Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib.
AzərTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı:
-Əziz dostlar, bu gün şəhərimizdə çox əlamətdar bir gündür. Deyə bilərəm ki, ölkə üzrə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da çox gözəl hadisədir.
Bildiyiniz kimi, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki Sərəncam imzalamışam. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.
Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.
Bu gün bu tədbirdə iştirak edən yoldaşlar Aşıq Ələsgərin fəaliyyəti və yaradıcılığı ilə bağlı danışacaqlar. Sadəcə olaraq, onu demək istəyirəm ki, onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır.
Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.
İşğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında mən bu barədə artıq bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.
Biz üç gün bundan əvvəl Anım Gününü qeyd etmişik. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Amma bizim təqvimimizə bu kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.
Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.
X X X
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı ANAR çıxış edərək dedi:
-Hörmətli cənab Prezident, hörmətli tədbir iştirakçıları. Gündən-günə gözəlləşən Bakını həm də dünyada ən çox sənətkarları, heykəlləri olan bir şəhər adlandıra bilərik. Ancaq elə son illərdə dörd böyük bəstəkarımızın - Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, üç böyük müğənnimizin - Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin heykəlləri ucaldılıb. Bu heykəllərin əksəriyyəti o vaxt ucaldılır ki, biz tariximizin ən şərəfli, ən qürurlu günlərini yaşayırıq. Müzəffər Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoydu, Qarabağın tacı Şuşa başda olmaqla, Qarabağ torpaqları azad olundu. 23 saatlıq antiterror əməliyyatında 200 ilin problemi həll olundu. Buna görə, bu xoşbəxtliyi yaşadığımıza görə mən bir daha hörmətli Prezidentimizə dərin təşəkkürlərimi bildirirəm.
Prezidentimiz qeyd etdiyi kimi, Aşıq Ələsgər Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. Oranın dağlarını, meşələrini, çeşmələrini vəsf etmişdir və vaxtilə orada heykəli ucaldılmışdı. Vandallar Qarabağda tarixi və mədəni abidələrimizi uçurtduqları kimi, Aşıq Ələsgərin heykəlini də uçurtmuşlar. Amma hörmətli Prezidentin dediyi o əminliyi mən də paylaşıram ki, gec-tez dinc yolla Aşıq Ələsgərin özü də, sözü də, adı da və həmvətənləri də öz doğma torpaqlarına qayıdacaqlar.
Bu gün biz Aşıq Ələsgərdən danışanda minillik poeziyamızda xüsusi yeri olan bir sənətkardan danışırıq. Çünki bizim poeziyamız çox zəngindir, böyükdür. Amma orta əsr şairlərinin dillərində ərəb, fars kəlmələri o qədər çoxdur ki, indi onları yeni nəsillər lüğətsiz oxuya bilmirlər. Aşıq Ələsgərin, ümumiyyətlə, aşıq poeziyasının dili isə o qədər şəffafdır, bulaq suyu kimi o qədər təmizdir ki, onu biz lüğətsiz oxuyuruq. Mən Aşıq Ələsgərin lap gəncliyimdən yadımda qalan şeirini burada səsləndirmək istəyirəm:
Çərşənbə günündə çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Qaşını oynatdı, gözündən güldü,
Nazi-qəmzələri canıma düşdü.
Mən işarət elədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli dildi.
Qaşını oynatdı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm, hər dərddən halıyam,
Dedim, sən gözəlsən, mən yaralıyam.
Dedi, nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.
Bu şeir nə qədər sadə, nə qədər gözəl, bu gün anlayacağımız dildə yazılmışdır.
Mən sizə bəstəkarlar və musiqiçilərin heykəlləri haqqında dedim, amma onu da demək istəyirəm ki, bu illərdə bizim ədəbiyyatımızla da bağlı heykəllər ucaldılıb. Dədə Qorqudun, Koroğlunun, Türk dünyasının böyük klassikləri Əlişir Nəvainin, Çingiz Aytmatovun və bu gün də Aşıq Ələsgərin heykəli ucaldılıb. Ona görə də mən Yazıçılar Birliyi adından bir daha cənab Prezidentə təşəkkürlərimi və minnətdarlığımı bildirmək istəyirəm.
Sonda bir arzumu da bildirmək istəyirəm, cənab Prezident, gün o gün olsun ki, Mirzə Cəlil Məmmədquluzadənin heykəlinin də açılışına gələk. Sağ olun.
X X X
Sonra Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Çox hörmətli tədbir iştirakçıları.
Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi Azərbaycanımızda gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Siz isə, möhtərəm cənab Prezident, bu müqəddəs ənənəni çox böyük uğurla davam etdirirsiniz. Bu gün Bakıda aşıq sənətinin əlçatmaz zirvəsinə yüksəlmiş ustad Ələsgər abidəsinin ucalması bu müqəddəs ənənənin davamıdır. Bu da bir həqiqətdir ki, Aşıq Ələsgər şəxsiyyəti, Aşıq Ələsgər irsi, Aşıq Ələsgər yaradıcılığı həmişə Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdur. Belə ki, ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi Ulu Öndərin sayəsində mümkün olmuşdur. Aşıq Ələsgər irsinin tədqiqi, təbliği və onun əsas mərhələləri də Ulu Öndərin adı ilə bağlıdır.
Burada qeyd edildiyi kimi, 1971-ci ildə ilk dəfə olaraq Azərbaycanda Aşıq Ələsgərin dövlət səviyyəsində yubileyi keçirildi və ondan bir qədər sonra keçmiş sovetlər birliyinin, mən deyərdim ürəyində, Moskvada, Kremlin sütunlu salonlarında bu yubiley tədbirləri həyata keçirildi. Ulu Öndərin özünün də qatıldığı bu yubiley tədbirlərində keçmiş SSRİ-nin ən yüksəkçinli rəhbərləri və tanınmış mədəniyyət xadimləri iştirak edirdilər. Burada mən yaşda olan insanlar yəqin yaxşı bilirlər ki, o dövrdə belə bir tədbirin Kremldə keçirilməsi o qədər də asan bir məsələ deyildi. Bu və buna bənzər tədbirlər yalnız Ulu Öndərin o dövrdə sovetlər birliyində olan böyük nüfuzunun sayəsində mümkün olmuşdur. Mən çox yaxşı xatırlayıram, Ulu Öndərin Sərəncamından sonra Aşıq Ələsgərin 150 illik yubileyi ərəfəsində Göyçə mahalının Ağkilsə kəndində onun qəbirüstü abidəsinin qoyulması məsələsi gündəmə gəlmişdi. Möhtərəm cənab Prezident, Ermənistan rəhbərliyi buna çox ciddi-cəhdlə mane olmağa çalışırdı. O vaxt Göyçə ziyalıları Ulu Öndər Heydər Əliyevə müraciət etdikdən sonra bu məsələ öz həllini tapdı və abidə çox qısa bir müddət ərzində hazırlandı və qoyuldu. Burada qeyd edildiyi kimi, çox təəssüflər olsun ki, o abidə erməni vandalları tərəfindən dağıdılıb.
Möhtərəm cənab Prezident, tarixi Qələbəmizdən sonra Şuşada dahi Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın ermənilər tərəfindən dağıdılmış abidələrini bərpa etdiyiniz kimi, Sizin dəmir iradəniz sayəsində Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaq və Aşıq Ələsgərin qəbirüstü abidəsi də bərpa olunacaq. Mən bu günün çox da uzaq olmadığına inanıram.
Möhtərəm cənab Prezident, Siz qeyd etdiyiniz kimi, böyük ustadın 200 illik yubileyi ilə bağlı iki Sərəncam imzalamısınız. Birinci Sərəncama əsasən böyük ustadın yubileyi Azərbaycanda dövlət səviyyəsində təntənəli şəkildə qeyd edildi. Ulu ustadın yubileyi təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olundu. Bu gün isə gözəl Bakımızın ən gözəl yerlərindən birində ikinci Sərəncamınız icra olunur. Mən hesab edirəm ki, bu möhtəşəm abidənin Bakıda ucaldılması Sizin Aşıq Ələsgər şəxsiyyətinə, irsinə, yaradıcılığına verdiyiniz çox yüksək qiymətin təcəssümüdür.
Son olaraq, möhtərəm cənab Prezident, icazə verin, böyük Ələsgər irsinə, şəxsiyyətinə, yaradıcılığına olan bu misilsiz diqqət və qayğıya görə Qərbi Azərbaycan İcmasının çoxsaylı üzvləri adından və öz adımdan Sizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirim. Diqqətinizə görə təşəkkür edirəm.
XXX
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək dedi:
-Bu gün söz bayramıdır, Aşıq Ələsgər bayramıdır. Bu bayramı bizə qismət edən Prezidentimizə xüsusi təşəkkür edirik, var olsun!
Ulu Öndərimiz Heydər Əliyev vaxtilə Dədə Qorqudun yubileyində bir məşhur cümlə işlətdi, dedi ki, ozan, aşıq mədəniyyəti bizim milli varlığımızın ən mötəbər qaynağıdır. Doğrudan da bütün sonrakı dönəmdə bizim bu yoldakı irəliləyişimizdə Prezident cənab İlham Əliyev də bu məsələni diqqətdə saxladı. Gördük ki, böyük Dədə Qorqud abidəsi, möhtəşəm Koroğlu heykəli ərsəyə gəldi. Bu gün ucaldılan Aşıq Ələsgər heykəli də bir daha bu doğru yolun nə qədər diqqətdə olduğu, vacib olduğu mənasında bizim diqqətimizdədir.
