Tpamp və Qarabağ - ƏKBƏR QOŞALI YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, rublisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi gəzişmələrini təqdim edir. 

 

Növbəti Zəfər Günümüzü də qeyd etdik! 

Yalnız 8 noyabrda və 2020-ci ildə, 

yalnız Qarabağda, Azərbaycanda qalmayan, dalğa-dalğa yayılan, könül-könül şenlənən, üfüq-üfüq böyüyən, üfüqötəsinə keçən bir Gündən danışırıq. 8 Noyabr! Gün kimi Gün, bayram kimi bayram, Zəfər kimi zəfər! 

 

Ardınca da 9 noyabr - Bayraq günümüz! 

Və bu ilki bayram ərəfəsində okeanın o tayında keçirilmiş Prezident seçkilərinin sonucu bəlli olunca, “İkinci Qarabağ müharibəsi Trampın dönəmində başlamışdı” deyə sanki bir xoş əsinti, məmnunluq havası vardı. Bax, məhz bu məqama vurğu etmək istəyirəm. 

Bilirsiz, sonrakı illərin sentyabr döyüşləri, Həkəri körpüsü üstə DSX postu qoyulması, hələ-hələ antiterror tədbirləri də Baydenin dönəmində olmuşdu. Hə, noolsun?.. Ha Tramp, ha Bayden… Biz öz işimizi öz lazım və uyğun bildiyimiz vaxtda görmüşük.

 

Qayğusuz Abdal (XIV yüzil Bektaşi şairi) necə deyirdi? -

 

“Dərvişlik xirqədə, tacda deyildir,

İstilik oddadır, sacda deyildir.

Var bir gerçək yerden quşan quşağı,

Onları qurt yeməz ucda deyildir.

Haqqı istər isən, ədəmdə istə,

İraqda, Məkkədə, Hacda deyildir”…

 

Orta yüzilliklərdə kəraməti yaxın coğrafiyalardakı ziyarətgahlarda aramaq bir yana, indi - elmin-texnologiyanın indiki inkişaf səviyyəsində uzaqlarda siyasi kəramət aramaq da doğru deyildir.

Təkrarçılıq olmasın, kəraməti Azərbaycan dövlətində, müstəqil dövlətçilikdə, əks-hücumu hazırlayan, uğurla yönətən gücdə, 30 illik işğalı 44 gündə bitirən qüdrətdə, bir sözlə, xalqda və haqda aramalıyıq.

Mən bir Azərbaycan vətəndaşı, bir yazar olaraq öz uğurumuzu, illa da öz Zəfərimizi nəinki okean ötəsində, heç sınırötəsində aramam. Bizim Zəfər öz əsərimizdir, bu şanlı əsərin müəllifi öz şəhidlərimiz, qazilərimiz, öz Silahlı Qüvvələrimiz, Ali Baş Komandanımız və bütövlükdə Dövlət-Xalq birliyimizdir! Bəli, Zəfərin sirrini Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsində, onun bir Ali Baş Komandan olaraq qətiyyətində, öz Ordusuna, xalqına əminliyində və işimizin haqq işi olmasında aramaq lazımdır.

Bu, isbata ehtiyacı olmayan aksiom kimi apaydın hadisədir.

Gəlin, bu yerdə, Azərbaycanın dövlət başçısının bu il yanvarın 10-da yerli TV-lərə verdiyi müsahibədən bəzi vurğuları yada salaq:

 

“…Ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.

Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.

 

Sözünə davam edən Prezident daha sonra belə deyirdi:

 

“Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər”…

 

Bax, belə! 

Bu dərin məzmunlu və açıq ifadəli, səmimi sözlərdən sonra qıraqda kəramət aramaq və “bulmaq” bekara şeydir. Bizə kömək etməyiblər, yeri gələndə mane olublar - lakin başarılı ola bilməyiblər; işğalçıya dayaq durublar, lakin işğalı əbədi edə bilməyiblər! - Durum, bax, bu qədər sadə və aydındır! 

Tanrı hər kəsin prezidentindən də, seçkisindən də özünə xeyir versin. - Bizə ziyanları dəyməsin, xeyirləri dəymiş kimidir…

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Zəfər Günümüz qutlu olsun! 

Zəfər yeni zəfərlər gətirsin!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.