Diyarşünaslıq muzeyləri Vətənimizin tarixini yaşadırlar - MÜSAHİBƏ Featured

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması və inkişafı dövrü əsasən ötən əsrin 70-80-ci illərinə təsadüf edir. 1980-ci illəri muzeylərin infrastrukturunun inkişafında, eksponatların toplanmasında zirvə nöqtəsi hesab etmək olar.

Oğuz Rayon Tarix-Diyarşünaslıq müzeyi də həmin dövrdə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən burada əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplamaq, qorumaq, öyrənmək və təbliğ etmək üçün çox iş görülmüşdür. Muzeyin əməkdaşı Gülnurə xanımın müşaiyəti ilə eksponatlarla tanışlıqdan və “Rəylər kitabı”ndakıları oxuyandan sonra buna bir daha əmin olduq. Daha ətraflı məlumat almaq üçün Oğuz Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktor müavini Arzu xanıma müraciət etdik. Sağ olsun, sözümüzü yerə salmadı, geniş müsahibə verdi.  

 Arzu xanım Əliyeva ilə həmin müsahibəni təqdim edirik.

Salam, Arzu xanım. gəlin söhbətimizə muzeyin yaranması tarixindən başlayaq.

Salam, xoş gəlmisiniz. 1980-ci ildə ulu öndərimiz Heydər Əliyev bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaratmaq barədə tapşırıq vermişdi. Həmin dövrdə yaranan muzeylərdən biri də Oğuz Rayon Tarix-Diyarşünaslıq muzeyidir. Muzey 1981-cı ilin fevral ayının 19-dan fəaliyyətə başlamışdır. İnşası XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aid edilən ibadətgahda yerləşir. Oğuz Tarix-Diyarşunaslıq muzeyində rayonun qədim və zəngin tarixini, dünənini və bu gününü əks etdirən qiymətli eksponatlar toplanmışdır. Yarandığı zaman fondda təqribən 200 eksponat vardı, ötən 43 il ərzində onların sayı 4556-a çatmışdır. Hazırda burada mənimlə birlikdə 4 nəfər əməkdaş çalışır. Mövcud olduğu dövr ərzində muzeydə eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. işlərimizin uğurla davam etdiyini göstərir. Əsas məqsədimiz coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplamaq, qorumaq, öyrənmək və azərbaycançılıq məfkurəsini uğurla təbliğ etməkdir.

Muzey neçə bölmədən ibarətdir? Tamaşaçılar hansı bölmələrə daha çox maraq göstərirlər?

-  Muzeyimiz dörd bölmədən ibarətdir: təbiət, qədim dövr, sovet dövrü və müasir dövr (müstəqillik dövrü). Mu­ze­yə qə­dəm qo­yanlar ilk növ­bə­də rayonu­n xəritə­si önün­də da­ya­nırlar. Muzeylə ilk ta­nış­lıq da bu­ra­dan baş­la­yır. Çox zən­gin flora və fa­u­naya malik olan Oğu­zun tə­bi­ə­ti­ni əks et­di­rən bit­ki və hey­va­nat alə­mi, tə­bii fay­da­lı qa­zın­tı­lar, ra­yon əra­zi­si­nin az qala yarısını əha­tə edən me­şə­lə­r, na­dir dərman bit­ki­lə­ri, qiy­mət­li ağac­la­r ekspo­zi­si­ya­ya ta­ma­şa edənlərdə rayonun təbiəti barədə aydın təsəv­vür ya­ra­dır. Bu bölmə­də bit­ki nü­mu­nə­lə­rin­dən, rəsm əsər­lə­rin­dən, na­dir me­şə heyvanla­rı­nın buynuz­la­rın­dan, dərilərindən və s. is­ti­fa­də edi­lib.

