İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oktyabr ayının 28-i görkəmli iştimai-siyasi xadim, XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri Mirzə İbrahimovun doğum gününü növbəti dəfə qeyd etdik.
O, 1911-ci ilin qeyd olunan həmin günündə Cənibi Azərbaycanda, indiki İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində anadan olmuşdur.
Görkəmli yazıcı və ictimai xadim M.İbrahimov Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq yazıçısı, "Stalin" mükafatı laureatı, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi, 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), bir neçə şağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Xüsusi qeyd etmək istərdim ki, o həm də Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul edilmiş qanunun (1956) əsas təşəbbüsçüsü idi. Xalq şairi N.Xəzri haqlı olaraq yazırdı ki, “Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət dili səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı. Bu özü əsl qəhrəmanlıq idi!”
Bu böyük insanı dərin hörmət və ehtiramla yad edərək “Akademik Mirzə İbrahimov (Mirzə Əjdər oğlu İbrahimov). Biblioqrafiya” (Bakı-2022.) kitabından seçmələri olduğu kimi “Görkəmli şəxsiyyətlər M.İbrahimov haqqında”, “M.İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında” və “M.İbrahimovun yaradıcılığından sətirlər” yarımbaşlıqları ilə hörmətli oxucularımızın diqqətinə təqdim etməkdəyik.
Zənn edirik ki, bu məlumatlar xalqımızın “Böyük dayaq”larından olan M.İbrahimovun həyat və fəaliyyəti, o cümlədən yaradıcılığı barədə daha dolğun təsəvvür yaradacaqdır.
Bu gün sizlərə Mirzə İbrahimovun görkəmli şəxsiyyətlər və qələm dostları haqqındasöylədiyi fikirləri çatdıracağıq:
M.İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında
1. Nizami irsi böyükdür. Bu irs fikri, fəlsəfi dairəsi, insan xarakterlərinin zənginliyi, rəngarəngliyi, bədii-estetik və ictimai fəlsəfi problematikasının genişliyi etibarı ilə dünya ədəbiyyatının ecazkar hadisələrindən biridir.
2. Azərbaycan ədəbiyyatının böyük klassiki Xaqani Şirvani bəşəriyyətin bədii fikir tarixində əbədi ad qazanmış şairlərdəndir. İstər zamanəsində, istərsə sonrakı əsrlərdə onun şeirləri əldən-ələ, qitədən-qitəyə gəzmiş, adı bir ölkədən o biri ölkəyə adlayaraq dillərdə deyilmiş təzkirələrdə, ədəbiyyat tarixlərində birincilər cərgəsində çəkilmiş, bədii-fəlsəfi söz sərrafları ona “Xəllaqeməani” (“Mənaların yaradıcısı”) ləqəbini vermişlər.
3. Məhəmməd Füzuli Azərbaycan şeirinin fəxri və ölməz klassik şairidir. Əsərləri dünya şöhrəti qazanmış, zamanın imtahanlarından çıxmış bu böyük sənətkarın poetik dühasını tədqiqatçılar haqlı olaraq bir günəşə oxşatmışlar. Bu günəş həmişə insanların ürəyinə işıq saçmış, yüksək bəşəri duyğular, fikirlər və meyllər oyatmışdır. Eyni zamanda o, daim Azərbaycan şeirinin yolunu işıqlandırmışdır. Onun yaradıcılığı təkcə Azərbaycanın deyil, bir sıra başqa xalqların da sənət gülüstanında yeni güllərə, çiçəklərə həyat vermiş, yeni qüvvətli sənətkarların yetişməsinə kömək etmişdir.
4. İmadəddin Nəsimi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi böyük şairlərdən biridir. O, son dərəcə nadir istedad və orijinal sənətkar idi. Dünya ədəbiyyatının ölməz klassikləri içərisində onun heykəli elələri ilə yanaşı durur ki, onların həyatı və yaradıcılığı mütərəqqi siyasi ideallarla estetik təfəkkürün vəhdətini təşkil edir. Bədii söz Nəsiminin əlində inam və əqidələri yolunda mübarizə silahı idi. O, qayəsiz, fikirsiz, idealsız bir şeir yazmamışdır.
5. Böyük yazıçı və filosof (Mirzə Fətəli Axundov) fikrimizi, düşüncəmizi feodalizm, Orta əsr bataqlığından çıxardı, bəşəriyyətin qabaqcıl, mütərəqqi şüuru ilə bağladı. O, Azərbaycanda demokratizmin, azadlığın, ateizmin, yaxşı mənada qərbçiliyin mübariz bir carçısı oldu.
6. Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur.
7. Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, Mirzə Ələkbər Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir.
8. Cəlil Məmmədquluzadə atəşin bir vətənpərvər idi. O, vətəni özünə ana hesab edirdi. Bütün Azərbaycan xalqını azad və xoşbəxt görmək onun müqəddəs arzusu idi. Buna görə də o, həyatı boyu ən gərgin və dolaşıq dövrlərdə belə tərəqqipərvər yol tutmuş, zamanın qabaqcıl fikirlərini xalqa başa salmışdır. Çünki vətənpərvərliyin birinci şərti xalqı inkişaf və tərəqqi yoluna salmaq, irəli aparmaqdır.
9. Abdulla Şaiq həqiqəti hər şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və yüksəliş yolunda fədakarcasına çalışan bir yazıçı olmuşdur.
10.Səməd Vurğun son dərəcə orijinal şairdir, öz yaradıcılığı ilə Azərbaycan şeirini, şeir dilinin çərçivələrini xeyli genişləndirmiş, Azərbaycan bədii təfəkkürünə yeni təkan vermiş, şeirimizin dünya şöhrətini artırmışdır. O, həmişə müasir şeirimizin iftixarı olaraq qalacaq, Azərbaycan torpağının şərəf və istedad rəmzi kimi yaşayacaqdır.
11.Üzeyir Hacıbəyov o cür xoşbəxt sənətkarlardan və ictimai xadimlərdəndir ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə gözə dəyir.
12.Cəfər Cabbarlı real, həyati və böyük konfliktlər seçməyin ustası idi. Onun hər dramının canını təşkil edən konfliktdə cəmiyyətin bütöv bir dövrü əks olunur, ictimai mübarizələr, diri, canlı insanlar, zamanın ehtirasları, rəngi və ahəngi özünəməxsus boyalarla, qabarıq cizgilərlə canlanır.
13.Müşfiq böyük istedad idi. On bir ildə o nə qədər gözəl şeir nümunələri yaratmışdır. Onda rahatlıq, həyat eşqi ilə, sənət elmi ilə daima çırpınan bir ürək vardı. Hələ otuzuncu illərdə Səməd Vurğun onun istedadına yüksək qiymət vermişdi.
14.(M.H.Şəhriyarın) “Heydərbabaya salam” poeması Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində qiymətli incilərdəndir. Bu gözəl əsər həqiqi ilhamla yazılmışdır və xalq ruhunun ifadəsidir.
15.Bəxtiyar Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi-estetik ləzzət duyursan. Lakin bu, sadəcə adi sevinc və ləzzət deyil, fikir və məna ilə doludur, İnsanı mütləq düşündürür.
16.Bülbül fəaliyyətə başladığı illərdə özünün nadir, böyük və qüdrətli istedadını Azərbaycan xalqının bədii həyatının elə bir sahəsinə səxavətlə bəxş etdi ki, o zaman ədəbiyyatda – Mirzə Fətəli Axundovun, musiqidə – Üzeyir Hacıbəyovun artıq etdikləri əsl novatorluğa, əsl inqilaba ehtiyac son dərəcə o sahədə də hiss olunurdu. Bizim vokal sənətimiz özünün alovlu inqilabçısını, onun inkişafında yeni dövr açmış təkraredilməz böyük istedadını ancaq Bülbülün şəxsində tapmışdır.
17.İsmayıl Şıxlının “Dəli Kür” romanı ona görə oxucunun məhəbbətini qazanmışdır ki, orada yalnız ayrı-ayrı surətlərin deyil, müəyyən tarixi dövr, bu dövrdə cəmiyyətin psixologiyası, ictimai ziddiyyətləri, inkişaf meylləri düzgün bədii əksini tapmışdır.
18.Hər dəfə Tofiq Quliyevin musiqisinə qulaq asanda estetik ləzzətdən doymaq olmur. Bu gözəl bəstəkar nə qədər təbii və təvazökardır. Onun musiqisini dinləyəndə biz çox vaxt özümüzü başqa aləmdə hiss edirik. Bu, füsunkar, sehrli musiqi aləmidir ki, oradakı məlahətli səslər insanı vəcdə gətirir.
19.Onun (Süleyman Rəhimov) əsərləri müxtəlif dövrlərdə cəmiyyətin həyatını, insanların fikirlərində, hərəkətlərində və psixolojisində baş vermiş dəyişiklikləri öyrənmək üçün qiymətli mənbədir.
Sabah Mirzə İbrahimovun yaradıcılığından sətirlər diqqətinizə çatdırılacaq.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)