Milli dövlətçiliyin qurucusu Heydər Əliyevi və milli mədəniyyətin oyaq vicdanı Cavidi xatırlarkən Featured

Fariz ƏHMƏDOV, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan bölməsi

 

Bu gün geriyə dönüb baxdığımızda milli dramaturgiyamızın  və milli dövlətçiliyimiz ininkişafında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi və Hüseyn Cavidi qürurla anırıq. Onları bütün cəhətlərinə görə qədim tarixi olan bu ölkənin, bu millətin milli önücü saymaq olar. 

 

Müasir, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əsəridirsə, Azərbaycan mənzum dramı Hüseyn Cavidin əsəridir. Etiraf etmək lazımdır ki, Heydər Əliyevlə Hüseyn Cavidi bir-birinə yaxınlaşdıran və oxşar edən cəhətlərin başında yaratmaq amalı dayanır. Heydər Əliyev insanları ədalətin və həqiqətin, millətə və vətənə xidmətin düzgün yolunu göstərib öz ardınca aparırdısa, Hüseyn Cavid öz əsərləri ilə insanlara ədalətin və həqiqətin düzgün yolunu göstərirdi. Heydər Əliyev tarixçi idi. Cavidin əsərlərinin əksəriyyəti isə, demək olar ki, tarixi hadisələrdən qaynaqlanırdı. Cavid əsərlərində həyatdan qaynaqlanan həqiqət var idi. Heydər Əliyevisə həyatın düzlüyünün, saflığının vurğunu idi. Bəlkə də, bu və bir çox səbəbini bilmədiyimiz meyar və mənbələr idi onları bir-birinə bağlayan.

 

Ölmək-yaşamaqdır! 

Sərsəm yaşamaq, ömrə yasaqdır

 

Heydər Əliyev  yaradıcılıq psixologiyasına, forma və üslub axtarışlarına önəm verirdi ki, H.Cavid yaradıcılığı da bu baxımdan nümunə idi. H.Cavid Şərq şeirinin ən yaxşı poetik ənənələrini, Füzuli sənətkarlığına xas cəhətləri, Türkiyə romantiklərinin novator xüsusiyyətlərini inkişaf etdirərək yeni forma və fərdi üslub yaradırdı. Hüseyn Cavid əruz vəzninə yeni elementlər gətirərək əruzun özünəməxsus poetik fiqurlarını yaratdı. Ulu Öndərin dəyər verdiyi cəhətlərdən biri də məhz bu idi. Əlibəy Hüseynzadə Azərbaycan romantizminin estetikasını, Hüseyn Cavid isə poetikasını yaratdı.

 

Ah, bu sözlər nə qədər incə, dərin,

Böylə kəskinsə də, xoşdur şeirin!

 

1993-cü ilin sentyabrında Heydər Əliyev AMEA-nın ziyalıları ilə görüşdə Cavid şəxsiyyəti və yaradıcılığı ilə bağlı gördüyü işləri belə xatırlayırdı: “Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavid cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1982-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında qəbul edilmiş qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər. İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu?”

Heydər Əliyevin Cavidlər ailəsi ilə tanışlığı uşaqlıq və gənclik dövründə baş vermiş, Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onunilk ana dili müəllimi olmuşdur. 1943-cü ildə ordudan qayıtdıqdan sonra Naxçıvana gələn Ərtoğrol Cavidi, sonralar isə Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımı, şəxsi söhbətləri zamanı Cavid şərəfini, ləyaqətini həmişə uca tutaraq həyatın bütün ağrı-acılarına, keşməkeşlərinə ər kimi sinə gərən Turan Cavidi yaxşı xatırlayan Heydər Əliyev ürəyində Cavid sevgisinin qüvvətlənməsində, şübhəsiz ki, ünsiyyətin böyük rolu olmuşdur. Bu bağlılıq və sevgi təkcə bununla tamamlanmamış, o dövrdə tələbə gənclər arasında populyar olan Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində də baş rolu Ulu Öndər uğurla ifa etmişdi. Hələ gələcəyin qeyri-müəyyən olduğu bir dönəmdə, Cavid məqbərəsinin ucaldılmasını proqnozlaşdıran Heydər Əliyevin ülvi məqsədləri, peyğəmbəranə uzaqgörənliyi, Cavid xatirəsi qarşısında bütün Azərbaycan xalqının daşımalı olduğu borc hissi heyrət doğurmaya və bu söz sahibi üstün zəka qarşısında baş əydirməyə bilmir.