Qə­dim dövr böl­mə­si (bunu arxeologiya bölməsi də adlandırmaq olar) mu­ze­yin ən zəngin və ən çox tamaşaçı cəlb edən bölməsidir. Bu ekspo­zi­si­ya­da qə­dim insanların ov səhnəsinə aid ma­ketlər, Ya­qub­lu kən­di ya­xın­lı­ğın­da­kı əra­zi­­dən tapılmış, od əldə etmək üçün is­ti­fa­də olun­muş daş, qədim kurqanlardan aş­kar olunmuş in­san sümük­lə­ri və s. nü­ma­yiş olu­nur. Qu­ru­luş və həcmlərinə gö­rə bir-birindən fərqli olan Sin­can, Dəy­mə­də­rə, Kə­rim­li kəndlərindən aş­kar edilmiş, Xoca­lı-Gə­də­bəy mədəniyyə­ti­nə aid edi­lən gil­dən hazır­lan­mış dopular, süddan­lar, vazlar, mat­ra­lar, tək və cüt­qulplu bar­daq­lar xü­su­si maraq doğurur. Böl­mə­də həmçinin müxtəlif il­lər­də ra­yo­nun müx­tə­lif əra­zi­lə­rin­də aş­kar olunan mad­di mə­də­niy­yət nümunə­lə­ri, daş kitabələr, mə­i­şət əş­ya­la­rı da nümayiş etdirilir. Ümumiyyətlə, burada rayon ərazisindən əldə edilən çoxlu maddi mədəniyyət nümunələri toplanmışdır. Bu nümunələr yaşanmış tərəqqini izah edir, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqqında hərtərəfli informasiya almağa imkan yaradır.

Sovet dövrü bölməsində tamaşaşılarımıza 1920-ci ildən sonrakı dövrlər - kolxoz qurulucuğu, dünyəvi məktəblərin açılması, mədəniyyət müəssisələrinin yaradılması, repressiya, 1941–1945-ci illər müharibəsi, müharibədən sonrakı dinc quruculıuq illərinə aid stendlər, fotolar, sənədlər və s. əşyalar təqdim olunur.

Mü­a­sir dövr böl­mə­sin­də oğuz­lu Qarabağ şə­hid­ləri, on­la­ra məx­sus əş­ya­lar və sənədlər, ra­yo­nun ye­tir­mə­lə­ri və ya­zar­la­rı gu­şə­lə­ri, Oğuz ra­yo­nu­nun ta­ri­xi abidələ­ri və tu­rizm po­ten­si­a­lı, ra­yo­nun is­teh­sa­lat mü­əs­si­sə­lə­ri­nin məh­sul­la­rı ekpo­zi­si­ya­ları tama­şa­çı­da bö­yük ma­raq oyadır. Bir sözlə, Oğuz tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında öz geniş əksini tapır. 

 Muzeyə tamaşaçı gəlişi, xüsusən xarici turistlərin gəlişi barədə nə deyə bilərsiniz?

Tamaşaçı gəlişindən şikayətlənməyə haqqımız yoxdur. İlin əvvəlindən bu günə kimi 1221 nəfərdən çox qonağımız olub. Onların arasında Oğuz, digər şəhər və rayonlarımızın sakinləri ilə yanaşı, xarici turistlər də az olmamışdır. Muzeyimiz  xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Gürcüstandan, İrandan, İsraildən, Avropa və Ərəb ölkələrindən) rayonumuza gələn turistlərin ziyarət etdiyi əsas obyektlərdən biridir. İndiyə kimi onların sayı 190 nəfərdən çox olub. Türkiyəli alim Mehmet Abdulla, italiyalı (Roma) jurnalist Rosella Fabioni və rus Yepiskopu Aleksey Yuxev təkcə son həftələrdə gələn xarici qonaqlarımızdır.

Tamaşaçılarımız arasında məktəblilərin, tələbələrin və digər gənclərin sayca üstünlük təşkil etməsi bizi daha çox sevindirir. Çünki gənc nəslin nümayəndələrinin muzeyimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə sevgi ruhunda yetişmələrinə xüsusi təsir göstərir. Bu baxımdan təhsil müəssisələri ilə  əlaqələrimizə xüsusi diqqət yetiririk.

 - Tamaşaçıların, xüsusən xaricilərin  konkret olaraq daha çox maraq göstərdikləri eksponatlar barədə nə deyə bilərsiniz?

