Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 24-26 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Mədəniyyət Nazirliyi Mədəniyyət günlərinin geniş icmalını təqdim edib. İcmalı oxucularımızın nəzərinə çatdırırıq.
Sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyət Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024- cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini
yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib.
Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir. Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib. Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər. Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek Iskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda "Zərdabi nəşr"də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
*
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram
Teatrında ölkəmizdən “Zaman" qrupunun etno-caz konserti təqdim olunub. Konsertdən öncə çıxış edən musiqi qrupunun bədii rəhbəri Vasif Hüseyn milli çalğı alətlərinə böyük marağı olduğunu deyib: "Zaman" qrupunu yaratmaq istəyi milli musiqi alətlərimizə olan maraq və sevgimlə bağlıdır. Qrupda Azərbaycan balaban, tütək, zurna və s. alətlərdən çox istifadə edirəm. Bacardığım qədər, milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və yeri gələndə Qərb alətləri ilə sintez edirəm”.
Sonra söz musiqiyə verilib. "Zaman" qrupu (Saleh Məmmədov – bas gitara, Eyvaz Həşimov – zərb alətləri, Fəqan Rəhmanoğlu – nəfəs alətləri) və pianoçu, bəstəkar Vasif Hüseyn (eyni zamanda qrupun bədii rəhbəri) maraqlı proqramla çıxış edib. Proqramda Vasif Hüseynin “Biri var idi, biri yox idi” (“Once upon a time”), “Zaman”, Vaqif Mustafazadənin “Baharda” (“Springtime”), “İmprovizə” (“Improvise”), Hans Zimmerin “Ulduzlararası” (Interstellar”) və “Yapuray” qazax xalq mahnısı səsləndirilib.
Qazax musiqisevərlər konserti böyük maraq qarşılayıb, ifaçıları alqışlayıblar. Xatırladaq ki, Azərbaycan caz sənətinin əfsanəsi sayılan bəstəkar Vaqif Mustafazadə (1940–1979) orijinal ifaçılıq üslubuna malik olub. O, muğamlarımızı caz texnikası ilə birləşdirərək caz-muğam kimi yeni bir musiqi janrı yaradıb. Bu gün də bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz- muğamın sintezindən istifadə edirlər.
*
Sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva imzalayıblar. İmzalanma mərasimindən sonra Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub.
Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva tərəfindən guşənin açılışını bildirən rəmzi lent kəsilib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək
“Azərbaycan ədəbiyyatı guşəsi” haqqında məlumat verib. Qeyd edib ki, guşədə Azərbaycanın bugünkü uğurlarına dair, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə, ölkəmizin müasir inkişafına dair nəşrlər, eyni zamanda tariximiz mədəniyyət və ədəbiyyatımızla bağlı kitablar təqdim edilir. Daimi guşədə ümumilikdə 250-dən çox kitab nümayiş olunur.
Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasında “Qazaxıstan ədəbiyyatı guşəsi” 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təntənəli şəkildə açılıb.
Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva Azərbaycan Milli Kitabxanası ilə 2003-cü ildən əməkdaşlıq etdiklərini söyləyib. O, bundan sonra da iki kitabxana arasında əməkdaşlıq inkişaf edəcəyini deyib.
Digər çıxış edənlər iki kitabxana arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, Qazaxıstan kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılmasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və şair, esseist Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim olunub. Sonda tədbir iştirakçıları milli mətbəximizin təamlarından dadıb və “Azərbaycan ədəbiyyatı guşəsi”ndə yer alan nəşrlərlə tanış olublar.
*
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək bizim üçün böyük şərəfdir: “Bu təqdimat tədbiri təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm də ölkələrimiz arasında möhkəm tarixi əlaqələrin olduğunu təsdiqləyir.