Mən düşünürəm ki, bizim milli-mənəvi varlığımızın qorunmasında cənab Prezidentimizin həqiqətən böyük işləri var. Bu böyük işləri hər gün, hər saat görürük. Qarabağdan tutmuş bir çox məsələlərdə milli-mənəvi dəyərlər bütün başqa istiqamətlərlə birlikdə ön planda durur. Bu gün Aşıq Ələsgərin heykəli də o gerçəkliyi ortaya qoydu. Bir məsələni də ayrıca qeyd etmək istəyirəm, yəqin ki, çoxları bilir, Bakıda çoxlu heykəllər var. Anar müəllim də dedi, amma ilk aşıq heykəli Aşıq Ələsgərindir. O, məhz cənab Prezident, Sizin sayənizdə ucaldılıbdır. Ona görə Sizə ürəkdən təşəkkür edirik.
Elə sənətkarlar var ki, onlar mənsub olduqları sənət sahəsində öz qüdrətləri ilə həmin sahənin rəmzinə çevrilirlər. Bu mənada Aşıq Ələsgər də ozan-aşıq mədəniyyətinin rəmzi olan, onun sənət pasportu rolunu oynayan bir şəxsiyyət, bir sənətkar səviyyəsindədir və hamımızın da gözündə o ucalıqda dayanır. Aşıq Ələsgərin dili, poeziyası Azərbaycan dilinin, Azərbaycan ruhunun, türk ruhunun, belə deyək ki, çox monumental bir göstəricisidir. O deyib:
Yaxşı hörmət ilə, təmiz ad ilə
Mən dolandım bu Qafqazın elini,
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.
Bu bir əxlaq kodeksidir, sənətkarın əxlaq kodeksi. Özü də sıradan bir kodeks deyil, milli-mənəvi dəyər səviyyəsinə ucalmış bir kodeksdir ki, bizim üçün Ələsgər ucalığının nə olduğunu bu misralardan görürük. Yaxud aşıq sənətinin nizamnaməsi statusunda çıxış edən bir şeirində deyir:
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura
Dalısınca xoş sədalı gərəkdir.
Baxın, bu və bu sıradan olan bütün mətləblər hamısı elin, xalqın ürəyindən gələn, belə deyək ki, o düşüncələrdir. Həm də böyük fəlsəfi dərinliyi özündə cəmləşdirir. Yəni, Aşıq Ələsgər sıradan bir aşıq deyil, o, böyük ustaddır, filosof ustaddır və onun heykəlinin ucaldılmasında da bu keyfiyyətlər rol oynayır. Şeirlərinə baxın, şeirlər Dədə Qorqud ruhundan, Dədə Qorqud dilindən süzülüb gəlir və onların içərisindəki bütün keyfiyyətlər xalqın milli duruşuna, milli-mənəvi varlığının ayaq üstündə durmasına təkan verir. O mənada mən düşünürəm ki, Aşıq Ələsgər irsinə Ulu Öndərimiz Heydər Əliyevin verdiyi böyük dəyərdən bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də ucaltdığı bu heykəl doğrudan da hamımız üçün bir qürur mənbəyidir, elə bir ümid yeridir ki, heykəlin ikinci açılışı Göyçəmizdə olacaq və Göyçədə Aşıq Ələsgər heykəlinin açılışı sizli-bizli bir yerdə olacaq.
Mən saz, söz ictimaiyyəti adından cənab Prezident, Sizə xüsusi təşəkkür edirəm. Sağ olun, var olun!
X X X
Sonra Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış edərək dedi:
-Çox hörmətli Prezident.
Hörmətli tədbir iştirakçıları.
Hər birinizi Aşıq Ələsgərin bütün qohumları adından və “Dədə Ələsgər Ocağı” İctimai Birliyi adından salamlayıram.
Cənab Prezident, qeyd etdiyiniz kimi, həqiqətən şəhərin belə bir gözəl yerində Aşıq Ələsgərin heykəlinin ucaldılması bizi çox sevindirir. Bu, bizim uzun illərdir arzumuz idi ki, bu arzuya bu gün qovuşuruq. Cənab Prezident, bu heykəlin ucaldılması barədə Sərəncamınızdan sonra mən tez-tez heykəlin necə olacağı ilə bağlı heykəltaraşımızla əlaqə saxlayırdım. O deyirdi ki, bir neçə eskiz vermişik, cənab Prezident hansını bəyənərsə o hazırlanacaq. Doğrudan da çox möhtəşəm, əsl Aşıq Ələsgərin adına layiq, bu sənətə uyğun gözəl bir heykəl alınıb. Buna görə bir daha bütün Ələsgərsevərlər adından Sizə xüsusi təşəkkürümü bildirirəm.