- Belə eksponatlar çoxdur. Tamaşaçılarımız daha çox neolit, tunç və dəmir dövrünə aid olan eksponatlara maraq göstərirlər. Məsələn, bir az əvvəl də dediyim qədim daş kurqanlardan əldə edilmiş insan sümükləri, kiçik qoç fiquru, tunc xəncər və oxlar, gildən hazırlanmış dopular, güldanlar, vazlar, tək və cüt qulplu bardaqlar, oda sitayişlə əlaqədar olan öküz başı formasında manqal onlarda xüsusi maraq oyadır. Bunlarla yanaşı, tamaşaçılarımız muzeyimizdə nümayiş etdirilən müx­tə­lif çe­şid­lər­də toxunul­muş xal­ça­lar, xur­cun­lar, hey­bə­lər, at çu­lu, tən­bə­ki ki­sə­si, qırxlıq  qa­blara;  gülə­bə­tin­li, me­riş­ka­lı, tor üs­lu­bun­da iş­lən­miş tik­mə­lərə;   si­ni, səhəng, sərnic, sər­puş, sa­tıl, af­ta­fa, qa­zan, dol­ça, camlara; vaxtı ilə yer­li xar­rat­la­rı­n hazırladığı dink, tək­nə, nehrə, ça­naq, çöm­çə, ta­baq, ələk və qa­şıqlara; qadın və kişi gü­müş bel kə­mər­lə­ri, üzük­lər, sır­ğa­lar, mun­cuq­lar və digər zər­gər­lik nümunələ­rinə; od­lu və soyuq si­lah­lara - da­yan­dol­du­rum, tə­ka­tı­lan, çax­maq­lı tüfənglər, ox və müx­tə­lif xən­cər­lərə, bo­nis­ti­ka və nu­miz­ma­ti­ka gu­şə­lə­rin­də­ki qə­di­mi pullara; ADR döv­rü­nə aid sənəd və əs­ki­nas­lara, II Dünya müharibəsində qəhrəmanlıqlar göstərmiş oğuzluların aldıqları or­den və medal­lara, həmin müharibədə istifadə edilmiş pulemyota, Qarabağ şəhidlərinin şəxsi əşyalarına və onların cəbhə sənədlərinə maraqla tamaşa edirlər.

 Arzu xanım, bilirsiniz ki, Oğuzda 40-a yaxın tarixi və çox sayda təbii abidələr var. Bu abidələrin tanıdılması və turistlərin oraları ziyarət edə bilmələri üçün hansı işlər görülür?

Bəli, Oğuz Azərbaycanın ən nadir bölgələrindən biridir. Tarixi-mədəni və təbii abidələrlə çox zəngindir. Biz onların tanıdılması üçün ilk növbədə muzeyimizə gələnlərə həmin abidələr və oralardan tapılmış nadir eksponatlar barədə ətraflı məlumatlar təqdim edirik. Məsələn, Kərimli kurqanlarından bəhs edərkən onların eramızdan əvvələ  (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu və buradan həm də qızıldan hazırlanmış öküz başı eksponatı (bundan bütün dünyada cəmi 4 ədəddir) aşkarlandığını söyləyirik. Belə informasiyalar tamaşaçılarımızi həmin abidələrə səfər etməyə təşviq edir. Amma bununla kifayətlənmirik. Obyektlərə ekskursiyalar da təşkil edirik. Məsələn, ilin ötən dövrü ərzində xeyli sayda belə ekskursiyalar təşkil etmişik. Muzeyimizin saytında da internet üzərindən virtual olaraq bu abidələrə səyahət etmək mümkündür. Bizimkilər, elə xaricilər də Uğan və Tərkeş mağaralarını, Gövur, Surxay xan və Maluq qalalarını, Muxas qülləsini, Kərimli kurqanlarını, ərazidəki məscidləri, qədim alban abidələrini, yəhudi sinaqoqlarını, zəngin meşələri, Qafqaz dağlarını və dağ keçidlərini, təbii və tarixi abidələrlə zəngin Daşağıl, Tərkeş, Kərimli, Padar, Sincan, Xalxal, Xaçmaz, Calut və Filfilli kəndlərini səyahət etməyə daha çox həvəs göstərirlər.

