Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Bəli, bu gün tarixin ən fəxarətli günüdür. Dədə-baba yurdumuzun, əbədi-əzəli torpaqlarımızın qəhrəman əsgərlərimizin canı, şəhidlərimizin qanı bahasına işğaldan azad edilməsinin başlandığı gündür.
Bu gün o gündür ki, hamımız bir olmuşuq, birləşib dəmir yumruğa dönmüşük. Bu gün yaşımızı, vəzifəmizi, statusumuzu - hər şeyi bir kənara qoyub, xalq olmuşuq, hərəmiz bir şəhərdən, bir kənddən olsaq da, hamımız Qarabağın parçasına dönmüşük. Şairin də dediyi kimi, bir ovuc artan vətən torpağı üçün canımızı, qanımızı fəda etməyə hazır olmuşuq, çünki vətən daşı olmayandan olmur ölkə vətəndaşı...
Və bu gün həmin gündür, Şanlı Zəfər tarixinə gedən yolun başlandığı gün. Əlbəttə, tarixən belə olub, müharibə itkisiz, qansız-qadasız ötüşməyib, göz yaşı, ağrı-acı, ayrılıqlar gətirib.
Artıq illərdir bizə əzab verən bu hisslər şərəfli duyğularla əvəz olunub. "Torpaq uğrunda ölən varsa vətəndir".
Vətənin qeyrətli, mübariz oğulları 30 ilin ləkəsini 44 gün ərzində xalqımızın alnından təmizlədi, torpaqlarımızın işğalına son qoydu. Haqq da, ədalət də, güc də, bizim tərəfdə idi. Biz bu müqəddəs günə öz əməyimiz, öz iradəmiz, öz gücümüz, sədaqətimizlə, inamımızla yaxınlaşdıq, bu qələbəni milli ruhla bərabər qəhrəmanlıq və peşəkarlıq hesabına əldə etdik.
Şanlı Zəfər tarixinin yazılmasında əvvəlki savaşlarda olduğu kimi Beyləqan şəhidlərinin də payı danılmazdır. Beyləqan rayonu Birinci Qarabağ müharibəsində 214, Aprel döyüşlərində 4, İkinci Qarabağ müharibəsində 141 və 19-20 sentyabr antiterror əməliyyatları zamanı 6 şəhid verib. Bəli, qəhrəman oğullarımız mənfur düşmənin belini qırdılar, onları döyüş meydanında məhv edərək tarixi missiyasını yerinə yetirdilər.
Azadlıq, Vətən, Torpaq uğrunda canından keçən şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Adını tarixə yazdığınız bu xalq Sizinlə qürur duyur, Vətən oğulları!
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)