Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub Featured

Sentyabrın 14-də X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumu çərçivəsində MDB iştirakçısı olan Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda Rusiya, Özbəkistan, Belarus və digər ölkələrin mədəniyyət nazirləri, müvafiq qurumların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirib ki, hazırda MDB üzvü ölkələrdə mədəni inteqrasiya yeni mərhələyə qədəm qoyub.

 

O, Laçın şəhərinin 2025-ci il üçün "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi qərarını yüksək qiymətləndirərək deyib: “2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları unikal imkanlar açacaq əhəmiyyətli hadisədir. İdman yarışları ilə yanaşı, biz idman və incəsənətin bir-birinə necə ahəngdar şəkildə qarışdığını, millətlərarası dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş etdirəcək geniş mədəni proqram hazırlayırıq”.

 

Nazirin müşaviri MDB-yə üzv ölkələrdə keçirilən qarşılıqlı mədəniyyət günlərinin də mədəni inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb. O, eyni zamanda, Bakıda keçirilən, qonşu ölkələrdən də bu sektorun nümayəndələrini bir araya gətirən yaradıcı sənayelər festivalı – “Yaradıcılıq Həftəsi” haqqında məlumat verib. Qeyd olunub ki, bu tədbir mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fikir və təcrübə mübadiləsi platformasına çevrilib.

 

Qeyd olunub ki, mədəni əməkdaşlığın üfüqlərini genişləndirməyə xidmət edən beynəlxalq incəsənət layihələrinin davamlı keçirilməsi vacib əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

{gallery}17163{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.