Bişkekdəki Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində (KNU) Türk İrsi Mərkəzi yaradılıb
“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fonduna (IFCTH) istinadən xəbər verir ki, qurum dünyanın müxtəlif ölkələrində şöbələri olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun (IFCTH) himayəsi altında fəaliyyət göstərəcək. Mərkəzə Kayrat Osmonəliyev rəhbərlik edəcək.
Mərkəz türk xalqlarının arxeologiyası, tarixi, etnoqrafiyası, folkloru, dilləri və ədəbiyyatı sahəsində fundamental tədqiqatlar aparacaq.
Bu fəaliyyət təkcə nəzəri tədqiqatlardan ibarət olmayacaq, həmçinin tarix-mədəniyyət obyektlərinin və qeyri-maddi irs abidələrinin öyrənilməsi və qorunmasına yönəlmiş proqramların dəstəklənməsi nəzərdə tutulur.
Xatırıadaq ki, 2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı səfirliyi mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması məsələsi üzərində iş aparılıb. Nəticədə əməkdaşlığa dair Memorandum imzalanıb və sentyabrın əvvəlində universitetin Elmi Şurasının qərarı ilə Türk İrsi Mərkəzi yaradılıb. Yaxın vaxtlarda IFCT-dən qrant alınması gözlənilir.
Mərkəzin fəaliyyətinin türk xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə, adət-ənənələrin öyrənilməsinə və dostluq tellərinin möhkəmləndirilməsinə yönəldiyini diqqətinizə çatdırmaq istəyirik.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)