Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Hüquq və azadlıqlarımızın təminatçısı” adlı metodiki vəsait və “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın saytında yerləşdirilən https://ryl.az/funds/metodiki-vesaitler metodiki vəsaitdə rəsmi sənədlər, insan hüquq və azadlıqlarına dair sitatlar, mövzunu əhatə edən kitabların və digər informasiya daşıyıcılarının kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın Konstitusiya Gününə dair tərtib etdiyi virtual sərgilərin linkləri və ədəbiyyat siyahısı verilib.
Virtual sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlarla yanaşı, qanunvericilik toplusunun neçə bölmə, maddə və fəsildən ibarət olması da nəzərə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində olan fəaliyyəti haqqında da məlumat verilir.
Virtual kitab sərgisində “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Konstitusiya və hüququn əsasları”, “Konstitusiya hüququ”, “Azərbaycan Respublikası Konstitusiyasının şərhi” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənir.
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında (https://www.ryl.az/multimedia/konstitusiya-gunu https://ryl.az/funds/metodiki-vesaitler) yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)