Gənclər Kitabxanası professor Aida İmanquliyevanın 85 illik yubileyi ilə əlaqədar olaraq materiallar təqdim edib

Ötən gün Azərbaycanın tarixində ilk ərəbşünas qadın,  bütün həyatını Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək şərəfli bir ömür yaşamış, elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə böyük nüfuz qazanmış alim, istedadlı pedaqoq, xeyirxah, humanist, incə qəlbə malik şəxsiyyət Aida İmanquliyevanın 85 illik yubileyi tamam oldu. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın mənalı həyat yolundan bəhs edən virtual kitab sərgisini və yenilənmiş elektron məlumat bazasını geniş istifadəçi auditoriyasına təqdim edib. 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron bazada Aida xanımın həyat və elmi fəaliyyətinin əsas tarixləri, müəllifi olduğu və onun haqqında qələmə alınan əsərlər, tərcümələr, dövrü mətbuat nümunələri təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Vasif Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında söylədikləri dəyərli fikirlər, xatirələr, professorun seçilmiş fikirləri də yer alır. Məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Redaktoru və tərtibçisi olduğu kitablar” bölmələri də mövcuddur. İstifadəçilər elektron resurs vasitəsilə Aida xanımın həyat və elmi, ictimai fəaliyyətini əks etdirən foto və video qalereyadan da yararlanmaq imkanına malikdirlər.

Bundan əlavə kitabxananın əməkdaşları tərəfindən özündən çoxlu sayda dəyərli məlumatları, kitab və dövrü mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisi də hazırlanıb.Virtual kitab sərgisində Aida xanımın Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim,  Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutununisə ilk qadın direktoru olması, elmi-təşkilati fəaliyyətində neçə-neçə yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasına böyük həssaslıqla yanaşması, bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda Azərbaycan şərqşünaslığını, ədəbiyyatını ən yüksək səviyyədə təmsil etməsi kimi faktlar yer alıb. Virtual kitab sərgisində ərəb dünyası və ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi və multikulturalizm mövzusunda qələmə alınmış “Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması – Aida İmanquliyeva”, “Qələmlər birliyi və Mixail Nüaymə”, “Ərəb filologiyası məsələləri”, "Dünya deyilən sənmişsən", "Cübran Xəlil Cübran" "Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri", "Şərq-Qərb-ortaq mənəvi dəyərlər" kimi kitabların biblioqrafik təsviri yer alır.

Hazırlanmış material kitabxananın rəsmi saytındahttps://ryl.az/melumat-bazalari/Professor_Aida_%C4%B0manquliyeva_el_melumat_bazasi/index.html və sosial şəbəkələrdə yerləşdirilib.

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.