Yerli xalqların soyqırımından yaranan ermənipərəst ölkənin tarixçəsi Featured

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” poptalının Naxçıvan bölməsi

 

Ölkəmizin artıq regionda söz sahibi olması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və günü-gündən artan nüfuzu ikili standartlardan çıxış edən dövlətlərin yuxusunu ərşə çəkib. İndi Ermənistan qalıb bir kənarda, “böyük bacı” və digər “eltilər”ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirir. 

 

Fransa və Hindistanın ermənilərə hərbi dəstək çağırışlarından sonra növbə Kanadaya çatıb. Bu ölkə xüsusi sifarişlə haylara hamilik edir. Ölkənin xarici işlər naziri Melani Coli ölkəmiz əleyhinə fikirlər səsləndirməyə məcbur edilir. Saxta erməni sevgisi onun çat verən soyuq simasından hiss olunur. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən Coli həddini aşaraq Ermənistan səfəri zamanı Bakını sanksiyalarla hədələyib. Bu nazir xanım tikanlıqda gizlənib gül bağçasına daş atmaqla məşğuldur. Əgər həqiqəti görmürsə, dönsün, Kanadanın və müdafiəsinə qalxdığı ölkənin keçmişinə baxsın. Azərbaycanı “etnik təmizləmədə” ittiham edən Coli ermənilərin bizi soyqırıma məruz qoyduğunu unudub, yəqin. Sizin ittiham etdiyiniz Azərbaycan Zəfər savaşından sonra ermənilərin Qarabağdan könüllü getmələrinə şərait yaratdı. Əgər faktlardan danışırıqsa, gəlin baxaq: Kanadada aborigen qadın və qızların yoxa çıxması və öldürülməsi nəticəsində1500-ə yaxın ailə üzvü Milli Təhqiqat Komissiyasında ifadə verib. Rəsmi rəqəmlərə görə 1970-ci ildən bəri 4000 qadın itkin düşüb və ya öldürülüb. Bununla bərabər, Kanadada hinduların bir neçə nəslinin hüquqları pozulub. Milli Təhqiqatın baş komissarı Marion Bullerin sözlərinə görə, “Fərqli mənşəyinə baxmayaraq, bütün yoxa çıxmalar və qətllər Kanada cəmiyyətinin iqtisadi, sosial və siyasi marginallaşma, irqçilik təfəkkürü ilə bağlıdır”. Yerli hindu qadınlar zorakılığa məruz qalan qadınların 4%-ni, qətlə yetirilən qadınların isə 16%-ni təşkil edir. Beləliklə, bu sadalanan faktlar Kanadanın müstəqil dövlət olmadığını, kiminsə diktəsi ilə oturub durduğunu sübuta yetirir. Həmçinin Kanada gerbində Fransa bayrağı və gerbinin təsviri…başadüşüləndir!

Rəsmi dilləri ingilis və fransız dilləri olan Kanada əhalisinin 14%-i mütəmadi olaraq marixuana çəkir, 18-30 yaş arası əhalinin 25%-i internetdən bilik və məlumat toplamaq məqsədilə istifadə edir. Mədəni köklərini itirmək üçün ana dilində danışmaq qadağan edilən kanadalıların adları da zaman-zaman dəyişdirilərək Avropalılaşıb. İnanırıq ki, haqq-ədalət bir gün öz yerini tapacaq, bu çirkin siyasəti yürüdən riyakar komandanı növbəti seçkilərdə xalq tarixin bir küncünə tolazlayacaq.  

Kanadada böyük erməni diasporu mövcuddur. 2011-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə, Kanadada 55 min 740 nəfər erməni yaşayırdı. Onlardan 30 min 130 nəfəri erməni dilini öz ana dili hesab etdiyini bildirmişdi. Digər qiymətləndirməyə görə isə Kanadadakı ermənilərin sayı 100 min nəfərə yaxındır. Kanada erməniləri, əsasən, ölkənin mərkəzində yerləşən Ontario və Kvebek əyalətində məskunlaşıb. Burada fransızdilli əhali çoxluq təşkil edir. Buna görə də kanadalı nazirin gələcək seçkilərdə seçicilərin səsini almaq üçün ermənipərəst bəyanatlar səsləndirməsi normaldır. Bu da istənilən halda G-7 qrupunda təmsil olunan Kanadanın imicinə ciddi zərbədir.

Paşinyan hakimiyyətə gəldikdən sonra Kanadanın Ermənistana dəstəyi daha da artdı. Ölkə 2023-cü il oktyabrın 25-də Ermənistanda səfirlik açdı. Ermənipərəst açıqlaması ilə gündəm olan xarici işlər naziri Coli İrəvana səfər etdi. Həmçinin avqustun 18-20-də Coli erməni diasporunun Monrealda keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etdi. “Ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir” , – deyən nazir bildirirdi ki, onun təmsil olunduğu hökumət Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcək. Kanada həm də Avropa İttifaqının Ermənistandakı hərbləşdirilmiş missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsidir. 44 günlük Vətən müharibəsi dövründə də Kanada Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2”pilotsuz uçuş aparatlarından istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Təbii ki, bunun nəticəsi olaraq “Telemus Systems”, həm də “L3 Wescam” kimi şirkətləri milyonlarla dollar ziyana düşdü. 2021-ci il fevralın 1-də Azərbaycan Televiziyasında yayımlanan müsahibə zamanıMüzəffər Ali Baş Komandan Kanada haqqında deyirdi: “…bu ölkənin hökuməti, hansı ki Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi…həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı isə 38 milyondur. Yəni dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər...Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?..”

Kanada 3 dəfə - 1996, 2002 və 2004-cü illərdə saxta erməni soyqırımını tanıyan ölkədir. Kanadanın bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması  dünyaya məlumdur. Kamlups şəhərindəki adsız məzarlıqda 215 hindu uşağın dəfn olunduğu, 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Düşünün ki, öz vətəndaşlarına, uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı etnik təmizləmədə ittiham edir. Nəzərə alaq ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada bu sözü deyəcək sonuncu ölkədir. Bu dövlətin siyasətinin əsas xətti ksenofobiya və islamafobiyadır. 

Hazırda Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uranı ya Çin, yada Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Hazırkı vəziyyətə görə Pekinin bunarazılıq verməsi Kanadanı bu ticarətdə rəsmi Bakıdan asılı edir. Azərbaycan isə istənilən vaxt bu ixracı dayandıra bilər. Bu isə o deməkdir ki, Başa dil gətirəni, el gətirə bilməz!

 

Şəkildə: Hindular Kolumbu qarşılayır. Qədim qravüra. 

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.