İmperiyaya meydan oxuyan, təpədən dırnağa milli olan görkəmli şəxsiyyət, BÖYÜK DAYAQ Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Oktyabr ayının 28-i görkəmli iştimai-siyasi xadim, XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri Mirzə İbrahimovun anadan olduğu gündür. O, 1911-ci ilin qeyd olunan həmin günündə Cənibi Azərbaycanda, indiki İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində anadan olmuşdur. 

Görkəmli yazıcı və ictimai xadim M.İbrahimov Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq yazıçısı, "Stalin" mükafatı laureatı, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi, 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), bir neçə şağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Xüsusi qeyd etmək istərdim ki, o həm də Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul edilmiş qanunun (1956) əsas təşəbbüsçüsü idi. Xalq şairi N.Xəzri haqlı olaraq yazırdı ki, “Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət dili səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı. Bu özü əsl qəhrəmanlıq idi!”

Onu da qeyd edək ki, M.İbrahimovun 1932-2009-cu illərdə (təkrar nəşrlərlə) 59 kitabı çap olunmuşdur. Onun dövrü mətbuatda, məcmuə və dərsliklərdə dərc olunmuş (roman, povest, hekayə, oçerk və novella, poema və şeirlər, dram əsərlərindən parçalar, ədəbi-tənqidi, publisistik məqalələri,məruzə və çıxışları, redaktoru olduğu və rəy verdiyi əsərlər, tərcümə əsərləri və s.) əsərlərinin sayı isə 1203-dən çoxdur.

Görkəmli yazıcının həyat və yaradıcılığı haqqında 26 kitab, 12 dissertasiya və referat yazılmışdır. Haqqında dərslik, dövrü mətbuat və məcmuələrdə dərc olunmuş məqalələrin sayı isə 590-dan çoxdur.

Onun barəsində xarici dillərdə (rus, ingilis, alman, fransız, macar, türk və s.)  875-dən artıq yazı çap olunmuşdur. Dünya kitabxanalarında (ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, Danimarka, Türkiyə, Avistriya və s.)  olan əsərlərinin sayı 176-dır. Dünyanın aparıcı universitetlərinin (Harvard, Oksford, Kolumbiya və s.) kitabxanalarında 13 əsəri  vardır.

Doğum günündə bu böyük insanı dərin hörmət və ehtiramla yad edərək “Akademik Mirzə İbrahimov (Mirzə Əjdər oğlu İbrahimov). Biblioqrafiya” (Bakı-2022.) kitabından seçmələri olduğu kimi “Görkəmli şəxsiyyətlər M.İbrahimov haqqında”, “M.İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında” və “M.İbrahimovun yaradıcılığından sətirlər” yarımbaşlıqları ilə hörmətli oxucularımızın diqqətinə təqdim edirik.

Zənn edirik ki, bu məlumatlar xalqımızın “Böyük dayaq”larından olan M.İbrahimovun həyat və fəaliyyəti, o cümlədən yaradıcılığı barədə daha dolğun təsəvvür yaradacaqdır.

Bu gün sizlərə ilk olaraq görkəmli şəxsiyyətləin Mirzə İbrahimov haqqında söylədikləri fikirləri çatdıracağıq:

 

 

Görkəmli şəxsiyyətlər Mirzə İbrahimov haqqında

1.     Bədii yaradıcılığı ilə yanaşı, Mirzə İbrahimovu respublikamızda və ölkəmizdə görkəmli bir ədəbiyyatşünas, alim, tədqiqatçı və publisist kimi də tanıyırlar. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü kimi bu sahələrdə onun fəaliyyəti yüksək qiymətə layiqdir və biz tam qətiyyətlə deyə bilərik ki, Mirzə İbrahimov bir ədəbiyyatşünas-alim kimi Azərbaycan elminin inkişafına böyük təsir göstərmişdir.

Heydər Əliyev, Ümummilli lider

 

2.     XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

3.     Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər. Adı-sanı və şöhrəti dillər əzbəri olsun…Azərbaycan xalqının sevimlisi, istedadlı yazıçı və dramaturqumuz, görkəmli ictimai xadim, dostumuz Mirzə İbrahimov məhz belə sənətkarlardandır. Ona görə də Mirzə kütlələrin hüsnrəğbətini, daha doğrusu, ümümxalq məhəbbətini şəxsi ləyaqəti sayəsində çoxdan bəridir ki, qazanmışdır.

Mikayıl Abdullayev, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı

 

4.     Mən onu xalq işinə çox lazımlı müsbət bir şəxsiyyət kimi tanıyıram.

Səməd Vurğun, Xalq şairi

 

5.     İllərin çiynində ədəbiyyatın, mədəniyyətin, elmin, yüksək vəzifələrin ağır, məsuliyyətli, həm də şərəfli yükünü daşımış bir hikmətli ömürdür Mirzə İbrahimov ömrü. Onu həyat öz məktəbində hazırlayıb. Ona görə də Mirzə İbrahimov özü də bir məktəbdir, – desək yanılmarıq. Bu məktəbin əlifbası – zəka, istedad və onları çiçəkləndirən, bara, bəhərə dolduran sonsuz əməkdir. 

