Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə məktub göndərib.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Akademikin 75 illik yubileyi ilə bağlı yazılan məktubda deyilir:
“Hörmətli İsa müəllim,
Sizi – görkəmli ictimai, ədəbiyyat və elm xadimini 75 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm cansağlığı, həyat və fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz XIX-XX yüzillər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şahtaxtinski irsinin araşdırılması, romantik poeziyanın nəzəri problemlərinin tədqiq edilməsi sahəsində sanballı elmi uğurlara imza atmısınız. Ümumən ədəbiyyat nəzəriyyəsi, o cümlədən XX yüzilin əvvəlləri Azərbaycan romantik lirikası, eləcə də, C.Məmmədquluzadənin mühiti, çağdaşları öndə olmaqla Azərbaycan ədəbiyyatı tarixi Sizin əsərlərinizdə çoxsaylı qaynaqlar əsasında geniş işıqlandırılıb, həmin əsərlər özləri ciddi qaynağa, nüfuzlu elmi istinadgaha çevrilib.
Siz 100-dən artıq kitabın, toplam 800-dən çox elmi əsərin müəllifi olaraq, məhsuldar elmi xidmətinizlə seçilirsiniz. Sizin çoxsaylı monoqrafiya, dərslik, dərs vəsaiti, tanıtma kitabı, albom-monoqrafiya, tərtib kitabı və b. nəşrlərin elmi redaktoru, rəyçisi, layihə rəhbəri olmağınız, 20-yə yaxın elmlər doktoru, 30-dan artıq fəlsəfə doktoru yetişdirməyiniz, ümumən xeyirxahlığınız, şöhrətinizə şöhrət qatıb.
AMEA-nın ən önəmli qurumlarından olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna, son illər, bütövlükdə AMEA-nın özünə rəhbərliyiniz Sizin xeyirxahlığınızın, xidmətlərinizin üfüqlərini daha da genişləndirib.
Uzun illər Milli Məclisin üzvü olaraq səmərəli fəaliyyətiniz unudulmazdır.
timiz Sizin xidmətlərinizi yüksək qiymətləndirib; Siz Azərbaycan Prezidentinin sərəncamları əsasında Əməkdar elm xadimi fəxri adına, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülmüsünüz.
Sizi Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, elmi-ictimai fəaliyyətinizdə yeni uğurlar diləyir, ən xoş arzularımızı yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)