Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Yaşlı babanın qucağında bir azyaşlı uşaq vardı, uşağı üç rəngli, ay ulduzlu bayrağımızla bürümüşdülər.
Baba üzünü qucağındakı uşağın köksünə sıxıb göz yaşı tökür, babasının ağladığını görən məsum balaca da ona qoşulub məhzun bir şəkildə dodaqlarını büzüb, gözlərini qıyaraq olduqca içdən ağlamsınırdı.
O, kiçik qəlbi və ağlı ilə sanki hər şeyi duyur, hər şeyi anlayırdı.
Yer üzündə kiçik bir qiyamət qopurdu.
Bəli, məzh qiyamət...
Çünki həyata qədəmlərini yenicə qoymuş bir körpənin ən güvəndiyi insanlar onun valideynləri, ən doğmaları olur. Bir uşaq özünü ailəsinin yanında daim güvəndə və əmniyyətdə hiss edir. Çünki atası, əmisi, babası onun gözündə dünyanın ən güclü, ən qüvvətli insaları, hətta qəhrəmanlara tay olur. O, hər zaman fikirləşir ki, əgər onlar onun yanındadırlarsa demək kimsə ona bir zərər yetirə bilməz.
İndi düşünün ki, o, balaca körpə bir gün heç vaxt uçmaz bir dağ sandığı babasını gücsüz və aciz bir şəkildə hönkür-hönkür ağlayıb göz yaşları tökərkən, çiynini oğul tabutunun altına verib, kədərdən büzüşüb sanki balacalaşarkən görür.
Arxa-dayağı, qəhrəmanı saydığı atasını taxta bir qabın içində ağ parçaya bükülmüş, huşsuz, uzanqılı halda çiynlərdə, başqa əmilərin çiynlərində gedərkən görür.
Bir uşaq üçün ən güvəndiklərinin, ən güclü, qəhraman zənn etdiklərinin göz yaşına qərq olduğunu, kədərdən balacalaşdığını, nəyinsə, hanslsa bir qüvvənin qarşıslnda aciz və gücsüz olduğunu görməkdən daha ağır nə ola bilər ki?
O, yaxşı bilir atasının bir də heç vaxt geri dönməyəcəyini, o, yaxşı bilir dağa bənzəyən şux yerişli babasının süzülüb, taqətdən düşüb bir daha əvvəlki olmayacağını..
Bizə isə sadəcə kənardan bu kiçik qiyaməti seyr edib kədərlənərək Allah rəhmət eləsin demək qalır...
Bəli... Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)