Muzeydə qədim yazılı mənbələr – əlyazmalar və kitablar da varmı?Varsa, onların qorunub saxlanması barədə də məlumat verməyinizi xahiş edirik.

Hər bir xalq öz keç­mi­şi­ni, in­ki­şaf ta­ri­xi­ni müx­tə­lif ki­tab­lar və  mənbələr va­si­tə­si­lə əl­də edir. Mu­zey­də 270-dən çox ki­tab və əl­yaz­ma var. Bunların 137-ni  qədim ki­tab­lar təş­kil edir. On­lar ərəb və fars dil­lə­rin­də yazılıb. Ki­tab­lar İstanbulda, Ka­zan­da və Tiflisdə çap olu­nub, əl­yaz­ma­la­rın isə namə­lum xət­tat­lar tə­rə­fin­dən üz­lə­ri köçürülüb. Kitabların 135-ni müx­tə­lif möv­zu­lar­da oğuz­lu ya­zar­la­rın əsərləri təşkil edir. Muzeyimizdə bir neçə daş kitabə də qorunur. Na­dir əlyazmalar "Qə­dim əlyazma­lar" ad­lı ekspozisiyada nüma­yiş etdirilir. 

Bəs muzeydə keçirilən tədbirlər haqqında nə deyə bilərsiniz?

Muzeyimizdə tez-tez  müxtəlif tədbirlər və sərgilər təşkil olunur. Oğuz rayonunda yaşayan azsaylı xalqların nümayəndələri ilə keçirilən “Bura mənim də Vətənimdir”, Azərbaycan arxeologiyasının korifeylərindən biri, həmyerlimiz S.Qazıyevə həsr olunmuş “Axtarışlarda keçən ömür”, rayonun Padar kəndindən olan AXC parlamentinin üzvü Qərib yüzbaşıya həsr edilmiş “Dünya səndən kimlər keçdi”, “Muzeylər tarixin yaddaşıdır”, Anım günü münasibəti ilə “Siz bizim əbədi yanar məşəlimizsiniz”, tarixi yerlər və abidələr, muzeylər gününə, digər tarixi günlərə və s. aid tədbirlər, “Nənəmin boxçasında qorunan gözəllik”, “Zərif əllərin möcüzəsi”, “Payız düşüncələri”, şəhidlərimizə həsr olunmuş “Zəfər, şərəf və qəhrəmanlıq tariximiz” adlı səyyar sərgilər və s. keçirdiyimiz tədbirlərin bir qismidir.

Sonucu sual: çətinlikləriniz barədə nə isə demək  istərdinizmi?

Elə bir ciddi çətinliyimiz yoxdur. Rayon rəhbərliyinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Oğuz Rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinin diqqət və qayğısını hər daim hiss edirik. Rayonumuza yeni təyin olunmuş İcra Başçısı cənab C.Əbdül-Qədirovun bu günlərdə muzeyimizi ziyarət etməsini də bu diqqət və qayğının təzahürü hesab edirik. 

Amma bir neçə xahişimiz var. Binanın kiçik cari təmirə ehtiyacı var. Bir də eksponatların sayı xeyli artdığına görə, bina darısqallıq edir. Eksponatları iç-içə yerləşdirmişik. Bu da onların səmərəli nümayiş etdirilməsinə maneçilik törədir. Yeni bina ayrılmasına və ya tikilməsinə ehtiyac hiss edilir. Həm də muzey əsasən yerli əhalinin köməyi ilə zənginləşdirilir. Lakin elə eksponatlar var ki, onları əhalidən almaq üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Nadir və çox qiymətli belə eksponatların alınması üçün müəyyən qədər vəsaitin ayrılması yaxşı olardı. Bu qədər.

Arzu xanım, sizə işlərinizdə uğurlar arzulayırıq. Və müsahibə üçün təşəkkür edirik. Sağ olun!

Siz sağ olun! Mən də sizə, portalın rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.