Azərbaycan və Qazaxıstan qardaş ölkələr olmaqla uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi xüsusilə dəyərli edir. Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq münasibətləri bizim ümumi inkişaf və tərəqqi istəyimizə əsaslanır. Bu əlaqələr çoxillik dostluğun nəticəsi kimi xalqlarımız arasında gələcək əməkdaşlığın da açarıdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin dost ölkəyə səfərləri, keçirdiyi görüşlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb. Biz Qazaxıstanda Ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramdan məmnunluq duyuruq. Ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev adına küçənin açılışının keçirilməsi bunun bariz nümunəsidir”.
Ümummilli liderin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb. Bu gün türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir: “İnanırıq ki,
Heydər Əliyevin zəngin dövlətçilik irsi gələcəkdə də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi üçün öz töhfəsini verəcək”.
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür- gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Elmira Axundovanın çoxsaylı kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycanın Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildlik əsəri də xüsusi yer tutur. Xalq yazıçısı Elmira Axundova kitab haqqında məlumat verərək deyib: “Altıcildlik
“Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım. Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə münasibətləri barədə xeyli maraqlı məqamları danışmışdılar. Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Başa düşdüm ki, Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli, istedadlı oğulla qız bəxş edən yeganə qadın haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq... Çoxillik axtarışların bəhrəsi olan həmin əsər artıq qarşınızdadır və onun nə qədər uğurlu alındığını yalnız oxucu söyləyə bilər. Ümid edirəm ki, həcmcə çox da böyük olmayan bu kitabı oxuyub başa vurandan sonra qəhrəmanlarımı daha çox sevəcəksiniz”.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Məhəmməd Füzulinin “Bəngü-Badə” əsərinin əlyazmasının surətini, Xalq yazıçısı Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasına hədiyyə ediblər. Qeyd edək ki, kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin –Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır. Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)”, “Sevmək haqqı”, “Əks-kəşfiyyatçının şəxsi həyatı”, “Ordinatorluqdan akademikliyə”, “Lider”, “Respublika rəhbərinin xanımının gündəlik həyatı”, “Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)”, “Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)”, “O, əzablarını sona qədər gizlətdi...” və “Ölümə qalib gələn məhəbbət” adlı bölmələrdən ibarətdir.
Bakıda “Füyuzat” mətbəəsində çap olunan kitabın redaktoru Tamilla Nuriyevadır. Kitab Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qazaxcaya tərcümə edilərək nəşr olunub.
*
Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub. Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində milli muzey kolleksiyaları ilə yanaşı, fərdi kolleksiya da təmsil olunur.
Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgidə ekspozisiyasını interpretasiya istiqamətində qurub. Burada Xalq rəssamı, peşəkar qrafika sənətimizin banilərindən olan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir olunan mühit muzey eksponatları vasitəsilə tamaşaçıya ötürülür. XX əsrin əvvəllərində istifadə olunan məişət əşyaları, ənənəvi geyim nümunələri və digər artefaktlar zamanın ab-havasını yaradır. Azərbaycan Milli Xalça Muzeyi 20-dən artıq xalça nümunəsi təqdim edir. Kolleksiyada Azərbaycanın xalça məktəblərinə dair nümunələr və müəllif xalçaları yer alıb. Sərginin ən maraqlı komponentlərindən biri milli dekorativ sənətimizin unikal nümunələrindən Azərbaycan kəlağayısı Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ruslan Hüseynov və Fuad Cəbrayılovun fərdi kolleksiyalarında təqdim olunur. Təqdim olunan 20 kəlağayının incə texniki icrası ilə yanaşı, onların mənəvi mahiyyəti, geyinmə üsulu da tamaşaçılara nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, ənənəvi sənətin yaşadılması, ötürülməsini təmin edən subyektlər, ustadlar sərginin mühüm hissəsini təşkil edir. Bədii tekstil silsiləsini qurama sənəti nümayiş etdirir. Bu qədim sənəti yaşadan və peşəkar səviyyədə improvizə edən mərhum sənətkar Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir. Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar şəkili sənətkar Hüseyn Hacımustafazadə tərəfindən ustad dərsləri formatında təqdim olunur. Zərif və incə bəzək nümunələri zərgərlik guşəsində yer alıb. Burada ənənəvi texnikalar, şəbəkə, mina və s. sənətkar Füzuli Əlizadənin təqdimatında nümayiş etdirilir.
