“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, millət vəkili, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu və millət vəkili, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa görkəmli şair Məmməd İsmayıla qarşıdan gələn 85 illik yubileyi ilə bağlı təbrik məktubu göndəriblər.
Polad Bülbüloğlunun təbrik məktubunda yubilyar şairin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:
“Hörmətli Məmməd müəllim,
Sizi qarşıdan gələn 85 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı diləyirəm!
Siz, imzası ölkə hüdudlarından uzaqlarda da ün qazanmış görkəmli şairsiniz. Ədəbiyyat, mədəniyyət və ictimai xadim olaraq unudulmaz xidmətləriniz Sizə şöhrət qazandırıb.
Şair, ədəbiyyatşünas, tərcüməçi, publisist, filoloq-alim kimi, söz sənətimizin inkişafı, zənginləşməsi, həqiqətlərimizin təbliği və tərənnümü baxımından gördüyünüz işlər bizə yaxşı məlumdur.
Yaradıcı, pedaqoji fəaliyyətinizlə yanaşı, Siz, bir sıra önəmli ictimai və dövlət vəzifələri daşımış, uğurlara imza atmısınız.
Siz fərqli dillərdə gün üzü görən 50-dən çox bədii və elmi kitabın yazarısınız; özünüzün çoxsaylı tərcümələriniz var; eləcə də, ölkəmizi mötəbər ədəbiyyat festivallarında uğurla təmsil etmisiniz. Keçmiş SSRİ dönəmində də, ölkəmiz müstəqillik qazandıqdan sonra da, sanballı ödüllərlə təltif olunmusunuz.
Sizi yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı diləyirik”!
Fazil Mustafanın təbrik məktubunda isə deyilir:
“Hörmətli Məmməd müəllim,
Sizi qarşıdan gələn 85 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı diləyirəm!
Xalqımız Sizi, haqlı olaraq, görkəmli şair, ədəbiyyatşünas, tərcüməçi, publisist, filoloq-alim və ictimai xadim olaraq, dərin məhəbbətlə tanıyır və sevir. Dillər əzbəri olan şeirləriniz, məhsuldar ədəbi-bədii yaradıcılığınız Sizə böyük şöhrət qazandırıb – imzanız ölkə hüdudlarından uzaqlarda da yaxşı tanınır.
80-90-cı illərdə Respublika “Gənclik” Ədəbi Birliyinin başçısı (1983-1992), ünlü “Gənclik” dərgisinin baş redaktoru (1988-1992) olaraq, gənc ədəbi nəslə qayğınız, habelə ictimai fikrin düzgün qidalanması, həqiqətlərimizin gün üzünə çıxarılması baxımından xidmətləriniz unudulmazdır.
Siz 1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində, 1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1976-1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışmış, 1983-1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin) sədri olmusunuz. Siz harada çalışmısınızsa, həmişə milli mədəniyyətə, etnoyaddaşa, Türk dünyasına məhəbbət dolu və köklü yanaşmalarınızla seçilmiş, eləcə də, xalq hərəkatında fəal iştirak etmiş, öndə olmusunuz.
Siz qardaş Türkiyənin Çanaqqala 18 Mart Universitetində professor kimi uzun illər elmi-pedaqoji fəaliyyət göstərmisiniz.
Əsərləriniz 50-dən çox fərqli dilə çevrilib; siz özünüz də, müxtəlif ölkələrin sənətkarlarının bir sıra əsərlərini çevirərək, Azərbaycanda və Türkiyədə yayınlamısınız. Yaradıcılığınız Azərbaycanda və Türkiyədə elmi tədqiqata cəlb olunub. Ölkəmizdə və xaricdə nüfuzlu ədəbi qurumların seçkili orqanlarının üzvüsünüz.
Siz 30-dan çox ölkədə keçirilən mötəbər festivallarda ədəbiyyatımızı layiqincə təmsil etmisiniz.
İndiyədək fərqli dillərdə Sizin 50-dən çox bədii və elmi kitabınız, 300-dən çox məqaləniz yayınlanıb, onlarla şerinizə mahnı bəstələnib.
Keçmiş SSRİ dönəmində, eləcə də, müstəqillik illərində ölkəmizdə və xaricdə bir sıra nüfuzlu ədəbi ödüllər qazanmış, mötəbər ədəbiyyat festivallarının birincilik ödülünə layiq görülmüsünüz.
Sizi 85 illik yubileyinizlə bağlı bir daha təbrik edir, möhkəm cansağlığı diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)