Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təqdimatda iştirak edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edib. O, qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək böyük şərəfdir: "Bu təqdimat tədbiri təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm də ölkələrimiz arasında möhkəm tarixi əlaqələrin olduğunu təsdiqləyir. Azərbaycan və Qazaxıstan qardaş ölkələr olmaqla uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi xüsusilə dəyərli edir. Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq münasibətləri bizim ümumi inkişaf və tərəqqi istəyimizə əsaslanır.
Bu əlaqələr çoxillik dostluğun nəticəsi kimi xalqlarımız arasında gələcək əməkdaşlığın da açarıdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin dost ölkəyə səfərləri, keçirdiyi görüşlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb. Biz Qazaxıstanda Ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramdan məmnunluq duyuruq.
Ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev adına küçənin açılışının keçirilməsi bunun bariz nümunəsidir”. Ümummilli liderin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb. Bu gün türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir: “İnanırıq ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi gələcəkdə də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi üçün öz töhfəsini verəcək".
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Elmira Axundovanın çoxsaylı kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycanın Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildlik əsəri də xüsusi yer tutur.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)