Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçiriləcək.
Əvvəlki illərin təcrüsindən çıxış edərək deyə bilərəm ki, sərgi ölkədə maraqla qarşılanır, böyük auditoriya toplaya bilir. Təşkilatçı tərəf Hava limanının yaxınlığında olan Bakı Ekspo Mərkəzinə qatılmaq istəyən vətəndaşların daşınmasını təmin etməklə qapıları taybatay açmış olur.
Bu il də belə olacaq. Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.
Sərgiyə giriş də əlbəttə ki ödənişsizdir.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.
Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.
Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur. Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək.
Sərginin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib.
Salam Sarvan müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” adlı şeir kitablarının müəllifidir. Şairin əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.
Rövşən Abdullaoğlu çağdaş nəsrimizdə ən çox oxunan yazıçılardan biri və 32 kitab müəllifidir. “Relslər üzərində uzanmış adam” romanı 2020-ci ildə “Readers Favorite” beynəlxalq kitab müsabiqəsinin qalibi olub.
Sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil olunacaq.
Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.
Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.
Con Boynun oktyabrın 3-də “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.
Bir sözlə, əsil kitab bayramı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)