“Gərginlikdən çıx və parılda” günü, Diabetlə mübarizə günü və HEGEL Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

14 noyabr. Diabetlə mübarizə günü

ÜST-ün məlumatına görə, 2000-ci ildə dünyada 150 milyon diabet xəstəsi olub. Diabet - dünyanı bürüyən bəladır desək, əsla yanılmarıq. Diabet, xərçəng və ürək xəstəlikləri – inkişaf etmiş ölkələrdə insan ölümlərinin 90 faizi bu səbəblərdəndir. 1991-ci ildən World Diabetes Day qeyd edilir. Bəs niyə 14 noyabrda? Çünki bu gün insulin harmonunu kəşf etmiş kanadalı fizioloq Frederik Bantinqin doğum günüdür. Bantinqin uşaqlıq dostu diabet xəstəliyindən vəfat etmişdi, Bantinq də bu bəlanın dərmanını tapmağı özünə söz vermişdi. 1922-ci ilin yanvarında o, diabetdən əziyyət çəkən 14 yaşlı uşağın bədəninə insulin inyeksiyası yeridib onu xilas edərək tarixdə bir ilkə imza atdı. Bu kəşf sonradan milyonlarla insanın xilasına çevrildi. Bantinq insulinə görə Nobel mükafatına da layiq görüldü.

Diabet – düzgün olmayan həyat tərzinin nişanəsidir, qaçın bunlardan, hərəkətsizlik, qeyri-sağlam qidalanma heç vaxt sizin müşayiətçiniz olmasın.

 

14 noyabr. Beynəlxalq loqoped günü

Loqoped-defektoloq peşəsi nitqi qüsurlu insanların bu qüsurunu aradan qaldırmağa çalışan insanları əhatə edir. Loqoped ixtisası dar çərçivəyə sığmaz, o təkcə nitqdəki qüsurları yox etmir, eləcə də nitqi pozan bütün defektlərlə mübarizə aparır, səsin batması, tembrinin və tempinin vəziyyəti, sinirlə bağlı nitq pozğunluqlarının aradan qaldırılması, qeyri-səlist danışıq və s. loqopedin müdaxilə dairəsindədir.

Ortofoniya – loqopediya termini 1928-ci ildə Fransada meydana gəlib, Süzanna Borel-Mezoni xanımın sayəsində. O, Fransada nitqin reabilitasiyası xidmətini yaradıb və bu terminlə öz mütəxəssislərini adlandırıb. Nitq korreksiyası çox vacibdir, xüsusən ictimai xadimlər, siyasətçilər, mədəniyyət xadimləri bu cəhətdən tam qüsursuz olmalıdırlar. Gərəkli işlə məşğul olan loqopedləri təbrik edək gəlin.

 

14 noyabr. “Gərginlikdən çıx və parılda” günü

Buyururlar ki, bu gün gərəkdir ki, bütün problemlərini, dərd-sərini unudub, gərginlikdən çıxıb xoşbəxtlikdən parıldayasan. Məsələn, bağı olan bağa, olmayan parka, bulvara gedə bilər, dincələr, rahatca nəfəs alar. İnsan içindəki qaramatı tökəndə üzü də parıldayır, biləsiniz.

Bir dəfə bir dostum dedi ki, “Metroda, küşədə, marketdə - harda oldumsa insanların simalarına baxıb bircə gülümsəyən insan görə bilmədim, hamının üz-gözündən zəhər yağırdı”. Gündəlik problemlər hamımızı üzür, dünyanın ancaq əzab-əziyyətini, möhnətini görə bilirik. Təqvim yazıq da deyir ki, ay adam, bir ilin bir günündə barı bu problemlərini libas kimi soyunub əynindən at, barı bircə gün xoşbəxt yaşa, sabah yenidən yapışarsan o libasından.

 

14 noyabr. Böyük Hegel heç bilirsiniz nə deyib?

Cərrahi əməliyyatlar üzrə tibb bacılarının günüdür. Ukraynada üzümçülük və üzümçü günü, Rusiyada sosioloq günü, Hindistanda Bal Divas, yəni uşaqlar günü, Estoniya, Norveç və Finlandiyada atalar günü, Cənubi Sudanda ahıllar günü, Kolumbiyada qadınlar günü, Britaniyada şam yeməyində isti bir şeylər yemək günü, Almaniyada yeni il postu ərəfəsində ənənəvi iki günlük milli matəm günü, ən nəhayət ABŞ-da acılı quakamole günüdür. Amerikasevənlər və mətbəxsevənlərin “bu nə mənədir” sualını eşitdim, cavablandırıram. Quakamole – avakadonu əzib onu qırmızı soğan, bibər, keşniş, laym şirəsi və duzla qarışdırmaqdan alınan bir yeməkdir.

14 noyabr məshəti türklərinin qara tarixidir. 1944-cü ilin həmin günündə Stalin 100 mindən çox məhsəti türkünü Gürcüstandakı doğma torpaqlarından Orta Asiyaya sürgün elətdirib. 1918-ci ilin bu günündə Pavlik Morozov adlı sovet pioneri doğulub, öz atasına qarşı ideologiya naminə satqınlıq edən bu şəxsi sovet təbliğatı uzun illər məktəblilərə örnək kimi sırıyıb.

Uşaqlıqda ən sevdiyim qəhrəman Çirtdanla yanaşı damda yaşayan Karlson olub. Hətta bəzən pəncərə qarşısında durub bu cizgi filmi  qəhrəmanının indicə propellerlərini vızıldada-vızıldada  uçub gələcəyini də gözləmişəm. 1907-ci ilin bu günündə həmin o Karlson obrazını yaradan isveç yazıçısı, xanım Astrid Lindqren dünyaya gəlib; 1889-cu ildə ən böyük hindistanlı adını almış siyasətçi, Hindistanın ilk baş naziri Cavaharlal Neru doğulub.

Yuxarıda qeyd etmişdik ki, bu gün almanlar matəm gününü qeyd edirlər. Təqvimdə bunu yeni il qabağı postla əlaqələndirirlər. Təqribən, bizim qara çərşənbələrimiz kimi. Amma mənim düşüncəmə görə, alman boşuna matəm eləməz, buna köklü səbəb lazımdır. Bəlkə bu? 1831-ci ilin 14 noyabrında Qeorq Vilhelm Fridrix Hegel – böyük alman filosofu, sistemləşdirilmiş dialoq təliminin banisi, obyektiv idealizmin təkrarsız nümayəndəsi haqq dünyasına qovuşub. 1716-cı ilin 14 noyabrında isə Leybnits – böyük alman filosofu, riyaziyyatçısı, dilçisi, məişətin bölünməz ibtidai elementləri əsasında sülh konsepsiyasının müəllifi dünyadan köç edib.

Mən özümü necə saxlayım ki, böyük Hegeldən bir neçə dillər əzbəri olmuş kəlam səsləndirməyim?

İnsan öz əməllərinin tərənnümüdür;

Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır;

 İnsan azadlıq üçün tərbiyə olunur;

Hər xalq öz hökmdarına layiqdir;

Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.