Hüseyn Cavidi layiqli bir şəkildə Uzaq Sibirdən Vətənə gətirərək tamamlamağı bacaran Heydər Əliyev haqqında Turan xanım minnətdarlığını bildirərək yazırdı: “Onu da xatırlayırıq ki, bunu eşidən digər millətlər də repressiya qurbanları olan böyük şəxsiyyətlərin, yaxınlarının cənazəsini öz diyarlarına gətirmək istədilər. Lakin qürbətdən doğma elinə qayıdan, doğma torpağa qovuşan təkcə Hüseyn Cavid oldu”.

Hələ 90-cı illərin əvvəllərində zülmətdə dayanıb nura qəhqəhə çəkməklə öyünən, küfrü haqq, mərifəti cəhalət sanan dövlət başçıları Heydər Əliyevin “Azərbaycanın milli sərvəti” adlandırdığı Elmlər Akademiyasını bağlamaq istəmirdilərmi? Və bu sərvəti xilas edən Cavidin peyğəmbəri Heydər Əliyev olmadımı? Cavid peyğəmbərin susmasını tarixi bir ziyan, tarixin ədalətli gedişinin pozulması adlandırırdı:

 

Əvət, gözlər kordur, qulaqlar sağır,

Vicdanlar qabadır, tənələr ağır.

Fəqət sağır qulaqları açmalı,

Dikənli yollara güllər saçmalı.

 

Cavid yazdığı əsərləri ilə  əbədiyyət işığı, romantizm simvolu, ədəbiyyat dünyamızın obrazlaşmış simasıdır. Onun özü, sözü, qələmə aldıqlarının açarı sevgidən keçir, sevgiyə gedir. Cavid elə bir işıqdır ki, onun səmadan yerə enişi, batışı olmadı. O, sönməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaq. Bəşəriyyətin yaradıcısının sevgisi ilə dolub-daşan dramaturq əsərlərininin təməlini sevgidə gördüyü üçün eşqlə yazır, eşqin işığı ilə yaradırdı. O, əsərlərini eyni eşqlə çıraqlandırdığı üçün sönməz və əbədiləşib. Cavidin iz qoyduğu əsərlər  həssas, sadə qəlblərin məskunlaşdığı, rahatlıq tapdığı, sığındığı doğma diyardır. Bizə sadəliyi incəlikləri ilə öyrədən Cavid həmişə bizimlə söhbət edəcək bir obrazı, “Gülbaharı“ qoyub gedib. Cavid yazdıqları ilə bizə sevgini öyrətməyib, yazdıqları ilə sevgi olmağımızı öyrədib. O yalnız sevgi ilə deyil, həqiqətə aşiqliyi ilə də fərqlidir, orijinaldır. Oxucuları onun idrakını, fəlsəfəsini, həqiqətə olan aşiqliyini Azərləşərkən görür. Dolğun məzmunlu “Azər” bir çox əsərin fəlsəfəsinə yekun vurur. Cavid dünyası rəngarəng, çoxşaxəli mövzularla dolu olub. Bu doluluq ədəbiyyatımızın da boşluqlarını doldurub. O, bəzən yazdıqları ilə bir insanı yox, bütün yaradılışı, bəşəriyyəti dilləndirib. Bəşəriyyətin iç üzünü ortaya çıxaran Cavid insanları iblis donlarını ataraq saflaşmağa səsləyib. Cavid ədəbiyyatımızda unikallığın göstəricisi, orijinal ifadələrin təcəssümüdür. Onun qəlbə toxunan lirikası insan ruhunu qucaqlayan, onlara həmdəm olan misralardan ibarətdir. Cavid adının əbədiliyində elə bir işıqyandırıb ki, o işıq Cavid irsini bütün dövrlərdə öndə saxlayır, dünyaya tanıdır. Türkçülük, turançılıq sevdasından dönməyən dramaturq sözləri, misraları ilə dünyanı bölünməz və bir bütün olaraq görür.

