Bu gün dünyanın gözü Bakıda olacaq – COP29-un bu gün açılışıdır Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 Bəli, düz 11 aydır ki, gözlədiyimiz tarix artıq yetişdi. Bu gün Bakının Olimpiya Stadionunda açılacaq Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

 

 Bakıda keçiriləcək COP29 tədbirində iştirak üçün 67 min nəfər qeydiyyatdan keçdiyi barədə məlumat vardır.

 

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi "Tərəflərin Konfransı" (ingiliscə COP-"Conference of the Parties)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda sayca 29-cu dəfə keçirilir.

 

Rəsmi Bakı BMT-nin İqlim Dəyişikliyi Konfransı - COP29-un Azərbaycanda keçirilməsi elan ediləndən bəri, yəni təxminən 11 aydır ki, buna hazırlaşır, bu barədə lap əvvəldə qeyd etdim.

 

 Böyük maraqla gözlənilən COP29 konfransının rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək tədbirlərin proqramı təqdim edilib. COP29 rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər. 

 

 Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.

 

Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur.

 

13-22 noyabr tarixlərində Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.

 

Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaqdır.

 

Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurmuşdur. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılmışdır. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.

 

Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcəkdir.

 

COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.

 

COP29-un Mavi Zonası bütün nümayəndələrin, eləcə də maraqlı tərəflərin builki mühüm konfransda konstruktiv iştirakı üçün tələb olunan şərait nəzərə alınmaqla hazırlanmışdır.

 

Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun olaraq panel müzakirələri və seminarlarda iştirak edərək təcrübə qazana biləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlim müzakirələrini təşviq etmək və həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflər arasında fəaliyyəti stimullaşdırmaq üçün onlara verilən bu imkanı səmərəli dəyərləndirəcəklər. 

 

Bəs Azərbaycan yaşıl dünya naminə nələr edir, nələr planlaşdırılır?

 

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

 

Xoş gəldin, COP29!

 

 “Ədəbiyyat və incəsənət”

 

(11.11.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.