Yanğınsöndürən və edam cəzası Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün bol tarixi hadisə və əlamətdar günlə yadda qaldı. Mənsə çox götür-qoy edib gün başa çatanda onlardan ikisinə diqqət ayırmağı məsləhət bildim. 

 

Birincisi - Edam Cəzasına qarşı beynəlxalq və Avropa Mübarizə gününə. 

Bildiyiniz kimi, Azərbaycan bundan 10 il öncə ölüm hökmünü ləğv etmiş ölkədir

Ölüm hökmünün ləğvi, edam cəzasına qarşı mübarizə min illərdir bəşəriyyəti düşündürən ən ciddi məsələlərdən biridir. Tanrının yaratdığı bəndənin də alın yazısı ilə dünyadan köçməsi hüququndan məhrum edilməsi əslində Yaradanın üstünə yeriməkdir. Edam cəzasının daha çox ümumbəşəri dəyərlər xəzinəsinə töhfələr verən milli mənlik və mili kimlik uğrunda mücadilə edən mücahidlərə şamil olunması isə dəhşətin sərt üzüdür. Janna Darkın sırasında Kopernikin, Cordan Brunonun, Babəkin, Həllac Mənsurun, Nəiminin, Seyid İmadəddin Nəsiminin, Şeyx Cəmaləddin Əfqanınin, Molla Pənah Vaqifin yer alması iqtidar sahiblərinin günahı, cəmiyyətin isə faciəsi idi.

Günümüzə qədər bir çox dövlətlərdə qalmaqda olan ölüm hökmü və edam cəzası ilə bağlı müxtəlif tədbirlər, humanitar forum və konfranslar təşkil olunsa da, bu məsələ hələ də dünyanın həlli vacib problemlərindəndir. Bu səbəndən də Avropa Şuasının Nazirlər Kabineti 2007-ci ildə edam cəzasına qarşı beynəlxalq və Avropa gününü təsis etdi.

Bu tarixi qərardan nə az, nə çox düz on il öncə Şərqdə ilk Demokratik Cümhuriyyəti quran, Qadına seçmək və seçilmək hüququnu Avropadan illər öncə verən Azərbaycanda 1998-ci ildə ölüm hökmü ləğv edilmişdir. Ölkənin I Vitse-prezidenti xanım Mehriban Əliyevanın on il öncə Millət vəkili olaraq Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Azərbaycan Respublikasında ölüm hökmünün ləğvi” ilə bağlı qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsinə təsadüf edən bu humanist addım qüdrətli simalarını düşünən beyinlərini, mütəfəkkir şairlərini tarixin müxtəlif dönəmlərində fəda etmək məcburiyyətində qalan, mənəvi terror aktlarına, repressiyalara baxmayaraq özgürlüyə, əbədi istiqlala qovuşan Vətənin – Odlar Yurdu Azərbaycanın əzəmətinin, humanist prinsiplərə münasibətinin göstəricisi idi. 

 

İkinci diqqətimi çəkən isə yanğınsöndürənlərin peşə bayramı oldu. Bəlkə də ona görə ki, gün ərzində iki dəfə sirena çalaraq hadisə yerinə tələsən qırmızı yanğınsöndürmə maşını görmüşdüm. 

Heç kəs fəlakətdən, xüsusən də təbii fəlakətdən sığortalanmayıb.

Müxtəlif istiqamətlərdə cərəyan edən müharibələrlə yanaşı bu gün dünyanı kataklizmlər, təbii fəlakətlər, qasırğa və tufanlar, gözlənilməz meşə yanğınları öz ağuşuna alıb.

Ulu öndər Heydər Əliyev təkcə qüdrətli dövlət xadimi deyildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təbirincə desək, “nəyi nə zaman etməyin məqamını, zamanını bilən”, hər kəsə öz əməyinə, zəhmətinə görə dəyər verib qiymətləndirən müdrik şəxsiyyət, alicənab insan idi. Ulu Öndərin 2002-ci ildə aldığı bir tarixi qərar, imzaladığı Sərəncamla oktyabrın 10-u ölkə yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur.

Ən çətin anlarda insanların xilaskarına çevrilən, faciənin qarşısını alıb miqyasını kiçildən yanğınsöndürənlərimiz bu gün Fövqəladə Hallar Nazirliyinin mühüm strukturu kimi dünyada şöhrət qazanıb. MDB məkanında, qardaş ölkə Türkiyə Cümhuriyyətində baş verən təbii fəlakətlər, xüsusən də minlərlə insanın həyatına son qoyan zəlzələ zamanı xilaskarlıq missiyasını vicdan və ləyaqətlə yerinə yetirmiş on minlərlə insanı ölümün cəngindən alımışdır. Bütün bunlar Azərbaycan Resublikasında həyata keçirilən quruculuq işləri, iqtisadi-sosial islahatlarla yanaşı, həm də ölkə vətəndaşına, fədakar işi ilə vətəninə başucalığı gətirən peşə sahiblərinə Ulu öndər Heydər Əliyevin zamanında verdiyi ali dəyərə, ölkə başçısı cənab İlham Əliyevin bu həssas sahəyə xüsusi diqqət və qayğısına bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

{gallery}17688{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.