Naxçıvanın Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Bakıda təcrübə keçirlər

Oktyabrın 8-10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi ilə əlaqədar Milli Kitabxanada təcrübə keçirlər.

 

Azərbaycan Milli Kitabxanasından AzərTAC-a bildirilib ki, qurumun direktoru, professor Kərim Tahirov mütəxəssislərlə görüşərək, Naxçıvanın kitabxanaları ilə qarşılıqlı əlaqələrin qurulmasının önəmindən bəhs edib. O, informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan Milli Kitabxanasının ölkənin əsas kitabxanası kimi hər zaman Naxçıvanın kitabxanalarına kömək etməyə hazır olduğunu bildirib.

 

Naxçıvanın Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov elektron kitabxanaların qurulmasında yaranan çətinlikləri diqqətə çatdırıb. O, proqram təminatı və tətbiqi ilə bağlı, həmçinin kitabxana işinin ayrı-ayrı sahələrinin gələcək inkişafı ilə əlaqədar təlimlərin keçirilməsi və işin müasir tələblərə cavab verəcək şəkildə təşkilində Milli Kitabxana tərəfindən köməklik göstərilməsini xahiş edib.

 

Üç gün davam edəcək təcrübə proqramında Naxçıvanın Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan şəhər və Culfa, Babək, Sədərək, Şahbuz, Şərur, Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərindən, ümumilikdə, 13 nəfər mütəxəssis iştirak edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.