şəhərini bombalamışdır. 1940-cı ilin bu günündə dünyaşöhrətli italyan kuturye Roberto Kavallı də doğulmuşdur. 1934-cü ildə SSRİ-də ilk dəfə səs müşayiəti ilə teleproqram efirə getmişdir. 1904-cü ildə lezvası dəyişilən britva kəşf olunmuşdur. 1887-ci ildə isə russayağı “batareyka”, türksayağı “şarj” dediyimiz, öz dilimizdə deyimi mövcud olmayan həmin o nəsnə kəşf olunmuşdur. 1630-cu ildə İohann Kepler – ilk dəfə planetlərin Günəş ətrafında dövrə vurduğunu söyləyən alman astronomu dünyadan köçmüşdür. 1492-ci ildə Xristofor Kolumb ilk dəfə hinduların istifadə etdikləri tütün barədə avropalıları və asiyalıları məlumatlandırmışdır, onlar da qurudulmuş yarpağı kağıza büküb yandırararaq tüstüsünü udmaq prosesini mənimsəmək həvəsinə düşmüşdülər, o gündən də siqaret məişətimizə soxulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)