Bu gün Joze Saramaqonun “Korluq” romanı niyə aktual olsun ki? - TƏQVİM Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

14 oktyabr. Qızıl payızın daha sürtəli yürüşü. Günəşli saatlar azalır, səma buludlu, ara-sıra yağışlıdır. Dalandarların ən sevmədiyi fəsildir payız. Bütün günü küçələrdən xəzəl yığışdırmaq sizə asan gəlməsin.

Payız həm də hisslərin, duyğuların oyanması, insanın emosional olması zamanıdır, həm də sentimental. Günəş qeyb olduqca qəlblərə kədər və qüssə də çökür, payız həm də kədər fəslidir.

Bu günə təsadüf edən əlamətdar hadisələri nəzərinizə çatdırırıq:

 

14 oktyabr. Ümumdünya Görmə Günü

Müasir tibb göz xəstəliklərinin 80 faizini sağalda bilir, amma bəzən elementar tibbi avadanlıqların və mütəxəssislərin çatışmazlığı ucbatından vaxtında xəstəliyə müdaxilə edilmir və insan görmə qabiliyyətini itirir. Məsələn, ÜST 2017-ci ildə belə bir məlumat yaymişdi ki, Afrika qitəsində 26,3 milyon insan görmə qabiliyyətinin müxtəlif fəsadları ilə yaşayır. Bunlardan da 5,9 milyonu artıq tamamən kordur. Ümumən, Afrika qitəsi göz xəstəliklərinə görə dünya birincisi olmaq kimi kədərli liderliyi özündə saxlayır, dünyadakı kor əhalinin 15,3 faizi burada yaşayır. Tibb müəyyən edib ki, korluq yaradan hallar sırasında traxoma, onxoserkoz kimi infeksion xəstəliklər aparıcı yer tutur. Ən geniş yayılmış göz xəstəlikləri katarakta, qlaukoma və diabetik retinopatiyadır. Göz xəstəliklərinin statistik yaşı isə 50 və daha yuxarı yaşlardır.

Yəqin Nobel mükafatçısı Joze Saramaqonun “Korluq” romanını oxuyanlar var. Gözəl əsərdir, oxumağa dəyər.

Biz fiziki korluqdan danışırıq əlbəttə, bu qeyd edilən gün fiziki korluğa həsr edilib. Mənəvi korluğu özündə ehtiva edən gün, əlbəttə ki təqvimdə yoxdur. Bununla belə, ətrafdakı adamları, binaları, maşınları, ağacları, bir sözlə, hər şeyi görsələr belə HƏQİQƏTİ görməyən korlar da var, bu cür görən korlar, çox təəssüf ki, əksəriyyətdir.

 

14 oktyabr. Keçəllər Günü

Saç tökülməsindən əziyyət çəkən saçı seyrəklər, artıq dazlaşmaya məruz qalanlar, anadangəlmə keçəllər və s. və i. Bu gün belələri diqqət mərkəzində olacaq. Saç əkən mütəxəssislər, dazlaşmanın əleyhinə kosmetik vasitələr və müalicə vasitələri istehsal edən nəhəng industriya,  hətta  “başa tük gətirən eleksir” adı altında pasientlərə mənşəyi bəlli olmayan preparatlar sırıyan işbazlar bu gün gündəmdə olacaq. Amma keçəllər gününün mənşəyində tək belələri dayanmır, saçını ülgüclə dibdən qırxdıran keçəllər də bu günün qəhrəmanları sayılır. Hətta bir çox ölkələrdə ənənə var, məhz bu gün saçların köklərinə fayda gətirilsin deyə insanlar başlarını keçəl eləyirlər.

Şifahi ədəbiyyatımızdakı Kosanın dostu Keçəli xatırlayıb bu gündən saçlara qayğı göstərin. Unutmayın, irsi amillər dominantlıq təşkil eləsələr belə, kimyəvi, ekoloji təsir, iş və qida rejimi də saçların tökülməsində aparıcı faktordur. Saçlarınızı qoruyun!

 

14 oktyabr. Eyzenhauer və Maldelbrot

Beynəlxalq standartlaşdırma günü. Ekoloji təhsil günü. Lukoşenkogildə Ana, Baydengildə desert günü. Gürcü qonşularımızda bu gün dini bayramdır – Mtsxetoba günü. Cənubi afrikalılar isə polşalılarla bəhsə girib onlardakı təhsil gününün qarşılığında keys-menecer həftəsi keçirirlər. O ki qaldı bu gün dünyaya gələn tarixi şəxsiyyətlərə, 34-cü ABŞ prezidenti Duayt Eyzenhauerin adını niyə çəkməyək ki? 1890-cı ilin bu günündə doğulan bu şəxs 1953-61-ci illərdə superdövlətə başçılıq edib, ondan əvvəl isə 2-ci dünya müharibəsində faşistlərə qarşı vuruşan müttəfiqlərin (ABŞ, Britaniya və Fransa) ordusunun Baş komandanı olub. Amma bu gün dünyadan gedənləri də xatırlamaq lazımdır, insafsızlıq etməyək. 2010-cu ilin bu günündə dünyaşöhrətli fransız riyaziyyatçı, fraktal cəbrin banisi Benua Maldelbrot dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.