Ələsgər ocağının bir nümayəndəsi kimi hər zaman bizim ailədə ya saz çalmalısan, ya şeir deməlisən. Bu, bir adətdir. Mənim də qismətimə hər ikisindən pay düşüb. Ancaq istəyirəm ki, burada Sizin şərəfinizə bir şeir deyim. Bu şeir Vətən müharibəsinin ən qızğın vaxtlarında Sizə xitabən deyilibdir. İstəyirəm bunu Sizə çatdırım:
Xalqın sənə güvənir, ey Baş Komandanımız,
Uzun ömür diləyirik sənə bizim hamımız.
Səninlə nəfəs alır ürəyimiz, canımız,
Səninlə çiçəklənir bu Azərbaycanımız.
Sən bizim ümidimiz, sən bizim inamımız,
Səninlədir gələcək, işıqlı sabahımız.
Səninlə fəxr edirik, həmişə edəcəyik,
Sənin siyasətinlə irəli gedəcəyik.
Xalqına məhəbbətin xalqını qoruyacaq,
Söylədiyin hər nitqin əldə şüar olacaq.
Sən bir tarix yazırsan, dahi Heydər övladı,
Tutduğun doğru yolla yaşadırsan o adı.
Xalqın sənin arxanda, yolundan dönməyəcək,
Yüksələn Bayrağımız bir daha enməyəcək.
Xoş sorağın gələcək hər obadan, hər eldən,
Hamı Sizi deyəcək, hamı Sizi deyəcək,
Tarix yazan Sərkərdə, tarix yazan Sərkərdə.
Cənab Ali Baş Komandan, həqiqətən də həmin dövrdə, müharibənin çox qızğın dövründə hamı kimi bütün millətimiz televizor qarşısında Sizin çıxışınızı gözləyirdi. Deyərdim, 100 minlərlə insan Sizin o çıxışınızdan sonra televizoru qucaqlayıb öpürdü. Onlardan biri də mən olmuşam.
Cənab Prezident, həqiqətən də Aşıq Ələsgər sənətinə verdiyiniz bu dəyər bütövlükdə saz sənətinə, söz sənətinə verilən bir dəyərdir. Milli-mənəvi dəyərlərimizi bu gün belə yaşatmaq bizi çox sevindirir, çox qürurlandırır. Həqiqətdə ürək sözlərim çoxdur, bir qismini dedilər. Əslində, mən o mövzuya toxunacaqdım. Amma istəyirəm ki, bir balaca da o mövzuya toxunum. Ulu Öndərin Aşıq Ələsgərə ilk dəfə verdiyi ən böyük dəyər 1972-ci ildə oldu. Aşıq Ələsgərin 150 illik yubileyi 1971-ci ildə olmalı idi. Məhz nəyə görə bir ildən sonra oldu? Hörmətli Əhliman müəllim də qeyd etdi, o dövrdə erməni xalqı istəmirdi ki, Aşıq Ələsgərin, türk millətindən olan belə bir şairin xatirəsi əbədiləşdirilsin. Ona görə ermənilər bir il bu işi yubatdılar. Nəhayət, Ulu Öndərimiz həmin vaxt Moskvada məsələ qaldırdı, bütün mərkəzi komitəni ayağa qaldırdı, komissiya təşkil etdi və bilavasitə bu məsələni öz nəzərinə götürdü. Beləliklə, nəinki Göyçə mahalında onun kəndində abidəsi qoyuldu, hətta İrəvanda, Moskvada, Kreml sarayında onun yubiley tədbiri keçirildi.
Bəli, bizim çox böyük arzumuz var ki, İnşallah, bayaq dediyiniz kimi, Aşıq Ələsgərin doğulduğu kənddə yenə də onun qəbirüstü abidəsi bərpa olunsun. Hələ vaxtilə Ulu Öndər Göyçə camaatı ilə görüşəndə belə bir söz deyib ki, mən çox inanıram, inanıram ki, gün gələcək, dövr dəyişəcək, siz öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız və orada ata-babalarınızın qəbrini ziyarət edəcəksiniz və Aşıq Ələsgərin sazı o dağlarda təzədən çalınacaq. Həqiqətən də biz buna inanırıq, çox inanırıq. Çünki Siz ata vəsiyyətini doğrudan həyata keçirirsiniz. İnanırıq ki, o gün bizə qismət olacaq.
Vaxtınızı çox almayacağam, cənab Prezident, mən o vaxt televizorda Sizi qucaqlamışdım, istəyirəm icazə versəniz əlinizi sıxım.
X X X
Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını etdi.
Azərbaycan Prezidenti abidənin önünə gül dəstəsi qoydu.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir.
Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)