Dövlət Bayrağı Günü ilə bağlı düşüncələr Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Bir milləti var edən iki amil vardır. Bir - millət, iki - bayraq. Bir milləti təmsil edən bir nəfər belə varsa o millətin, o soyun varlığı davam edəcəkdir. Bir millətin bayrağı varsa nə olursa olsun onu sancacaq bir zirvə əlbət tapacaqdır. 

 

Bəli, 9 noyabrda növbəti dövlət bayrağı gününü qeyd etdik. AZƏRBAYCAN RESPUBLİKASININ üzərində minlərlə şəhidin, qazinin qanı olan bayrağımızın günüydü 9 noyabr.

Ta 1918-ci ildən MƏMMƏD ƏMİN RƏSULZADƏNİN zamanından var olan bu bayrağın başına nələr gəlmədi ki?! Hər müsibəti, hər işğalı, hər işgəncəni gördü. Lakin yenə də zirvələrdə dalğalanmağa davam elədi. Hətta bizim belə "QARABAĞI azad etmək mümkünsüzdür" kimi ümidsiz bir baxış açısına qapılanda belə o bayraq ümidini itirmədi. Sanki əsən sərt külək o bayrağın qoxusunu XANKƏNDİYƏ, ŞUŞAYA, XOCALIYA ötürürdü. Bir gün qovuşacağımıza işarə edirdi. O gün gəldi, 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edib sonda bizim şanlı zəfərimizə şahidlik edən Vətən Müharibəsində hamıdan irəlidə gedənlərdən idi bu bayraq. Kiminin tabutuna sərilib şəhidini cənnətə yola saldı, kiminində evində qələbə müjdəçisi oldu. 

Neçə-neçə xəyanətlər işgəncələr gördü bu bayraq. XOCALI faciəsinin canlı şahidi oldu. Erməni vandalizmi və vəhşiliyi ilə tanış oldu bu bayraq. 30 ilə yaxın həsrətini çəkdiyi XOCALISINA da qovuşdu və qovuşdurdu. O bayraq ki iki il öncə bizi XANKƏNDİYƏ, XOCALIYA çatdırdı. 

Biz bu gün iki bayramı dalbadal qeyd ediriksə, bunu öncə bu yolda canını, qanını fəda edən ŞƏHİDLƏRİMİZƏ, sonrada bu tərif edilməsi mümkün olmayan anları bizə yaşadan bayrağımıza təşəkkür etməliyik. Bu gün artıq o bayraq başı aşağı deyil, daha məğrur, daha nazlı-nazlı dalğalanır. Ona baxıb bağrı çatlayan düşmənlərinə inad zirvələri fəth etməyə davam edir. Hər nə qədər bizdən sonrakı nəsil qulağı sırğalı "oğlanlar", dırnağı laklı "kişilər" olsa belə gəlin bu bayrağın qədrini bilək.

Necə ki yerə düşən çörəyi götürüb öpüb alnımıza qoyuruqsa, üzərində ŞƏHİD qanı olan bu bayrağı da başımızın üstündə daşıyaq.

 

"Ədəbiyyat və İncəsənət" 

 (11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.