Azərbaycanın təbii və mədəni irsinə həsr olunan “Azərbaycanın təbii və mədəni irsi” adlı layihə Mədəniyyət Nazirliyi tərəfindən Cop 29 tədbirləri çərçivəsində hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, layihənin məqsədi təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir. Görüntüləri müşayət edən musiqidə təbiət səsləri - suyun şırıltısı, quşların civiltisi, balabanının zümzüməsi insan avazı ilə təqdim olunur; yağışın həzin sədası, ildırımın vahiməli, gürultulu səsləri Qobustan daşlarının və nağara ritmləriylə əvəz olunur; küləyin vıyıltısı tarda muğam fraqmentləriylə müşayət olunur. Təbiətin dörd ünsürü - su, od, hava, torpaq görüntü ilə musiqinin vəhdətində verilir. Çəkilişlər Azərbaycanın müxtəlif rayonlarında - Qubada, Qusarda, Gədəbəydə, Şamaxıda, İsmayıllıda, Lənkəranda, Naxçıvanda, Şuşada, Cəbrayılda, Ağdamda olan tarixi, memarlıq, mədəniyyət abidələrində, əsrarəngiz və bənzərsiz təbiətdə aparılıb. Bu videoçarxda təbiət sirləri ilə zəngin olan Atəşgah, Yanardağ, İçərişəhər, Qobustan, Basqal, Lahıc və digər qoruqlar təqdim olunub. Eyni zamanda, Azərbaycan florasının və faunasının yaşını, müxtəlifliyini özündə yaşadıb, bu günümüzə qədər gətirən qədim sənətkarlıq nümunələrində -daş kitabələrdə, xalçalarda, rəsmlərdə təbiətlə mədəniyyətin bir-birinə sıx bağlı olduğunu görmək olar. Azərbaycanın təbii və mədəni irsinin bağlılığına həsr olunan bu layihədə məqsəd “Mədəniyyət həm də təbiət üçündür”, “Mədəniyyət həm də iqlimə xidmət edir” fikrini çatdırmaq olub.
“Ədəbiyyat və incəsənət”
(08.11.2024)