“Yar gəlir görüşə”, odur ki, “Darıxma”, “Əziz dost” – DAHİ BƏSTƏKARIN ANIM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gerhart Hauptman deyirdi ki, “Hər yaxşı musiqi ona görə ürəkdən gəlir ki, yenidən ürəklərdə özünə yuva qura bilsin”. Bu gün də məhz ürəklərdə özlərinə yuva qurmağı bacaran musiqilərin müəllifi, bəstəkar, pianoçu, dirijor, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Azərbaycan SSR xalq artisti Tofiq Quliyevin anım günüdür.

 

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur.  1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsində S.İ. Turiçin sinfində təhsil almışdır. 1931-ci ildə hələ 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin "Uşaq və buz" şeirinə "Dərsə gedən bir uşaq" adlı nəktəbli mahnısını bəstələmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, eyni zamanda iki fakultədə fortepiano və dirijorluq sənəti üzrə təhsilini davam etdirmişdir. O, konservatoriyada R.M.Rudolfun sinfində polifoniya, harmoniya, musiqi forması dərsləri almışdır. Dahi bəstəkar Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsaslarını və muğam sənətinin sirlərini öyrənmişdir. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, drijor vəzifəsində çalışmışdır. 1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçi ilə birlikdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakultəsində təhsilini davam etdrimişdir. 

Bir müddət H.Y.Neyqauzdan fortepiano dərsləri almışdır. 1937-1939-cu illərdə A.N.Tfasmanın Ümumittifaq Caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərmişdir. 1939-cu ildə Bakıya dönərək Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaratmışdır. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestri çıxış etmişdir və onun adı musiqi tariximizə Azərbaycan estrada və milli caz musiqisinin banisi kimi yazılmışdır. 1948-ci ildə yenidən Moskvaya gedərək konservatoriyanın üçüncü kursuna daxil olmuş, drijorluq və kompozisiya üzrə təhsilini davam etdirmişdir. 1951-ci ildə Konservatoriyanı bitirərək drijorluq üzrə Aspiranturaya daxil olmuşdur.  1954-cü ildə Aspiranturanı bitirmişdir. 1954-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmiş, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1957-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqı İdarə Heyyətinin üzvü seçilmişdir. 1959-cu ildə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 1958-1959-cu illərdə M.Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-1964-cü illərdə isə direktoru vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar ittifaqının sədri olmuşdur.

2000-ci il oktyabr ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. 

Tofiq Quliyev müxtəlif illərdə "Azərbaycanın Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin fərmanı ilə Azərbaycanın "Xalq Artisti" fəxri adına layiq görülmüşdür. O, həmçinin "Musiqi mədəniyyəti" ixtisası üzrə professor adına layiq görülmüş və "İstiqlal ordeni" ilə təltif olunmuşdur.  Bəstəkar"Ağacda leylək", "Axşam mahnısı", "Dostluq mahnısı", "Bakı haqqında mahnı", "Neftçilər mahnısı", "Axşam görüşləri", "Arzular", "Darıxma," "Əziz surət", "Qızıl üzük", "Mehriban ailəyik", "Mən ki səni sevirəm", "Pəncərəmə qondu çiçək", "Sənə də qalmaz", "Tez gəl", "Yar gəlir görüşə" kimi bir-birindən gözəl bir çox mahnının müəllifidir.   O, "İyirminci bahar", "Səbuhi", "Qayğı", "Nəsimi", "Görüş", "Qızmar günəş altında", "Qaynana", "Ögey ana", "Bəxtiyar", "Onu bağıslamaq olarmı", "Möcüzələr adası", "Telefonçu qız", "Dərviş Parisi partladır", "Şir evdən getdi" "Qayıdış" kimi bir çox filmə, eyni zamanda 30-dan çox tamaşaya musiqi bəstələmiş, "Turacı" kimi bir neçə xalq rəqsini fortepiano üçün işləmiş, "Rast", "Zabul", "Segah" muğamlarını nota almaqla bərabər, onları həm də fortepiano üçün hazırlamışdır.  Məlumat üçün qeyd edək ki, Bakı Metropoliteni "Əhmədli", "Xalqlar dosluğu", "Neftçilər", "Ulduz" stansiyaları üzrə qatarlarda səsləndirilən "Bakı", "Əziz dost", "Dostluq və yaxud neftçilər haqqında mahnı", "Tez gəl" musiqi parçalarının bəstəsi də Tofiq Quliyevə məxsusdur. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.