Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun haqqında fikir yürüdənlər heç də birmənalı danışmırlar. Necə deyərlər, topa tutanlar da var, tərifləyənlər də. Təbii haldır, belə aydınlar zəmanəsində birmənalı qarşılanmasalar da, tarix onları gələcək nəsillərə örnək kimi ötürə bilir. Bəzən mənə elə gəlir ki, Fazil Mustafa ötən əsrin əvvəlində yaşamış Mirzə Cəlilin müasir taleyini yaşayır…
Doğrudur, rəsmiyyətdə müxalifəti təmsil etsə də, müxalifətdə iqtidarı təmsil edir. O, xalqın arasında hakimiyyətin yox, hakimiyyətin içində xalq adamlarından biridir…
Təsadüfən "Anews Tv" yutub kanalına verdiyi müsahibəyə rast gəldim. O qədər gözəl fikirlər söylədi ki, illərlə ifadə etməyə səy göstərdiyim, çalışıb sözə çevirmək istədiyim fikirləri dilə gətirdi. Səmimiyyətimə inanın, bu gün o, hansı siyasi platformada təmsil olunduğundan, kimi dəstəklədiyindən asılı olmayaraq, zəmanəmizin Mirzə Cəlilidir...
Gözümü açandan bu cəmiyyət "ZİYALI" anlayışını hələ də müzakirə edir. Nəhayət ki, ZİYALI kimdir sualına ən dolğun cavabı Fazil bəydən eşitdim.
Deyir ki:- "Tarixlə yaşayan xalqlar faciəvi xalqlardır. Onları tarixdən ayırıb müasir dövrə gətirməyi bacarmaq lazımdır. Xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə bilməlisən. Təəssüf ki, bu baş verməyəndə Dədə Qorqud eposunda deyildiyi kimi, insan- baş kəsib, qan töküb ad qazanmağa üstünlük verir və zəkayla ad qazanmaqdan vaz keçir."
Bəli, əsl ZİYALI xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə biləndir...
Çox yox, hər dəfə Azərbaycan parlamentində təmsil olunan 125 deputatın 110-u Fazil Mustafa təfəkkürlü, Fazil Mustafa düşüncəli və nəhayət Fazil Mustafa məzmunlu insan olsaydı, xalq öz millət vəkilləri ilə fəxr edərdi...
Fazil Mustafa mövcud sistemin yaratdığı bəsit şərait daxilində xalqın problemlərinin həllinə yarımağa can atan tək-tək vicdanlı ziyalılardandır. O, deputatlığın imkan və imtiyazlarını özünə həsr edən adamlardan yox, xalq üçün xərcləməyi bacaran insanlardandır...
Bu günlərdə onun 59 yaşı tamam olur. Müxalifətin iqtidar yönlü, hakimiyyətin müxalif yönlü deputat kimi tanıdığı Fazil bəyi yeni yaşı münasibətilə təbrik edirəm.
Kim necə tanıyır tanısın, mən onu xalqımın qənimət övladlarından biri hesab edirəm.
Yolu açıq olsun!
Ad günü mübarək!
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)