Vurğulanıb ki, sərgidə müasir Azərbaycan rəngkarlığı videoformatda tamaşaçılara göstərilir. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təqdim olunan filmdə XX əsr rəngkarlıq sənətimizin parlaq məqamları yer alıb.
Sərginin son seqmenti isə mədəni irsimizin müasir interpretasiyalarıdır. Burada gənc Azərbaycan modelyerləri Anara Zakirli və Leyla Babazadə tərəfindən yaradılan geyim modellərində ənənəvi ornamental motivlər yeni təqdimatda
verilib.
Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.
*
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.
Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası”, “Qazaxı”, “Nağaraçılar”, “Qaytağı”, “Toy”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri, “Sarı gəlin” kompozisiyası, “Vətən süitası” və digər nömrələr ifa edilib. Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla mükafatlandırıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olub. Ansambl ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanının bütün respublikalarında çıxışlar edib.
Ansamblın repertuarına Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Eldar Mansurov, Cavanşir Quliyev, rus bəstəkarı İqor Stravinskinin əsərləri və dünya xalqlarının rəqsləri daxil edilib.
Ansambl 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarının mədəni proqramında, eləcə də Yaponiya (1988), Almaniya (2000), Çin (2010) və İtaliyada (2015) EXPO sərgilərində çıxış edib. 1979-cu ildə Tunisdə keçirilən “Karfagen” beynəlxalq folklor festivalının qızıl medalına layiq görülüb.
Milli mədəniyyətimizin inkişafında və təbliğində xidmətləri nəzərə alınaraq ansambla 1991-ci ildə “Əməkdar kollektiv” fəxri adı verilib. 2018-ci ildən ansamblın rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir. Kollektiv Azərbaycanın zəngin rəqs və musiqi mədəniyyətini təmsil edən yeni konsert proqramı ilə dünya turnesinə çıxmağı planlaşdırır.
*
Sentyabrın 26-da Qazaxıstan Respublikasının Milli Muzeyində Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün mühazirələr təşkil olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin
müdiri Sevil Kərimovanın “Təbriz miniatür məktəbi” və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan
Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət” mövzularında çıxış ediblər. Şirin Məlikova məruzəsində Azərbaycanda realist rəssamlıq məktəbinin təşəkkülündən bəhs edib, onun inkişaf trayektoriyasını müəyyən edən məşhur rəssamların əsərləri əsasında XX əsrin rəngkarlıq, qrafika üslubunu və istiqamətlərini nəzərdən keçirib. Məruzədə sovet bədii reallığının əsas istiqaməti ilə paralel işləyən görkəmli nonkonformist rəssamların yaradıcılığına da toxunub. Sevil Kərimova “Təbriz miniatür məktəbi” adlı məruzəsində qeyd edib ki, Azərbaycan miniatür sənəti uzun bir inkişaf yolu keçib. Onun ilk nümunələri XIII əsrdə yaradılıb: “Birinci Təbriz məktəbinin rəssamları uyğur-çin və ərəb- Mesopotamiya ənənələrini uğurla sintez edərək diqqətəlayiq nümunələr yaradıblar.
Təbriz miniatürü Səfəvilər dövründə, Sultan Məhəmmədin başçılıq etdiyi dəbdəbəli kitabxananın burada fəaliyyət göstərdiyi zaman öz zirvəsinə çatıb. Öz üslubunun formalaşması kontekstində Təbriz məktəbi Osmanlı, Hindistan, İran və digər Şərq miniatür məktəblərinə güclü təsir göstərib. Müasir Azərbaycan incəsənətində Təbriz miniatürü ikonik ilham mənbələrindən biridir”.
