“Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına” - SABAH ƏHMƏD CAVADIN GÜNÜDÜR Featured

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli simalar, fikir və düşüncə sahibləri, filosof təbiblər, mütəfəkkir alim və şairlərin irsi ilə ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən Odlar Yurdu Azərbaycanda dünyaya gələn Əhməd Cavad tək və yeganə şairimizdir ki, hər gün onun misralarının hökmündə Vətən adına ayağa durur, səcdəyə gəlirik.

 

Biri-birindən qiymətli poetik nümunələrin, şeir və tərcümələrin müəllifi Əhməd Cavad Azərbaycanın dövlət rəmzi olan Himninin müəllifidir. Hər gün məhz bu qüdrətli şairin, özü də ölməz, Azərbaycanın özü qədər əbədi şairin dili ilə “Ey qəhrəman övladın, şanlı diyarı”, “Səndən ötrü qan tökməyə, səndən ötrü can verməyə, Cümlə hazırız” deyir, “Bir kərə yüksələn bayrağın” bir daha enməməsi üçün mücadilə edir, varlığımız qədər sevdiyimiz Azərbaycanın dünya dövlətləri sırasında möhkəmlənməsi, tərəqqisi naminə “müsəlləh əsgərə” dönürük.

Əhməd Cavad 1892-ci il mayın 5-də Şəmkirdə dünyaya gəlib. Müəllimlik edib müəllimdən uca ad tanımayıb. Rus, gürcü və Avropa klassiklərinin əsərlərini dilimizə çevirib. 1914-cü ildə dünya Osmanlının üzərinə yeriyəndə Çanaqqalada düşmənə qarşı savaşan azərbaycanlıların sırasında yer alıb. “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına” nidası ilə Turanın, türk dünyasının Sevgi dastanını yaradıb.

1918-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyəti qurulanda dövlət rəmzimizin – Himnin müəllifi kimi İstiqlalın Əbədiyyət Şərqisini ruhların qida yerinə çevirib.

Qubada, Qusarda, ölkəmizin ayrı-ayrı yörələrində müəllimlik edib, ruhunu, duyğularını yetirmələrinin ardıcıllarının beyinlərinin şırımlarına köçürüb. Şərqin ilk Demokratik Cümhuriyyəti Qızıl Ordunun “Qırmızı Terroru”na məruz qalanda digər Cümhuriyyət qurucuları kimi onun da başının üstünü qara buludlar alıb. 1937-ci ilin dəhşətli repressiyaları zamanı pantürkist damğası vurularaq oktyabrın 12-də Nargin adasında güllələnib. Məzarı ala gözlü Xəzər, kəfəni hilallı, ulduzlu üç rəngli Bayraq olan Əhməd Cavadın ailə üzvləri, “Şükriyyə taleyim şükür Xudaya” dediyi, Şükriyyəsi də, övladları da Türküstan qırgəzlərində dəhşətlərə məruz qalıb.

Bu gün Azərbaycan azaddır, müstəqildir. Hilallı, ulduzlu, üç rəngli bayrağımız özgürlüyün rəmzi olaraq dünyanın nəhəng dövlətlərinin önündə dalğalanır. Rəsmi görüşlər, törənlər böyük Üzeyir bəyin Əhməd Cavadın sözlərinə bəstələdiyi Himnlə açılır.

Üçrəngli bayrağı ilə məsud yaşayan Azərbaycan xalqı Dövlətimizin, Gerbimizin, Bayrağımızın, Himnimizin özü qədər əziz Əhməd Cavadın ruhunu sayğı ilə anır, Onun Millət, Məmkəkət sevgisi önündə səcdəyə gəlir, mənsub olduğu millətin “İstiqlal Bəyannaməsi”ni misralarında əbədiləşdirən şairin məqamının uca, məkanının cənnət olması üçün Tanrıya dualar edir.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.