Məgər reklam uğruna şəhid oldular? - 20 SENTYABRIN İLDÖNÜMÜ Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan illərdir savaşdadır, minlərlə şəhid vermişik. 1-ci Qarabağ müharibəsindən sonra hər birimizin qəlbində yara olsa da həyat davam edirdi. Təbiiki unutmurduq, amma heç kim də başqalarını qınaq obyektinə çevirmirdi. Amma 2-ci Qarabağ müharibəsindən bu yana sanki şəhidlikdən reklam edən, prim qazanıb özünü vətənpərvər göstərməyə çalışanların sayı 100qat artıb. 

 

4il keçib amma hələ də eyni məsələ. Məni düz başa düşün, mən şəhidlər unudulsun demirəm, amma hər aidiyyatlı-aidiyyatsız məsələdə onların adının çəkilməsi nə dərəcə düzgündür? Onların ruhu bunu istərmiydi?

Hansı ki, minlərlə şəhid verdiyimiz o il yeni ildə atəşfəşanlıq edən o xalq deyilik biz? Həmin gecə yadıma düşdükdə hələ də gözlərim dolur. İndi niyə ən adi şeylərdə belə şəhidlikdən dəm vurub insanların həvəsini, sevincini bölməyi özünüzə peşə bilirik? Kim nə hiss edir, nə düşünür? 

 

Bilmirəm, bəlkə sentyabr ayı gəlib deyə duyar kasanlar bu qədər artıb. Amma son 2-3gündür instagramda hansı paylaşımın altına baxsam şəhidlərlə bağlı nə isə var və insanlar bunu o qədər nifrət qusaraq edir ki. Bir rəssam Messinin şəklini çəkib paylaşıb, altında "bunu çəkəcəyinə şəhidlərimizi çək" şərhi. Bir sürücü sadəcə mahnı qoyub maşınıyla getdiyi yolu paylaşıb, altında "şəhidlərimiz var, mahnıya qulaq asmaq olmaz" cavabı. Aygün Kazımova bir şəhid oğlunu qucaqlayır, güldürür. Altına bilirsiz nə yazıblar? Sənin güldürməyin lazım deyil, yaxşılıq etmək istəyirsənsə maddi yardım et ailəyə. Nə bilirsiniz ki etməyib? Niyə bu qədər kin dolu, nifrət dolusunuz? Mən anlamıram, ailəmizdə itki olanda ölənədək yas saxlayırıq? Heç əylənmirik? Ya da gülüb danışmamız onları unutduq mənasına gəlir? Tanıdığım, yaxından maraqlandığım bir şəhid ailəsi var. Şəhid anası deyir ki, mən nəvəmi xoşbəxt böyütmək istəyirəm, hər gün onun yanında ağlayıb atasızlığını xatırlatmaq istəmirəm. Bəs biz niyə hər dəxlisiz mövzuda onların yarasını qanatmağa bu qədər ehtiyac duyuruq? Gedən unudulmur, amma ölənlə də ölünmür axı. Sosial şəbəkələrdə belə boş-boş danışanların neçəsi 1 qərənfil alıb o şəhidləri ziyarət edib sizcə? Yenə deyirəm, şəhidlər unudulmamalıdır. Unutmayın, unutdurmayın. Amma hansısa bir qadın övladı olacağı xəbərini alıb sevinirsə, bunu paylaşırsa, o qurdlu qəlblərinizlə həvəsini qırıb "bizim şəhidimiz var, şəhid anaları övlad həsrətindədir" yazıb kininizi də qusmayın. Yox, əgər bu qədər düşünürsünüzsə də, nə evlənməyin, nə dünyaya uşaq gətirməyin, nə mahnıya qulaq asmayın, hətta küçədə gəzməyin də. Axı ayağını itirmiş qazimiz var, onlar sizi gəzərkən görüb üzülə bilər. Ya da övladı olmayan analar sizə həsəd apara bilər. Yemək də yeməyin, ac insanlar var. Sadəcə ölün. Çünki sadəcə ölümə həsəd aparmır insanlar. 

Qəlbləriniz qədər sevgiylə qalın.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.