Bu gün ilk dərs günüdür - BDU 105-Cİ DƏFƏ QAPISINI TƏLƏBƏLƏRİN ÜZÜNƏ AÇDI Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün -16 Sentyabr Bakı Dövlət Universiteti  105-ci ilində qapılarını tələbələrə açıq elan etdi. Mən də ilk dəfə bu təhsil ocağına ayağı dəyən tələbə kimi qürurluyam. 

 

1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən yaradılan BDU 105 ildir ki, öz qocamanlığını, səviyyəsini və buna rəğmən yeniliyini də qorumuşdur. Yeniliyini qorumağı xüsusi qeyd edəcəyəm. Çünki təhsil ocağının bəzi korpusları təzə təmir olunub və insana xoş aura verir. Həmçinin, məhz ilk qədəmlərimi atdığım 2-saylı korpus həm kənardan görünüşü ilə, həm də daxili görünüşü ilə insanda xoş hislər yaradır.

 

Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Avropa Universitetləri Assosiasiyasının üzvüdür.

1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur.

İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. 

Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V. İ. Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ. İ. Şirokoqorovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A. M. Levinin tibb fakültəsinin, tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N. A. Dubrovskinin tarix-filologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir. İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.

Əlbəttə, bu yerdə oxucuda haqlı sual doğacaq: bəs niyə ruslar? Nəzərə alın ki, yüz illərdir Çar Rusiyasının işğalı altında olan Azərbaycanda hər sahədə yalnız ruslar ixtisaslaşmışdı, elm və təhsil də onların əlində idi. Yenicə qurulmuş müstəqil dövlətimizdə milli kadrlara kəskin ehtiyac var idi. 

 

Adının tarixi:

1924-cü ildə - növbəti işğaldan sonra universitetə Vladimir İliç Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Sergey Mironoviç Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 2001-ci ildən isə adı Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.

 

1919 − 1920 — Bakı Universiteti

1920 − 1991 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti

1991–2000 — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti

2000 — indiyədək — Bakı Dövlət Universiteti

 

Azərbaycanın ilk Universetində təhsil almaq böyük qürur və fəxr hissidir. Bütün gənclərə bu tələbəlik illərində uğurlar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.