Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Bu gün mənim üçün çox ağır bir gündür.
Ustadım, ana dili müəllimim və mənəvi valideynim Tahir Xəlilzadə müəllimin peşə bayramıdır, amma o, cismən mənim yanımda deyil. Ruhu isə mənimlədir, hər addımda, hər uğurumda hiss edirəm. Möhkəm mənəvi bağlarımız var. Kəlbəcərdən, Qamışlı kəndindən məcburi köçkün idi. 30 il Vətən həsrəti ilə yaşadı, hər cür sıxıntıya baxmayaraq, şagirdlərinə bunu hiss etdirmədi. Mənim kimi 100-lə şagirdin həyatında gözəl izlər qoydu.
Sonuncu dəfə Haqqa qovuşmadan 1 ay əvvəl görüşdük. Gözləri tamam zəifləmişdi. Xeyli dərdləşdik. Görə bilmədiyi üçün çox səbirsiz olmuşdu. Mütaliə etməyi sevən bir adam kitab oxuya bilmirdi.
Dedi ki,müəllim oxuya bilmirsə, elə çoxdan ölüb.
Sonra əlavə elədi ki, bilirəm, vaxta az qalıb, bəlkə, bir də görüşmədik. Sənə haqqımı halal edirəm. Sən də haqqını halal elə...
Çox pis oldum, kövrəldim.
- Ağlama, Nəimi Nəsimiyə necə deyirdi: “Gedən cismimdir, ruhum səninlə olacaq"-dedi və gülmsədi... Bircə xahişim var, məni məzara özün qoyarsan...
Əziz insan, sən mənə Vətəni, milləti, ana dilini sevməyi, şərəfli, vicdanlı vətəndaş olmağı, alnıaçıq, üzüağ yaşamağı, ƏSL MÜƏLLİM OLMAĞI öyrətdin...
Bütün bunları sözlərlə yox, əməlinlə öyrətdin...
Nə qədər ki yaşayıram, adını şərəflə daşımağa, yolunu davam etdirməyə söz verirəm...
Ruhun şad olsun, Ustad...
“Ədəbiyyat və incəsənət”
(05.10.2024)