On ildən artıqdır ki, “Dostluq bayramı” festivalı adlı çoxjanrlı mədəniyyətlər bayramı Murmansk vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələrini bir yerə toplayır. Bu müddətdə festival əsl sülh, xeyirxahlıq və dostluq bayramına çevrilib. Bu tədbir hər il “Mədəniyyətdən birliyə” devizi altında təşkil olunur.
Murmansk vilayətindəki “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayət bölməsinin mətbuat katibi, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov AzərTAC-a bildirib ki, builki bayram xüsusi əhəmiyyət kəsb edir – Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 2022-ci il Rusiya Xalqlarının Mədəni İrs İli elan edilib.
Rusiya Federasiyasının Murmansk vilayətinin mədəniyyət naziri Olqa Obuxova tədbirdə çıxış edib. O qeyd edib ki, Zapolyarye diyarında tarixən ən müxtəlif xalqların nümayəndələri yanaşı yaşayıblar. Murmansk vilayətinin heyrətamiz mədəni müxtəlifliyini simalıların gələcək nəsilləri üçün qoruyub saxlamaq məqsədilə “Dostluq bayramı” kimi xoş ənənəni, əlbəttə, davam etdirmək lazımdır.
“Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri Afil Hüseynov çıxışında vurğulayıb ki, şimallılara xas olan qarşılıqlı hörmət və dostluq, mədəni müxtəliflik və mənəvi birlik Murmansk sakinlərinin qürur mənbəyi, onların ən böyük sərvətidir.
Festival çərçivəsində təşkil edilmiş sərgidə müxtəlif mədəniyyətlərə xas olan milli məişət əşyaları və dekorativ-tətbiqi yaradıcılıq məmulatları nümayiş etdirilib. Sonra böyük konsert proqramı təqdim olunub. Konsertin proqramına müxtəlif xalqların mədəniyyətini əks etdirən rəqs, musiqi və ədəbiyyat nömrələri daxil edilib.
Festivalda “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədr müavini Hüseynalı Hüseynov, regiondakı milli-mədəni mərkəzlərin, ictimai təşkilatların, yaradıcı kollektivlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.