Araqon, Yesenin və Axundov - 3 OKTYABR Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün 3 oktyabrdır. 

Bu gün dünyaya gəlmiş mədəniyyət xadimləri kimlərdir? Əlifba sırası ilə təqdim edirəm:

 

ƏLƏKBƏR HÜSEYNZADƏ

Azərbaycanın teatr və kino aktyoru, əməkdar artist. 1913-cü ildə tamaşaya qoyulmuş “Arşın mal alan” tamaşasında Soltan bəy rolunu oynayıb, tarixə bu rolun ən yaxşı ifaçısı kimi düşüb. “Arşın mal alan” filmində də bu obrazı ustalıqla canlandırıb və Stalin mükafatına layiq görülüb. 

1887-ci ildə Bakıda anadan olub, 1967-ci ildə burada da vəfat edib. 

 

İNTİQAM YAŞAR

Gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin, TÜRKSOY-un, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin mükafatçısı olub. 

“Adını çəkirəm”, “Evdə yoxam” kimi maraqlı kitablar müəllifidir. 

1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 

 

YİCİN LOTER QOR VİDAL

Amerikalı yazıçı, ssenarist, romançı, dramaturq. Brodvey pyesləri ilə çox məşhurlaşıb. 

1925-ci ildə Nyu-York ətrafında doğulub, 2012-ci ildə Kaliforniyada vəfat edib. 

 

QVEN STEFANİ

ABŞ müğənnisi, repçi, dəb dizayneri, aktrisa.

Pop və rok musiqisində yetərincə uğurları var, amma daha çox yeni dalğa musiqisi ilə populyardır. Elektronik musiqisi dünya hitləri sırasında yer alır, səsi messo-sopranodur.

1969-cu ildə Kaliforniyada dünyaya gəlib. 

 

LUİ ARAQON

Dünyaşöhrətli fransız yazıçı, şair, ictimai xadim. Fransa sürrealizminin banisi. Sosializmə hədsiz meyil salmış, hətta SSRİ tərəfindən Lenin mükafatına da layiq görülmüşdür. Sonradan Stalin repressiyalarından xəbər tutanda bərk sarsılmışdır. “Tamamlanmamış roman” onun yaradıcılığının zirvəsidir.

1897-ci ildə Parisdə anadan olub, 1982-ci ildə orada da vəfat edib. 

 

SERGEY YESENİN

Rus şairi, tarixdəki ən lirik rus şairlərindən biri. Cəmi 30 il yaşayıb və özündən sonra 30 kitab qoyub. 1924-25-ci illərdə bir müddət Bakıda - Mərdəkanda yaşayıb. Həyat yoldaşı ən tanınmış balerina olan Aysedora Dunkanla münasibətləri, yazışmaları bir çox sonrakı nəsillər üçün romantik sentimental irs sayılıb. 

1895-ci ildə Ryazanda doğulub, 1925-ci ildə Leninqradda vəfat edib. 

 

SÜLEYMAN SANİ AXUNDOV

Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, maarifçisi. Ədəbiyyat tariximizə “Qaraca qız” da daxil olmaqla Qorxulu nağılları ilə düşüb.

Sovetlər dönəmində Azərbaycanda yaradılmış ilk yazarlar birliyinin - Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib (1922).

1875-ci ildə Şuşada anadan olub, 1939-cu ildə Bakıda vəfat edib. 

 

Allah bütün vəfat edənlərə rəhmət eləsin, sağ olanlara cansağlığı versin!

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.