Cavid aşıladığı sevgi ilə də hər zaman sevilib. O sevilməsə, Sibirdən gətirilməz. Cansız bədəni ona sevgili olan Naxçıvanına tapşırılmazdı. Onun sevgisi o qədər böyük idi ki, ona sevgi verən torpaq onu sevgi ilə öz canına almazdı.

 

Səni kimlər xatırlamadı Cavid əfəndi

 

Cavid “İblis”i yazdıqdan tam bir il sonra Mustafa Kamal adında bir savaşçı və xilaskar öndər ortaya çıxdı. “İblis”i oxuyub oradakı Elxanın davranış və düşündüklərinə nəzər yetirərkən adama elə gəlir ki, Mustafa Kamal Atatürk bu əsəri oxuyaraq qurtuluş savaşına qatılıb. Türkiyədə Azərbaycanın səfiri kimi fəaliyyət göstərən İbrahim Əbilov öz xatirələrini Cavidə danışarkən deyərmiş ki, Mustafa Kamal “İblis”i tez-tez tamaşaya qoydurar və deyərdi: “Oradakı Elxan mənəm”.

Ustad sən bir əsr əvvəl etdiyin duanın qəbul olmasının bəxtiyarlığını yaşatdın bizə. Türkiyə Cümhuriyyətinin Prezidenti, turançılıq sevdası ilə alışıb yanan Rəcəb Tayyip Ərdoğan tərəfindən uyuduğun torpaqda öz  şeirinlə yad edildin. Bəlkədə, o şeir sən hiss etdin deyə səsləndirdi:

 

Hər bəladan əsirgə yurdumuzu,

Kamran eylə şanlı ordumuzu.

 

Cavid Türkiyədə məşhur filosof Rza Tevfik, Xalid Q, Məhmət Akifdən dərs alaraq Türkiyə ədəbi-mədəni mühitində Namik Kamal, Şinasi, Ziya Paşavə bir çox tanınmış simalarla yaxından tanış olub. Türkoloqların təbiri ilə desək, Cavid türkcəsi Bakıdan-İstanbula, Təbrizdən-Türkistana qədər böyük bir ərazidə anlaşılan bir dil deyil, ümumilikdə, XX yüz il türkologiyasından təzahür etmiş böyük hadisədir.

 

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın.

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

 

“Enmərəm, kim istəyir qoy gəlsin, hər kim mənisevirsə yüksəlsin”

 

Təbii ki, Cavid kimi gözəllik və haqq carçısının əsərlərinin lazımi səviyyədə nəşr edilməməsi UluÖndəri narahat etməyə bilməzdi. Lakin ömür HeydərƏliyevə vəfa etməsə də, O özü qədər inandığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cavid külliyyatının orijinalına tam uyğun şəkildə 2005-ci ildə şairin qızı Turan Cavid tərəfindən hazırlanıb, beşcildliyi latın qrafikası ilə çap edilərək xalqa Cavid əbədiyaşarlığı çatdırıldı. Şübhəsiz ki, ataların başlatdığı milli-mənəvi dəyərlərə sahib vətənpərvərlik qayəsinin bayraqdarı övladlardır. Necə ki ədəbiyyatımızda, incəsənətimizdə varislik ənənələrin davamlı inkişaf etdirilməsi özünü göstərirsə, eyni amil dövlətçilik siyasətimizdə də açıq-aşkar müşahidə edilir. 

Bu gün Naxçıvanın ən sevgi dolu yeri Cavidin məqbərəsidir. Eşqi dadanlar barmaq uclarında ona üz tutur, sevgini doya-doya yaşayırlar. Dünyaya xoşbəxtlik arzu edən şairin faciəli, eyni zamanda qürurverici həyat tərzini, ailəsinin şan-şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan cavidlər ailəsinin keşməkeşli həyat tərzini göz önündə canlandırarkən hər bir Cavidsevər özünü Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin oktyabr ayının 29-da Naxçıvand aaçılışını etdiyi Cavid məqbərəsinin qarşısında görür. Burada Cavid ailəsi uyuyur. Bütün acılarını sarıb, həsrətlə bir-birinə qucaqlayıb isti evlərində yuxuya gediblər....

 

Mən yetişdim atəşli su

Öpüşdüyü bir ölkədən.

İzləyirkən sevgi yolu

Acı duydum hər kölgədən

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.