Mirvarid Dilbazi, Xalq şairi

 

6.     Mirzə İbrahimov sözün həqiqi mənasında ensiklopedik bir yazıçı idi. O, istər bədii əsərlərində, istərsə də nəzəri-tənqidi məqalələrində dövrün ən mühüm hadisələrindən danışmış və hadisələri müasirlik baxımından qiymətləndirmişdir.

 Balaş Azəroğlu, Xalq şairi

 

7.     Əsl sənətkar üçün yazmaq, yaratdığı ilə insanlara düzgün yaşamağı öyrətmək böyük xoşbəxtlikdir. Bu baxımdan Mirzə İbrahimovun yaradıcılığı qibtə doğura bilər.

Əli Vəliyev, Xalq yazıcısı

 

8.     Heç şübhə yoxdur ki, Mirzə İbrahimov bizim ədəbiyyatımızda bütöv bir dövrdür.... Mirzə İbrahimovun taleyində böyük və əhəmiyyətli işlərə adi və gündəlik hadisələr sıx surətdə bir-birinə qarışmışdır. O, böyük əhəmiyyətə malik tarixi proseslərin və yalnız Azərbaycan Yazıçılar İttifaqının ədəbi həyatı üçün maraq kəsb edən hadisələrin iştirakçısı olmuşdur.

Anar, Xalq yazıcısı

 

9.     Öz xalqını, torpağını sevərdi – sevərdi ülvi məhəbbətlə. Həyatı, insanları, təbiəti, bəşəri sevərdi – sevərdi ülvi məhəbbətlə. Ürəyi açıq idi – bütün səmimi, təmiz qəlbli insanlara. Möhkəm və incəlik, cəsarət və mərd, çox geniş bilikli və intellektual, böyük mənəviyyat dünyası və həssaslıq – ümumiyyətlə, insana xas olan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.

Sevda İbrahimova, Xalq artisti, bəstəkar, yazıçının qızı

 

10.Mən bəstəkar kimi yetişməyimdə istedadlı yazıçı və ictimai xadim Mirzə müəllimə minnətdaram. Çünki Üzeyir Hacıbəyov kimi dahiyə məni ilk dəfə o təqdim etmişdir. Beləliklə də, gələcək həyat yolum müəyyənləşmişdir..

Şəfiqə Axundova, Xalq artisti, bəstəkar

 

11.Mirzə müəllim çox alicənab, çox işgüzar, yenə də təkrar edirəm, böyük insan idi. Sənətkar olmaq olar, amma əsl insan olmaq – o, Allah vergisidir.

Cövdət Hacıyev, Xalq artisti, bəstəkar

 

12.Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət dili səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı. Bu özü əsl qəhrəmanlıq idi!

Nəbi Xəzri, Xalq şairi

 

13.Mirzə böyük təşkilatçılıq bacarığına malik idi. O, elə bil çoxcəhətli, vüsətli iş üçün yaranmışdı. İşlədiyi sahənin bütün qlobal məsələlərini yanılmadan, düzgün istiqamətdə həll edirdi. Onda elə fitri istedad vardı ki, başçılıq etməyə başladığı sahənin bütün kollektivini əsas məqsəd uğrunda mübarizə üçün təşkil edə bilirdi.

Qılman İlkin, Xalq yazıcısı

 

14.Mirzə İbrahimov mənim üçün nəhəng mədəniyyət xadimi idi. Onun kimi adamlar dünyaya çox nadir hallarda gəlir. Bu insan nə qədər ağıllı, nə qədər dərrakəli, müdrik, nüfuzlu idi. Nə qədər bu insanda enerji var idi demək çətindir.

Tofiq Quliyev, Xalq artisti, bəstəkar

 

15.İstedadlı yazıçı, görkəmli alim, fəal ictimai xadim Mirzə İbrahimov bir ömürdə iki, bəlkə də üç ömür qədər çalışmış, xalqımızın mədəniyyət xəzinəsini zənginləşdirmişdir. O, yüksək intellektə malik şəxsiyyətdir.

Əzizə Əhmədova, Yazıçı, dramaturq, şair, tərcüməçi

 

16.İşıqlı sözlərin sönməz mayakdı,

El sənə arxadı, sən elə Mirzə.

Ay ustad, adın da böyük dayaqdı

Bizim dərdimizə, diləyimizə....

 Ağa Laçınlı, Filologiya üzrə fəlsəfə doktoru, şair

 Sabah Mirzə İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında seçməsi ilə tanış olacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.