Yazıçıdan sabiq deputata: “İtirdiyinin stresini yaşayırsa, bizlərin nə günahı var?” Featured

Sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev yazıçı Varis Yolçuyevin “Sənə inanıram” romanından bir səhifəni paylaşaraq yazıçını tənqid edib.

Ölkə.Az xəbər verir ki, alim V.Yolçuyev haqqında aşağıdakı sözləri yazıb:

“Feysbuk dostum Varis adlı “yazıçı”nın hansısa kitabının bir səhifəsini paylaşıb.  Bircə səhifə bəsdir ki, “yazıçı” nın səviyyəsinə qiymət verəsən. Əksər kitab mağazalarında  bu adamın 10 -larla kitabının ön rəflərə düzüldüyünü görmüşəm. Belə yazıçının kitablarının təqdimatında görəsən, nə danışırlar?”

Ölkə.Az barəsindıə yazılanlarla bağlı V.Yolçuyevin fikirlərini öyrənmək üçün ona müraciət edib. Yazıçının E.Əliyevə cavabı isə belə olub:

“Etibar Əliyevin haqqımda yazdığı hədyananı mənə çatdırdılar. Adətən, belə şeylərə reaksiya vermirəm. Amma bu dəfə qərara aldım ki, cavab verim. 
Ondan başlayaq ki, mənim tərbiyəm və mədəni səviyyəm imkan verməyəcək ki, o məni dırnağa aldığı kimi, mən də onu dırnağa alım. Amma, hər halda, sözümü deyəcəyəm. 
Deməzsənmiş, bu şəxsə “Sənə inanıram” romanımda yeniyetmələrin dialoqu xoş gəlməyibmiş. Bu şəxsi tanıyan varsa, mümkünsə ona çatdırsın ki, 3-cü minilliyin ədəbiyyatında obrazları öz dillərində səsləndirmək trenddədir. 
Hansısa bir hissəni tamdan ayırıb onun timsalında tama qiymət vermək isə aşkar qərəzdir!

“Belə yazıçının kitablarının təqdimatında görəsən nə danışırlar?” yazır bu şəxs. Deyimmi nə danışırlar? 
Məsələn, onu danışırlar ki, 2016-ci ildə bu yazıçının yazdığı və 32 milyon girişi olan Rusiyanın Proza.ru portalında dərc edilən “Yaş əsgər çəkmələri” hekayəsi 41 min erməninin petisiya imzalaması səbəbindən qadağan olunub. 
Yaxud, 2018-ci ildə o, Avrasiya Materikinin BMT-nin əqidəsi altında keçirilən ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında 170 materik yazıçısı arasında 1-ci olaraq, qızıl medala layiq görülüb, dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenovdan estafeti qəbul edib. 
Yaxud, Azərbaycanda dövlət sifarişi ilə roman yazan ilk və yeganə yazıçıdır, 2020-ci ilin əvvəlində yazdığı və Xocalı həqiqətləri barədə olan “Qırmızı ləçəklər” romanı  Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada təbliğ olunub. 
Bunlar danışmağa bəs edərmi? Etməzsə, davamını gətirim: 

2018-ci ildə bu yazıçı Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA) və Rusiyanın “Rossiyskiy kolokol” nəşrinin versiyaları üzrə ilin yazıçısı elan edilib; 2017-ci ildə YUNESKO-nun və Varşavada keçirilən Slavyan Ədəbiyyat festivalının Adam Mitskeviç medalı ilə təltif olunub; 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  “Qızıl kəlmə" ali ədəbiyyat mükafatına layiq görülüb.
Bəs edərmi? Məncə bəs etdi.
Etmədisə, bunu da əlavə edim:

Kitablarım dünyanın ən böyük Universitet kitabxanası olan Böyük Britaniyanın Birminhem Universiteti kitabxanasının, habelə Almaniyanın Halle, Moskvanın Qorki adına kitabxanalarının əsas fondlarına daxil edilib; “Sonuncu ölən ümidlərdir” romanımı Bakı Kitab Klubu müstəqil Azərbaycan tarixində ən çox satılan kitab elan edib; “Yetmiş yeddinci gün” romanım 2014-cü ildə Türkiyənin Yozqat Bozok Dövlət Universitetində dərs vəsaiti kimi təsdiqlənib. 

Davamı da var:

“Metamorfoz” romanım 2019-cu ildə London Ədəbiyyat Mükafatının şort listinə daxil olub. “Qara qu quşunun rəqsi” hekayəm 2018-ci ildə Fransanln Antuan de sent Ekzüperi Evinin Fəxri Diplomu ilə təltif edilib; “Yanvarın 13 günü” romanım 2015-ci ildə Rusiyanın Moskva Ali ədəbiyyat mükafatına layiq görülüb; “Mariya Selesta ekipajının məhvi” hekayəm 2012-ci ildə Türkiyənin Avrasiya Yazıçılar İttifaqının Mahmud Kaşğarı hekayə yarışmasının mükafatçısı olub; 2020-ci ildə Ukrayna Yazıçılar İttifaqı tərəfindən Ədəbi ustalığa görə Atanas Vençev diplomuna layiq görülmüşəm; 2016-cı ildə Rusiya Yazıçılar Birliyinin Rəyasət Heyətinin qərarı ilə Aleksandr Puşkin medalı ilə təltif edilmişəm; 2020-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Əli Bəy Hüseynzadə” mükafatı laureatı olmuşam. 
Bu şəxsə statusumu da bildirmək istəyirəm. 
Gəlsin, tanış olaq. Mən Varis. Ali təhsilliyəm, BDU-nun filologiya fakültəsini bitirmişəm, ayrıca, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində 48 akademik saat “Bestseller yazmağın qızıl qaydaları” kursunu müvəffəqiyyətlə bitirib Sertifikat almışam. 
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Avrasiya Millətlər Assambleyası (APE) Ədəbiyyat Şurasının həmsədriyəm. 
PEN İnternational (Böyük Britaniya) və Beynəlxalq Yazıçılar Gildiyası (İGW- Berlin) təsisatlarının üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıyam. 
Dünyanın 6 ölkəsində - Azərbaycan, Türkiyə, Rusiya, Amerika, Özbəkistan və İranda nəşriyyat hesabına 23 romanım çıxıb.
Və sonda:

İkrahla yanaşdığı “Sənə inanıram” romanımla “Bir ovuc torpaq”  romanıma Azərbaycan Prezidentinin Milli Teleradio Şurasına ayırdığı maliyyə vəsaiti ilə müvafiq olaraq 24 və 12 bölümlü teleserial çəkilib. 
İkrahla yanaşdığı “Sənə inanıram” romanı 2022-ci ildə Rəşad Nuri Gültəkinin “Yaşıl gecə” romanından sonra Özbəkistanda ən çox satılan ikinci kitab olub…

Bir şəxs dünyanın dörd tərəfində bu qədər insanın, bu qədər təsisatın qiymətləndirdiyi bir yazıçını qiymətsiz sayırsa, ona ikrah bildirisə, məncə, problem onun özündədir. 

Dedilər, əvvəl millət vəkili imiş, indi bu imkandan məhrum olub. Əgər itirdiyinin stresini yaşayırsa, acığını tökməyə yer axtarırsa, bizlərin nə günahı?”

(Müəllif: Billurə Yunus)

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.