Mədəniyyət sahəsində gənc istedadlar mükafatlandırılıb

 

Hər il 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif sahələrdə uğur qazanmış gənclərimiz dövlət başçısı tərəfindən mükafatlandırılır. Bu gün dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özünü təsdiq etməsinə, tanınmasına münbit şərait yaradır. Hazırda istedadlı gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 1 fevral 2022-ci il tarixində “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.

Mədəniyyət nominasiyası üzrə mükafatçılar sırasında Hüseynov Orxan İsa oğlu və Quliyev Azər Alik oğlu da yer alıb.

Mükafatçılarımızı yaxından tanıyaq:

Orxan Hüseynov 1999-cu ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ifaçılıq fakültəsində bakalavr (sabah qrupları) təhsili alıb. Hal-hazırda Akademiyada eyni istiqamət üzrə magistr təhsilini davam etdirir.

Təhsil aldığı illərdə Leonid Kerbel, Jerome Pernoo, Vladimir Perlin, Christian Poltera, Alen Meunier, Alexandr Chidchavadze, Yuko Miyaqawa, Aleksei Seleznyov, Petr Prause, Klaudio Marini, Pierluigi Rugierre kimi ifaçılardan ustad dərsləri almış. Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti, maestro R.Abdullayev, F.İbrahimov, F.Kərimov, T.Göycayevin rəhbərliyi altında konsertlərdə solo ifa etmiş. Paris, Berlin, Moskva, Tbilisi, Küveyt, Vatvil, Lixtenşteyq və s. şəhərlərdə dəfələrlə qastrol səfərlərində iştirak edərək Azərbaycanı təmsil etmişdir.

2020-ci ilin yanvarından «Baku Chamber Orchestra» gənclər kamera orkestrinin, 2021- ilin iyulundan «cadeNZa» orkestrinin artistidir.

2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na, 2016-ci ildə isə Prezident Təqaüdünə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Daha bir mükafatçımız Azər Quliyev 1997-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino tənqidi üzrə bakalavr və magistr (fərqlənmə diplomu ilə) təhsili alıb.

Rejissorun “Pa-Pa” adlı ilk filmi nüfuzlu Avrasiya Beynəlxalq Film Festivalında, Gürcüstanın Batumi şəhərində keçirilən Batumi Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqə proqramında yer alıb.

2021-ci ildə gənc rejissorun “Təngnəfəs” filmi cənub-şərqi Avropanın ən böyük və dünyanın nüfuzlu film festivallarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına dəvət almış və filmin dünya premyerası həmin proqram çərçivəsində baş tutmuşdur. Müxtəlif vaxtlarda “Təngnəfəs” filmi Bişkek şəhərində baş tutan “MDB ölkələrinin gənc kinosu” adlı “Umut” Beynəlxalq kinoforumuna, Gürcüstanın Batumi şəhərində keçirilən Batumi Beynəlxalq Art-House Film Festivalına, Belarusun Minsk şəhərində keçirilən və “FİAPF”-ın akkreditasiyasına malik olan nüfuzlu “Listopad” film festivalına, Qazaxıstanda keçirilən (“Jaiyq”) Beynəlxalq Film Festivalına, “Moskva Premyerası” adlı MDB ölkələri arasında keçirilən nüfuzlu film festivalına dəvət alıb və orada böyük maraqla qarşılanıb.

2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” adlı pitçinq layihəsinə “Mozalan” studiyası adından, “İkinci planetin qırmızı rəngi” adlı layihə ilə qatılıb və qaliblər sırasında yer alıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.