Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
25 oktyabr. Ümumdünya Opera Günü
İncəsənətin ən kübar növlərindən biri olan opera günü elə bir gündür ki, həmin gün opera truppaları peşəkar və həvəskar operasevərlərlə birgə bu incəsənət növününü ən qiymətli məziyyətlərinə önəm verirlər. Bu gününü qeyd edilməsi bir informasiya kampaniyasının təşkil edilməsidir ki, cəmiyyətin opera barədə bilgilərini artırmağa hesablanır. Bu günün təqvimə salınması təşəbbüskarları Opera America və Opera Europa təsisatlarıdır. Bəs niyə 25 oktyabr? Çünki bu gün dünyada ən məşhur opera və operettaların müəllifləri olan iki dahi bəstəkarın – Jorj Bizenin və İohann Ştrausun doğum günləridir. Opera italyan dilində iş, məşğuliyyət anlamı verir. Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. 1480-ci ildə səhnəyə çıxan Beverininin "Müqəddəs Pavelin dönməsi" ruhani tamaşası tarixin ilk operası sayılır. Azərbaycanda isə opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq-müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulub.
Bu gün gərək mütləq Opera və Balet Teatrına baş çəkək.
25 oktyabr. Ümumdünya Makaron Günü
Bayramınız mübarək, makaronsevərlər. Ümumdünya Makaron Məmulatları Assosiasiyası 1995-ci ildən bu günü təqvimə salmağa müvəffəq olub, dünyanın az qala hər yerində bu un məmulatını sevirlər, italyanlar isə nəinki makaronu sevirlər, hətta spaqetti deyə əzizləyə-əzizləyə ona abidə də qoyublar. Makaronu kəşf edən çinlilər olsa da onu dünyaca məşhur edən italyanlar olublar. Bir təsəvvür edin, duru tomat sousunda, hisdə qurudulmuş qızartma kolbasa dilimləri, qara zeytun və göbələklə italyansayağı bişirilmiş spaqetti, yaxud, toyuq əti ilə ağ sarımsaq sousunda dadından doymaq olmayan fettuçini. Ya da rusların donanmasayağı bişirilmiş makaronları. Yaxud azərbaycansayağı – üzərinə ya kotlet, ya da ət qoyulmuş azacıq sousda makaron qaynatması. Bu gün bir sıra ölkələrdə restoranlar müxtəlif makaron yeməkləri təklif edəcəklər. Təsəvvür edin ki, 600 cür makaron növü var. Adlarına baxaqmı? Spaqetti şnur şəklində, vermişil balaca qurd çəklində, fuzilli kəndir çəklində, konçilyi balıqqulağı şəklində, penne lələk çəklində, kapellini nazik saç çəklində, rotini spiral şəklində olur. Bu gün makaronun bayramıdır. Mənsə bu bayram günündə uşaqlığımı xatırlayıb “Stremyanka və makaron” cizgi filminə baxacağam. Çünki makaron yeməkdən əsla xoşum gəlmir.
25 oktyabr. Beynəlxalq məktəbli kitabxanaları günü
YUNESKO-nun təklifi ilə qeyd edilən bu gün insanda necə nostalji hisslər oyadır. Məktəb illəri yada düşür, məktəbin özünəməxsus toz və kif qarışıq qoxusu olan kitabxanası üçün darıxırsan. Yadımdadır, sinif qızları sevgi seirlərini, melodramları tələb edərdilər, oğlanlar “Min bir gecə” kitabından ötrü sinov gedərdi. Amma o kitabı gördüm deyən olmazdı, nə vaxt istəyərdin, kitabxanaçı “əldədir” deyərdi. Mənim ən çox marağımı cəlb edən “Vokruq sveta” dərgiləri idi, hər dəfə macal tapanda gedib ilbəil “podşivkaları” qarşıma qoyar, dünyanın ən ucqar, ekzotik, sirli ölkələri barədə məlumatlar əldə edərdim.
Çox təəssüf ki, müasir dünyamızda kitabxanalar get-gedə arxaikləşirlər. İndi şagirlər üçün mobil telefon hər bir şeyi əvəzləyir.
25 oktyabr. Böyük şəxsiyyətlərimizi tanıyaq! Görkəmli general Mustafa Nəsirovun doğum günüdür
Hərb tariximizdə xüsusi yer tutan şəxslərdən biri də Mustafa Cəfər oğlu Nəsirovdur, 1921-ci il oktyabr ayının 25-də Dərbənd şəhərində anadan olan həmyerlimiz hərbi təhsil alan kimi SSRİ üzrə bir çox yerlərdə yüksək hərbi vəzifələr daşımışdır. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifəsini daşımış, 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuş, 1952-ci ilin sentyabrından Azərbaycan sərhəd dairəsinin Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala Sərhəd Dəstəsinin rəisi, 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olmuş, 1964-cü ildə polkovnik hərbi rütbəsi almışdır. 1968-ci ilin oktyabr ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandan müavini təyin olunmuşdur. 1972-ci ilin dekabrından SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini olmuşdur. 1987-ci ildə istefaya çıxan Mustafa Nəsirov, Azərbaycan Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. M.Nəsirov 1963-71-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1975-95-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı seçilmişdir. 1990-1995- ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə onun daimi komissiyasının sədri olmuşdur. O, “Qırmızı Bayraq” (1967), “Qırmızı Əmək Bayrağı” (1977) və “Vətən müharibəsi” (1985) ordenləri ilə təltif olunmuşdur. Ona Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” (1984), “Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı” (1980), eləcə də “Dərbənd şəhərinin fəxri vətəndaşı” (1996) fəxri adları verilmişdir. General-mayor ali hərbi rütbəsinə qədər yüksələn M. Nəsirov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mustafa Nəsirov uzun ömür yaşamış, 27 may 2012-ci ildə 91 yaşında Bakıda vəfat etmişdir. Haqqında “General Nəsirov” adlı film çəkilmiş, 2012-ci ildə “Ölməzlik” kitabı yazılmışdır. Ruhu şad olsun!
Şəkildə: Dünyanın ən yaxşı opera teatrı – La Skala, Milan, İtaliya
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)