Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görülən tədbirlər barədə bilgi almaq üçün kitabxanaya üz tutduq.
Kitabxananın direktoru Aslan Cəfərov aşağıdakı məlumatları verdi:
-Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Xocalı şəhər gününə həsr edilmiş məlumat bülleteni hazırlayıb. Bildiyiniz kimi, Xocalı – Azərbaycan xalqının ən böyük yarasıdır, bu mövzunu gündəmdə saxlamaq, gələcək nəsilləri məlumatlandırmaq ümdə vəzifəmizdir.
Kitabxanamızın əməkdaşları tərəfindən hazırlanan materiallarda cənab Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, Xocalı şəhərinin yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik siyasəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan qələbə və Xocalı şəhərinin işğaldan azad olunması haqqında geniş məlumat verilir. Vəsaitdə Xocalı şəhərinin coğrafi mövqeyi, tarixi və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri haqqında da geniş məlumat təqdim edilir.
Materiallarda 2024-cü il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlqoyma mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı söylədiyi nitqin mətni, Xocalı şəhərində aparılan yenidənqurma işləri, yüzlərlə Xocalı sakininin öz doğma torpaqlarına qayıtmaları haqqında məlumatlar yer alır.
“Yoxdan var olan Xocalı” adlı vəsaitdə Azərbaycan, türk, ingilis, italyan dillərində olan “Ölümü fəth edənlər”, “Zəfər salnaməsinin 44 günü”, “Geriyə baxma”, “Xocalı şikəstəsi”, “Müqəddəs yurd Xocalı”, “Xocalı şahidləri danışır”, “Xocalı ensiklopediyası”, “Hocalı soykırımı tanıklar anlatıyor”, kimi 20-dən çox kitabın qısa annotasiyası, “Xocalı: faciədən Zəfərə!”, “Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı”, “Xalqımız Xocalı qatillərinin cəzalandırılmasını istəyir” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri sərgilənir.
Aslan Cəfərovun söylədiklərinə onu da əlavə edək ki, eyni zamanda 20 sentyabr – Xocalı şəhəri günü ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazasının yaradılması nəzərdə tutulur. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Xocalı şəhəri haqqında dərc edilən materiallar toplanacaq. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malik olacaqlar
20 sentyabr – Xocalı şəhəri günü ilə əlaqədar hazırlanan material kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-bulleteni yerləşdirilib.
Biz buradan xüsusən müəllimlərimizə səslənirik. Qoy onlar məktəblilərə Xocalı barədə məlumatları əxz etməyə yardımçı olsunlar!
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)