Əminə Məlikova məruzəsində söyləyib ki, xalqımızın dünyagörüşünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalça sənəti Azərbaycan mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib. 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyi dünyada bu profilli ilk muzey idi. 2014-cü ildən muzey onun üçün xüsusi olaraq tikilmiş yeni müasir binada fəaliyyət göstərir. Bu unikal memarlıq layihəsinin müəllifi avstriyalı memar Frans Yanzdır. Muzeyin fondlarına 10 mindən çox eksponat daxildir. Bu gün muzeydə milli xalçaçılığın bütün sahələrini təmsil edən Azərbaycan xalçalarının ən dolğun kolleksiyası var. Muzey ölkədə ən çox ziyarət edilən muzeylər sırasındadır. Sağlamlıq imkanları məhdud ziyarətçilərin də muzeydə təşkil edilən sərgilərlə tanış olması üçün hər cür şərait yaradılıb. Bildirilib ki, muzey eksponatları saxlamaqla yanaşı, unudulmuş toxuculuq texnikalarını da yaşadır. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün burada Uşaq muzeyi şöbəsi fəaliyyət göstərir ki, burada xalçaçılıq üzrə ustad dərsləri keçirilir. Muzey bir çox xarici muzeylərlə səmərəli əməkdaşlıq edir.
*
Sentyabrın 26-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçirilib. Konsert proqramını Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, digər rəsmilər, iki ölkənin elm, mədəniyyət xadimləri, musiqisevərlər izləyiblər. Konsertdə Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Əlixan Səmədov, Tünzalə Ağayeva, Azər Zeynalov, Gülyaz Məmmədova, Əməkdar artistlər Rəşad İlyasov, Lalə Məmmədova, İlahə Əfəndiyeva, İlkin Əhmədov, Nərgiz Kərimova, İnarə Babayeva, Ramil Qasımov, solistlər Orxan Hüseynli, Leyla Rəhimova, İlhamə Qasımova, Səxavət Məmmədov, İbrahim Babayev, Humay Qədimova, Aşıq Samirə, Aşıq Əli, həmçinin “Qarabağ” orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Mərdan" qrupu və başqaları çıxış ediblər.
Proqramda Əli Səliminin “Sizə salam gətirmişəm” mahnısı, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, “Arşın mal alan” operettasından “Əsgərin və Gülçöhrənin dueti”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Bəhram Nəsibov “Qarabağ” mahnıları, Qara Qarayevanın “Yeddi gözəl” baletindən “Adajio”, Tofiq Quliyevin “Qaytağı”, “Sevgi valsı” əsərləri, Yevgeni Brusilovskinin “Boz ayqır süitası”, Oqtay Kazıminin “Taleyim mənim”, Arslanbek Sultanbekovun “Dombıra”, Elza İbrahimovanın “Ey Vətən” nəğmələri, Fikrət Əmirovun “Sevil” operasından “Dilbərin ariyası” və “Balaşın mahnısı”, Eduardo di Capua və Alfredo Mazzucchinin “O sole mio” əsəri, həmçinin “Üç gündən bir, beş gündən bir” Azərbaycan xalq mahnısı, “Uzundərə” xalq rəqsimiz və digər mahnılar ifa edilib. Qazaxıstanın Əməkdar artisti Əlişir Kərimov da ifası ilə qala konsertə öz töhfəsini verib.
Sonda bütün ifaçılar M.Maqomayevin məşhur “Azərbaycan” mahnısını birgə səsləndiriblər, xatirə şəkli çəkdirilib. İncəsənət ustalarının şövqlə təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb.
Bununla da Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyət Günləri başa çatıb. Üç gün ərzində gerçəkləşən konsert, tədbir və təqdimatlar ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş qazax xalqının yaddaşında silinməz izlər qoyub.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)