Bu gün Beynəlxalq Streyt-ədj Günüdür –HAMIYA LAZIM OLAN BİR GÜNDÜR Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin doğum günü

Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.

Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!

 

17 oktyabr. Yoxsulluqla mübarizə günü

İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə  BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!

 

17 oktyabr. Streyt-ədj günü

Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!

 

17 oktyabr. Frederik Şopen sevgisi

Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü.  Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.

1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.

Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.