Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ictimaiyyətdə böyük əks-səda doğuran “Mədəni Yenilənmə” layihəsi 2022-ci ildə də davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən bildirilir ki, layihə çərçivəsində ilin ilk tədbirinə Azərbaycanın Xalq artisti, Türkiyə Radio və Televiziya Qurumunun bədii icmalarından biri olan Ankara Radiosu Çoxsəsli Xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova və xor kollektivi dəvət olunub.
Fevralın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi qeyd olunacaq. Konsertdə dirijorun rəhbərliyi ilə Ankara Radiosu Çoxsəsli Xorunun ifasında müxtəlif bəstəkarların xor əsərləri səsləndiriləcək. Eyni zamanda, səfər çərçivəsində Qarabağ Zəfəri ilə bağlı Türkiyə və Azərbaycanın birgə strateji layihəsi kimi dirijor Rauf Abdullayevin rəhbərliyi ilə TRT Ankara Radiosu Çoxsəsli Xorunun, Azərbaycan Dövlət Xor Kapellasının və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın səs yazısı nəzərdə tutulub.
Qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. E.Kərimovanın təşəbbüsü və bəstəkar Fərəc Qarayevin razılığı ilə bu əsərin rus dilində olan sözləri Zəfərə həsr olunmuş Azərbaycan dilində sözlərlə əvəz edilib.
Həmçinin “Mədəni Yenilənmə” layihəsi çərçivəsində fevral 17-də Elnarə Kərimovanın Azərbaycanın müxtəlif xor kollektivlərinin iştirakı ilə YARAT Müasir İncəsənət Məkanında xor ifaçılığı üzrə ustad dərsi keçiriləcək.
Qeyd edək ki, Elnarə Kərimova Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və xor dirijorluğu fakültəsindən müvəffəqiyyətlə məzun olub. 26 yaşında Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbərliyinə seçilib və bu xor ilə bir çox ölkədə qastrol səfərində olub. 1992-ci ildə Türkiyə Cümhuriyyətinin dəvəti ilə Ankaraya gələrək, “TRT Çoxsəsli Xoru” bədii rəhbəri vəzifəsində işləməyə başlayıb. O, Türkiyənin bir çox şəhərindəki festival və tədbirlərdə 300-dən artıq konsert verib. E.Kərimova xor musiqisinin inkişafı və yayılması üçün müxtəlif tədris ocaqlarında (Ankara Dövlət Konservatoriyası, Bilkənd Universitet) müəllimlik etmiş və həvəskar xor qrupları ilə işlənib.
O, 1999-cu ilin may ayından etibarən “Orfeon” kamera xoru ilə işləməyə başlayıb. Milli və beynəlxalq səviyyəli müsabiqə və festivallarda bədii rəhbəri olduğu konsertlərlə birlikdə “Orfeon”un ilk albomuna da imza atıb. E.Kərimova bu xor ilə İngiltərə və Kanadada birinci yerə çıxmış, Avstriyadakı xor olimpiadalarında 4 gümüş medal qazanmış, Belçika, Pakistan, İsrail, Yaponiya və Çində konsertlər verib.
2009-cu ilin sentyabr ayında TÜRKSOY-un təqdim etdiyi beynəlxalq layihədə Ü.Hacıbəylinin “Koroğlu” operasından görkəmli xor səhnələrini işləyib. 2010-cu ilin noyabr ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Buta” kamera xorunu yaradıb. O, 2012-ci ilin mart ayında “Zirvə” mükafatına layiq görülüb. 2015-ci ildə TÜRKSOY Beynəlxalq Kamera Xoru ilə Almaniyanın Maqdeburq şəhərində Avropa Xor Oyunlarında qızıl medal qazanıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Xatırladaq ki, “Mədəni Yenilənmə” Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Mərkəzinin 2021-ci ilin oktyabr ayından etibarən keçirilən müştərək layihəsidir. Layihənin məqsədi hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaradan mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə tanıtdırmaq, onların doğma vətənlərində kəsb etdiyi əhəmiyyəti vurğulamaq, fəaliyyət təcrübəsi ilə peşəkar bilgilərinin mübadiləsini təmin etmək, bir ildən artıq sürən pandemiya səbəbindən fəaliyyət böhranı ilə üzləşdiyi bir vəziyyətdə onlara fəaliyyət və ifa imkanı yaratmaq, eləcə də mədəniyyətsevərlərin mənəvi ehtiyacını təmin etməkdir.