Yanvarın 19-dan 23-dək Madriddə keçirilmiş 42-ci illik Beynəlxalq FITUR-2022 turizm sərgisi işini başa çatdırıb. Turizm sənayesində ən iri tədbir olan FITUR sərgisi bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün nadir bir məkan, habelə kommersiya müqavilə və sazişləri bağlamağa şərait yaradan əla biznes vasitəsidir.
AzərTAC xəbər verir ki, FITUR-2022 turizm sərgisinin işində dünyanın 107 ölkəsindən 7000 şirkət iştirak edib.
Qeyd etmək lazımdır ki, Berlində (ITB) və Londonda (WTM) təşkil edilən analoji sərgilərdən fərqli olaraq Madrid sərgisi (FITUR) 2020-ci il və 2021-ci illərdə COVID-19 pandemiyası səbəbindən ləğv edilməyib və oflayn rejimdə keçirilib.
FITUR-2022 turizm sərgisi pandemiyadan əvvəlki miqyası, əsas arzusu, əvvəllər olduğu kimi təhlükəsiz və məhdudiyyətsiz səyahət etməkdən ibarət olan ziyarətçilərin və burada nümayiş etdirilən eksponatların sayı hər kəsi təəccübləndirib. 42-ci Madrid turizm sərgisi 110.193 ziyarətçini qəbul edib. Bütün proqnozları üstələyən bu göstərici COVID-19 pandemiyası ilə əlamətdar olan iki ildən sonra beynəlxalq turizmin bərpa olunacağına nikbinlik yaradıb. Rəqəmsal dünya ilə əyani ünsiyyəti əlaqələndirən hibrid model sayəsində FiturLIVEconnect platforması 33 mindən çox istifadəçiyə xidmət etmək imkanı yaradıb. Bütün platformalarda #FITUR-2022 həştəqinin əhatə dairəsi 600 milyondan çox potensial baxış imkanı yaradıb. Beləliklə, builki sərgi sosial medialarda ən yaxşı tədbir kimi qiymətləndirilir. Beynəlxalq sərginin gəliri 150 milyon avrodan çox olub.
Azərbaycan turizm sərgisində Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə təmsil olunub.
Beynəlxalq sərginin işində Azerbaijan Tourism Board, Avantage Group və başqaları iştirak ediblər. Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təmin edilib. Sərgi çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib.
2022-ci ilin Azərbaycanda Şuşa İli elan edilməsi ilə əlaqədar sərgidə Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqi və ədəbiyyatımızın beşiyi, bənzərsiz gözəlliyə malik olan incisi Şuşaya həsr edilmiş guşə tərtib edilib.
Ölkəmizin turizm brendi bu dəfə də “Azərbaycan – yeni baxışla nəzər sal” şüarı ilə təqdim edilib. Bu, Latın Amerikasından olan turistlərin Azərbaycan – zəngin tarixi, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini həqiqətən yeniləşdirmək imkanı verib.
Gözlənildiyi kimi, sərgidə Azərbaycana çox böyük maraq müşahidə olunub. Ölkəmizi təmsil edən şirkətlər Azərbaycanın turizm potensialını fəal təbliğ ediblər.